Pakistan və İran bir-birinə niyə hücum edir?

Pakistanın İrana raket hücumu nəticəsində 9 nəfərin öldüyü bildirilir.
İran hücum nəticəsində 3 qadın və 4 uşaq və 2 kişinin öldüyünü açıqlayıb.
Bu hücum İranın iki gün əvvəl Pakistanda yerləşən “üsyançı qruplaşmanı hədəf alaraq” Pakistan ərazisinə raket zərbəsi endirməsindən sonra baş verib.
Pakistan zərbələrin nəticəsində iki uşağın həlak olduğunu açıqlayıb.
İran rəsmiləri isə bu səhər həlak olmuş qadın və uşaqların İran vətəndaşı olmadıqlarını deyib.
Qarşılıqlı zərbələrin hədəfində nə vardı?

Şəklin mənbəyi, Reuters
Cümə axşamı günü Pakistanın Xarici İşlər Nazirliyi İrana zərbələr endirdiklərini təsdiqləyib.
Pakistan açıqlayıb ki, raket zərbələrinin hədəfi qonşu İranla sərhəddəki Sistan və Bəlucistan əyalətindəki “terrorçu sığınacaqları” olub.
Pakistan "gözlənilən genişmiqyaslı terror hadisələri ilə bağlı etibarlı kəşfiyyat məlumatlarıına əsasən" davrandığını bildirib, eləcə də bir sıra "terrorçunun" öldürüldüyünü açıqlayıb.
Pakistan həmçinin, İranın "suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını", amma bu gün özünün endirdiyi raket zərbələrinin "Pakistanın bütün təhdidlərə qarşı öz milli təhlükəsizliyini qorumaq və müdafiə etmək üçün sarsılmaz əzminin göstəricisi" olduğunu bildirib.
İran çərşənbə axşamı günü Pakistanın İran sərhədi yaxınlığındakı Bəlucistan əyalətinə zərbələr endirib. İran deyib ki, zərbələrin hədəfində İran daxilində hücumlar həyata keçirmiş etnik Bəluc əsilli, sünni müsəlman qruplaşması Ceyş əl-Ədl olub. Rəsmi Tehran Pakistan vətəndaşlarını hədəf almadığını deyib.
İran və Pakistan narkotik qaçaqmalçılarının və Bəluc silahlı qruplarının çox fəal olduğu, qanunla tənzimlənməyən sərhəd bölgəsi ilə bağlı qarşılıqlı narahatlıq keçirirlər.
Pakistan-İran münasibətləri necədir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
BBC-nin Diplomatik məsələlər üzrə müxbiri, hazırda Yerusəlimdən xəbər verən Paul Adams yazır ki, İran və Pakistan münasibətləri "mürəkkəb, lakin istidir".
O hesab edir ki, iki ölkənin, xüsusən də İran və Pakistan kimi iki böyük, nüfuzlu ölkənin bir-birinə belə qarşılıqlı zərbələr endirməsi heç yaxşı əlamət deyil.
"Ancaq dağıntılara, mülki itkilərə və qızğın ritorikaya baxmayaraq, bu, hələlik əsl böhran kimi görünmür", - Paul Adams vurğulayır.
İki ölkə nazirlərinin bu həftə Davosdakı görüşünü xatırladan müxbir hər iki ölkənin donanmalarının da Hörmüz boğazında və Fars körfəzində birgə təlimlər keçirməsindən bəhs edir.
Adams diqqəti ona çəkir ki, tərəflər bir-birinə qarşı etdikləri hava hücumundan sonra bu hücumların “qardaş və qonşu" ölkəyə - yəni, bir-birinə qarşı olmadığını vurğulayıblar.
Çərşənbə axşamı İranın hücumundan sonra Pakistan ictimaiyyətin böyük qəzəbini ifadə etdi və "ciddi nəticələrdən" danışdı.
Bu səhər isə əksinə, İran demək olar ki, heç bir reaksiya vermədi və bu, onu göstərir ki, Tehran Pakistanın cavab vermək məcburiyyətində olduğunu anlayır, deyə müxbirimiz yazır.
Pakistan-İran qarşıdurmasına Yaxın Şərqdəki böhran səbəb olub?
Pakistanla İran arasında qarşılıqlı hava zərbələri Yaxın Şərqdə eyni vaxtda bir neçə ciddi böhranın yaşandığı dövrə təsadüf edir.
İsrail Qəzzada Fələstinin Həmas qruplaşması ilə döyüşür və eyni zamanda Livanda İranın dəstəklədiyi Hizbullahın hücum zərbələrinə cavab verir. Eyni vaxtda İranın İraq və Suriyada dəstəklədiyi qruplar ABŞ qüvvələrini hədəf alır, ABŞ və Böyük Britaniya isə Yəməndə gəmilərə hücum edən İranın dəstəklədiyi husiləri vurur.
Həftənin əvvəlində İran İraq və Suriyadakı hədəflərə də hücum edib. İran bu hücumlarda İslam Dövləti və İsrailin Mossad kəşfiyyat agentliyini vurduğunu bildirib. İran onların hər ikisinin bu ayın əvvəlində Kirman şəhərində 84 nəfər vətəndaşının ölümünə səbəb olan bombalı hücumda iştirak etdiyini deyir.
Bəzi şərhçilər İranın bu həftə İraq, Suriya və Pakistana endirdiyi zərbələrin də Yaxın Şərqin hazırki böhranlı vəziyyətindən irəli gəldiyini hesab edirlər.
Tehran daha geniş İsrail-Qəzza münaqişəsinə qarışmaq istəmədiyini bəyan etsə də, İsraili və müttəfiqlərini dəstəklədiyi qruplar vasitəsilə hədəf alıb.
Ancaq “The Economist”-in müdafiə məsələləri üzrə redaktoru Şaşank Coşi zərbələrin Həmasın İsrailə 7 oktyabr hücumuna görə olduğunu düşünmür. Həmin vaxt Həmasın İsrailə hücumu nəticəsində 1300-ə yaxın şəxs öldürülmüş, İsrail Qəzzada Həmas-a qarşı qisas əməliyyatına başlamışdı. Bunun da nəticəsində Həmasın nəzarət etdiyi Qəzza bölgəsinin səhiyyə nazirliyinin məlumatlarına əsasən, təxminən 24 min nəfər ölüb.
“Qəzəbli İran əzələlərini gərməkdədir. İrana qarşı ağır hücum [yanvarın 3-də Kirmanda general Qasım Süleymaninin anım mərasimi zamanı baş vermiş iki partlayış ] 1979-cu il inqilabından sonra İranda baş vermiş “ən pis terror hücumu” kimi qiymətləndirilir, İran buna görə yaraladır və hücum edir", cənab Coşi BBC-nin “Today” proqramına deyib.
Ancaq o düşünmür ki, bombalı hücum oktyabrın 7-sində baş verənlərlə əlaqəlidir.
Pakistanın cavab tədbirlərinin eskalasiya riski varmı?
Təhlilçilər bildirir ki, Pakistanın cavabı gözlənilməz olmayıb.
Wilson Mərkəzinin Cənubi Asiya direktoru Maykl Kugelman deyir ki, Pakistanın cavab tədbirləri “eskalasiya riskini artırır”.
Lakin cənab Kugelman həm də deyir ki, hər iki tərəfin uçurumun kənarından geri qayıtmaq imkanı var.
“Əslində, hər iki tərəf indi bərabərdir”, - o vurğulayır.
"Pakistan geri çəkilsəydi, yeni zərbələrə məruz qalmaq riskiylə üzləşəcəkdi", - Kugelman deyir.
Digərləri ehtimal edir ki, İslamabad hökuməti cavab vermək üçün daxili təzyiq altında olub. Pakistanda gələn ay seçkilər keçiriləcək. İstefada olan Pakistanın keçmiş müdafiə naziri olmuş general-leytenant Asif Yasin deyir ki, hökumət İrandan geri qalmadığını sübut etmək üçün cavab hücumuna əl atıb.
Lakin o hesab edir ki, hər iki ölkə burada dayanacaq və Pakistan İranla dialoqu bərpa edə biləcək. Bu, "sərhəddə baş vermiş ilk gərginlik deyil”, o deyir, “ancaq xatırladığım ən ciddi gərginlikdir" deyə əlavə edir.
Chatham House analitik mərkəzinin fikrincə, İran və Pakistanın qarşılıqlı hücumları regionda hərbi əməliyyatlar təhlükəsini artırsa da, zərbələrin xarakteri bu ehtimalı azaldır.
Chatham House-da Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil BBC Radio 4-ün “Dünya 1-də” proqramına deyib ki, “öncə bir qonşunun, nüvə dövləti olan qonşunun suverenliyini pozması İran üçün çox təhlükəli görünürdü”.
"Lakin, görünür, hər iki tərəfin hücumları mütənasib olub, ona görə də burada gərginliyin azaldılmasına yer qalıb. Çünki hər iki ölkə onları təhdid edən "terror qruplarına" hücum edir, hər iki ölkənin sakitləşməyinə yer var", - o əlavə edir.
Həm İranın, Həm də Pakistanın güclü müttəfiqi olan Çin, eləcə də Türkiyə və Əfqanıstanda hakimiyyəti ələ almış Taliban tərəfləri təmkinli olmağa və gərginlikdən qaçmağa çağırıb.




