İranda hərbi bazalara silahlı hücum: ölənlər var

Şəklin mənbəyi, Sosial media
Çərşənbə günü gecə saatlarında İranın Rask, Çabahar və Sərbaz şəhərlərindəki hərbi bazalarına “geniş və koordinasiyalı hücum edilib”, yerli media bildirib.
İRNA xəbər verir ki, hücumu Ceyş əl-Ədl qruplaşması edib. Məlumata görə, hücum nəticəsində 5 təhlükəsizlik əməkdaşı və 9 hücumçu öldürülüb, 10 nəfər yaralanıb.
Ötən gün yerli vaxtla saat 00:16-da qruplaşma özünün Telegram kanalında hücumlarının anonsunu verib. Həmin vaxtdan bəri qrup bu kanalda hücüm etdiyi yerlərlə bağlı xəbərləri yeniləyir, videolar paylaşır. Belə videoların birində onlar İslam İnqilabı Keşikçiləri Korpusunun silah anbarını ələ keçirdiklərini iddia edirlər, BBC monitorinq yazıb.
Qrup, həmçinin Çabahar və Rask əyalətlərində 6 SEPAH və polis bazasına hücüm etdiyini iddia edib.
İran mediası hücumların ara-sıra davam etdiyini yazır.
İranın “terrorçu” hesab etdiyi Ceyş əl-Ədl qruplaşması etnik Bəluc əsilli, sünni müsəlmanlardan ibarətdir.
İran rəsmiləri bildirib ki, qrup İsrailin əmrlərini yerinə yetirir.
İranın siyasi şərhçilərdən biri IRINN xəbər kanalında hücumla bağlı iddia edib ki, İsrail aprelin 1-də özünün Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbəyə görə "İranın mümkün qisasını gecikdirmək üçün" məlum qruplaşmanı "fəallaşdırıb”.
İsrailin bu ittihamlara münasibəti hələlik bəlli deyil.
Digər istifadəçilər, eləcə də xaricdə yerləşən Bəlucların hüquq müdafiə təşkilatı Haalvsh da sosial mediada Rask və Çabahar küçələrində atışma səslərinin eşidildiyini göstərən videolar yayımlayır.
Bir neçə gün öncə İranın Suriyada yerləşən konsulluğuna endirilən raket zərbəsi nəticəsində yüksək rütbəli hərbçilər həlak olub.
İran və Suriya bu hücumda İsraili günahlandırıb. İsrail bu ittihamlara cavab verməyib.

Şəklin mənbəyi, IRNA






