1 dollara iki yemək: Niyə Çin gəncləri pul xərcləmirlər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Çin bir sıra iqtisadi çətinliklərlə üzləşir və hökumət sonrakı nəsil istehlakçıların daha çox pul xərcləməsini istəyir: hamının xeyrinə. Lakin onları buna inandırmaqda heç də uğurlu deyil.
Rəsmi şəxslər deyirlər ki, cəmiyyətin böyük hissəsində daxili istehlakın yetərsiz olması iqtisadi artımı ləngidir, lakin yeni məzun olmuş gənclərin ehtiyatlı davranması üçün daha çox səbəbi var.
Gənclər arasında işsizlik uzun müddətdir ki, 20 faiz civarında qalır, işi olanlar isə onu itirməkdən qorxur. Davam edən daşınmaz əmlak böhranı isə, xüsusilə böyük şəhərlərdə, ev sahibi olmaq perspektivini demək olar ki, əlçatmaz edir.
Bu qeyri-müəyyənlik Çinin gənclərini qənaətçiliyi qəbul etməyə sövq edir və sosial şəbəkələr az pulla necə yaşamaq barədə məsləhətlərlə dolub-daşır.
"İşim minimalist həyat tərzinə həsr olunub", - tam ştatlı influenser BBC-yə deyir.
İnternetdə adı "Zhang Kiçik Dənəciyi" olan 24 yaşlı gəncin videolarında dəriyə bahalı qulluq vasitələri əvəzinə şəxsi gigiyena üçün adi sabun tövsiyəsindən bəhs edən və bu kimi məzmunda məsləhətlər eşitmək olar.
O, həmçinin alış-veriş məkanlarında gəzərək uzunömürlü olduğu üçün sərfəli hesab etdiyi müxtəlif çantaları və geyimləri izləyicilərə göstərir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Şirkətlər Xiaohongshu platformasındakı 97 000 izləyicisinə öz məhsullarını tanıtması üçün ona pul ödəyirlər.
"Ola bilsin ki, daha çox insan istehlak tələlərini anlasın və bununla da qənaət edə bilsin. Bu, onların stresini azaldacaq və rahatlıq gətirəcək", - deyə o bildirir.
Digərləri isə büdcəli qidalanmaya diqqət yetirirlər.
"Pekin Üzərində Üzən Kiçik Ot" (Little Grass Floating In Beijing) adlı 29 yaşlı istifadəçi özünün sadə yeməklər hazırladığı videolar paylaşır. O deyir ki, cəmi 1 dollardan bir qədər artıq vəsaitlə iki dəfə qidalanmaq mümkündür.
"Mən kənddən olan sadə bir insanam. Nə yaxşı təhsilim var, nə də nüfuzlu əlaqələrim. Daha yaxşı həyat üçün çox çalışmalıyam", - o, izləyicilərinə deyir.
O, onlayn satış şirkətində işləyir və iddia edir ki, son altı ildə son dərəcə sadə həyat tərzi ona 180 000 dollardan çox pul yığmağa imkan verib.
Bəziləri ondan gələcəkdə həyat yoldaşı və uşaqlarının da eyni həyat tərzini yaşamasını gözləyib-gözləmədiyi və ümumi hədəfin nə olduğu barədə onlayn şəkildə soruşublar. Onun cavabı belə olub:
"Bilmirəm".

Çin uzun illərdir ki, pandemiyanın çətinliklərinə və ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsinə baxmayaraq, dayanmadan inkişaf edən iqtisadiyyat imicinə sahibdir.
Lakin analitiklər xəbərdarlıq edirlər ki, ölkə daxili istehlakı artırmasa, uzunmüddətli dövrdə ciddi çətinliklərlə üzləşəcək.
ABŞ-da problem insanların kredit kartı borcunu artırmasıdırsa, Çində vəziyyət əksinədir: burada əsas çətinlik insanların artıq xərcləməkdən çox, qənaət etməyə meyilli olmasıdır. Gələcəkdə çətinliklərin ola biləcəyi düşünüləndə isə bu meyil daha da güclənir.
Çin hökuməti uzun illərdir ki, ev təsərrüfatlarının istehlakını artırmağı vəd edir, lakin bu göstərici hələ də ümumi daxili məhsulun (ÜDM) yalnız təxminən 39 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 60 faiz ətrafındadır.
Problemin bir hissəsi də ondadır ki, bu günün gəncləri 1990-cı və 2000-ci illərin əvvəllərindəki nəsillərə nisbətən daha pessimistdirlər.
"Hazırda mənim üçün pul qazanmaq daha vacibdir. Gəlirlərimi artırmalı və xərclərimi azaltmalıyam", - Pekinin mərkəzində yaşayan gənc bir qadın BBC-yə danışır.
O əlavə edir ki, bir çox gənclər kimi onun da maaşı azaldılıb.
"Mən işimi dəyişdim və yeni iş əvvəlkindən daha az maaş verir. Üstəlik, bu işin gələcəkdə nə qədər davam edə biləcəyini bilmirəm. Bu cür pis iqtisadi mühit insanın əhvalını korlayır, çünki çox qazanmırıq. Ümumiyyətlə iş tapmaq da asan deyil".
Gənclər arasında bu səviyyədə işsizlik güvənsizlik yaratmaqla yanaşı çətinlik çəkən işəgötürənlərə maaşları azaltmağı da asanlaşdırır. Çünki işçilər ya aşağı maaşı qəbul etməli, ya da son dərəcə rəqabətli əmək bazarına atılmalı olurlar.
Pekində yaşayan 20 yaşlarında olan başqa bir gənc isə deyir ki, bazarda aşağı səviyyəli işlər var, amma insanın ixtisasına uyğun yaxşı iş tapmaq çətindir.
"Bəzi dostlarım işsizdir, hələ də valideynləri ilə yaşayır və iş axtarırlar," – deyə o bildirir.
"Onların universitetdə ixtisasları çox müxtəlif idi – maliyyə xidmətlərindən tutmuş məhsul satışına qədər. Hazırda iqtisadiyyat bir az zəifdir. Ümid edirəm ki, yaxşılığa doğru gedər ki, hamımız daha yaxşı həyat sürə bilək".
Bəs onun fikrincə, bunun yaxın zamanda baş vermə ehtimalı necədir? "Çox optimist deyiləm", – deyə etiraf edir.
Çinin yeni məzunlarını narahat edən böyük məsələlərdən biri odur ki, ölkə ucuz məhsulların kütləvi istehsalından yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçid mərhələsindədir. Və bu yeni sənayelərin bir çoxuna o qədər də çox işçi lazım deyil.
Oksford Universitetinin Çin Mərkəzinin əməkdaşı, iqtisadçı Corc Maqnus bu prosesi izləyənlərdəndir.
O, Pekində fəaliyyət göstərən iki böyük işəgötürmə şirkətinin məlumatlarına istinad edərək bildirir ki, magistr dərəcəsinə malik olanların da kuryer və çatdırılma xidməti kimi işlərə düzəlməsi halları çoxalıb.
"Bu, insanların ali təhsili bitirdikdə əldə etdikləri kvalifikasiyalarla əmək bazarındakı tələbat arasında mövcud uyğunsuzluğu əks etdirir", – deyə o bildirir.
"Əlbəttə ki, robototexnika və süni intellekt sahəsində dünya lideri olmaq məqsədi ilə həyata keçirilən siyasət də bu vəziyyəti çətinləşdirir. Çünki, ən azı hazırkı mərhələdə, bu sahələr əmək bazarındakı imkanları bir qədər azaldır. Texnologiya sektoru əslində çox əmək tələb edən sahə deyil".

İsveç Beynəlxalq Əlaqələr İnstitutundan Helena Lofqren bir müddətdir Çinin istehlak nümunələrini araşdırır və hesab edir ki, ölkə iqtisadiyyatı həddindən artıq dərəcədə hökumətin üstünlük verdiyi sahələrə böyük vəsait yönəltməyə və məhsulları xaricə satmağa arxalanır – özü də ciddi geosiyasi qeyri-müəyyənlik dövründə.
"O insanlar istehlak etdiklərindən daha çoxunu yığırlar, halbuki iqtisadiyyatın sağlam qalması üçün Çində istehlakın ümumi iqtisadi fəaliyyətin daha böyük hissəsini təşkil etməsi lazımdır", – deyə o bildirir.
"Sizin çox ixrac yönümlü və investisiya ilə idarə olunan bir iqtisadiyyatınız var və indi gördüyümüz odur ki, bu komponentlər iqtisadiyyatın sağlam qalması üçün həddindən artıq böyükdür".
Söhbət iqtisadi tarazsızlıqdan gedir. Məsələn, Çin birdən-birə əhəmiyyətli dərəcədə ixrac gəlirini itirsə, bunu kompensasiya etmək üçün ölkə öz nəhəng daxili əhalisini maliyyə baxımından gücləndirəcək alətlərə malik olardımı?
Bəzi müşahidəçilər Kommunist Partiyasının daxili istehlakı artırmaq məsələsinə nə dərəcədə ciddi yanaşdığını sual edirlər.
Son onilliklərdə ölkə investisiya və ixraca əsaslanan model sayəsində inkişaf edib, lakin bu yanaşma indi böyük bir problemlə üz-üzədir: deflyasiya. Potensial alıcılar çox vaxt məhsulların qiymətinin düşməsini gözləyirlər.
Məsələn, gənc bir cütlük yeni bir qonaq otağı dəsti almaq istəsə, daha sərfəli qiymət üçün gözləmək məntiqli görünə bilər.
Onlar və onlara bənzər daha çox insan böyük alışları təxirə saldıqca, şirkətlərin qiymətləri aşağı salması daha real olur və bu da öz növbəsində insanların daha da ucuz qiymətlər üçün bir qədər də gözləməsinə səbəb olur.
Ucuz məhsulların olması yaxşı fikir kimi görünsə də, deflyasiya şirkətlərin bağlanmasına, ümumi artımın zəifləməsinə səbəb ola bilər.
Bunu aradan qaldırmağın bir yolu 20–30 yaş arası istehlakçılar arasında optimizmi artırmaq ola bilər. Daha yaxşı sosial təminat sistemi qurmaq və ya minimum əməkhaqlarını artırmaq bu prosesə kömək edə bilər.
Köhnə avtomobillərin, məişət texnikasının və digər əşyaların yenilənməsi üçün stimullar təklif olunub, lakin bu, istehlakı nəzərəçarpacaq dərəcədə artırmayıb.
İnfluenser Tanq bildirir ki, qənaətcil xərcləmə ölkə mədəniyyətinə dərin şəkildə hopub.
"Babamın nəslinin insanları çox qənaətcil, çox tutumlu idi. Bu, Çin ənənəsinin bir hissəsidir. Çinlilər üçün qənaətcil olmaq sanki qanlarındadır," – deyə o söyləyir.




