You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əliyev müharibəyə hazır olmalıyıq deyir, Paşinyan isə hərbi xərcləri artırmır
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan "hər an müharibəyə hazır olmalıdır".
"Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq", - Əliyev avqustun 21-də Kəlbəcərdə səfərdə olarkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh istəyir, lakin istənilən təxribata da hazır olmalıdır.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
O, mümkün təhlükələrə qarşı hərbi gücü artırdıqlarını qeyd edib.
"Xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq", - Prezident Əliyev qeyd edib.
Ermənistan isə növbəti il üçün hərbi büdcəsini artırmamağı düşünür.
Bu barədə Baş nazir Nikol Paşinyan avqustun 21-də jurnalistlərə açıqlamasında deyib.
"Mümkündür ki, 2026-cı ilin dövlət büdcəsində hərbi xərclərdə əhəmiyyətli artım və ya ümumiyyətlə artım olmasın. Hökumət mövcud vəziyyəti qiymətləndirərək bu nəticəyə gəlib və bu məntiqlidir. Bununla belə, vəziyyəti operativ şəkildə analiz etməyə davam edəcəyik", - Paşinyan əlavə edib.
Azərbaycan və Ermənistan avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin bütün müddəaları üzərində razılığa gəldiklərini bəyan ediblər.