BBC-nin Baş direktoru Tim Davie Trump-ın çıxışı ilə bağlı qalmaqala görə istefa verib

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Britaniya Yayım Korporasiyasının Baş direktoru Tim Davie və BBC News-un xəbərlər üzrə rəhbəri Deborah Turness BBC Panoramada yayımlanan sənədli filmdə Donald Trampın çıxışının redaktə edildiyi iddiaları fonunda istefa veriblər.
"BBC mükəmməl deyil. Biz həmişə açıq, şəffaf və hesabatlı olmalıyıq. Bu, yeganə səbəb olmasa da, hazırda BBC News-la bağlı gedən mübahisələr qərarıma təsir edib. Ümumilikdə götürsək, BBC-nin fəaliyyəti yaxşıdır, lakin bəzi səhvlərə yol verilib və Baş direktor olaraq mən son məsuliyyəti götürməliyəm", - deyə Davie məktubunda bildirib.
Davie-nin sözlərinə görə, o, yaxın aylarda öz vəzifəsini yeni rəhbərliyə lazımi formada təhvil vermək üçün Direktorlar Şurası ilə işdən çıxmaq vaxtını razılaşdırır.
"Panoramanın Trump haqqında çəkdiyi verilişi ilə bağlı mübahisələr elə bir həddə çatıb ki, BBC-yə - çox sevdiyim quruma zərər vurur", - Deborah Turness açıqlayıb.
"Xətalara yol verilmiş olsa da, qətiyyətlə bəyan edirəm ki, BBC-nin qərəzli olduğu iddiaları yalandır", - o vurğulayıb.
"Mən məsuliyyəti öz üzərimə götürməliyəm", - yazan Deborah bildirib ki, şənbə günü işdən çıxmaq barədə ərizəsini Tim Davie-yə təqdim edib.
Tim Davie 2020-ci ildə BBC-nin Baş direktoru olub. Buna qədər o, 7 il ərzində BBC Studios-un kommersiya şöbəsinə rəhbərlik edib. Ümumilikdə, o, BBC-də 20 il işləyib.
Deborah Turness BBC News-a 2022-ci ildən rəhbərlik edir.
Öz rəhbərliyi çərçivəsində, o, bütün dünya üzrə 500 milyonluq auditoriyaya çıxış olan, 40-dan artıq dildə yayımlanan və beş mindən çox üzvü olan komandaya rəhbərlik edib.
"BBC üçün kədərli gündür. Tim son beş ildə nüfuzlu Baş direktor oldu. O, BBC-ni qətiyyətli, məqsədyönlü və uzaqgörənliklə idarə etdi", - BBC sədri Samir Shah açıqlayıb.
"O, hər zaman mənim və direktorlar şurasının tam dəstəyini qazanıb. Bununla belə, mən onun üzərində davamlı olan və onu bugünki qərarı qəbul etməyə gətirib çıxaran həm şəxsi, həm də peşəkar təzyiqi anlayıram. Direktorlar Şurası yekdilliklə bu qərara hörmət edir və onun səbəblərini başa düşür", - Samir Shah əlavə edib.




