Qızılgül inqilabı: 20 ildən sonra Gürcüstanda buna necə baxırlar

Gürcüstanda Qızılgül inqılabından 20 il keçir

Şəklin mənbəyi, SERGEY SUPINSKI / AFP

Şəklin alt yazısı, Postsovet məkanında baş vermiş ilk dinc inqilab Gürcüstanı kökündən və rekord müddətdə dəyişdi
    • Müəllif, Nina Axmeteli
    • Vəzifə, BBC, Tbilisi

– Hara gedirsiniz, cənab Prezident? — deyə jurnalistlər bir-birinin sözünü kəsərək istefa qərarını elan edən Gürcüstan prezidenti Eduard Şevardnadzedən soruşdular. "Evə!" – Tbilisidə minlərlə insanın, demək olar ki, üç həftə gecə-gündüz keçirdiyi etiraz aksiyalarından və müxalifət liderləri ilə görüşündən sonra o, təbəssümlə, sözü hecalara bölərək cavab verdi. Şevardnadzenin 23 noyabr 2003-cü il tarixli bəyanatı postsovet məkanında ilk “rəngli inqilab” deyilən “Qızılgül inqilabı”nın tam qələbəsi demək idi.

İyirmi il əvvəl nümayişçilər Tbilisinin mərkəzində şadlıq edirdilər. İnsanlar küçənin ortasında bir-birini qucaqlayır və rəqs edirdilər.

Onlar Eduard Şevardnadzenin 11 illik hakimiyyətinin başa çatmasını və o zaman korrupsiya, kriminal və enerji böhranı bataqlığında olan Gürcüstanın tarixində yeni mərhələnin başlanmasını bayram edirdilər.

Postsovet məkanında baş vermiş ilk dinc inqilab Gürcüstanı çox qısa müddətdə dəyişdi. İnqilabdan sonrakı islahatları “Gürcüstan möcüzəsi”, Gürcüstanı isə postsovet məkanında “uğur modeli” adlandırırdılar.

Gürcüstanda çoxları üçün Qızılgül inqilabı müstəqil ölkənin tarixində ən əlamətdar hadisələrdən biri olaraq qalır.

Lakin hakimiyyət dəyişikliyindən sonra baş verən dəyişikliklər ağrısız keçmədi. Vaxt keçdikcə 2003-cü il noyabr mitinqlərində iştirak edənlərin bir çoxu insan haqlarının pozulması və avtoritar idarəetmə tərzini əsas gətirərək, inqilabdan sonrakı hökumətin tənqidçilərinə çevrildi.

2012-ci ildə inqilabdan sonrakı hökuməti əvəz edən hazırkı hakimiyyət üçün bu, Gürcüstan tarixində təkrarlana biləcəyi təhlükəsindən indiyə kimi danışılan acı təcrübədir.

Silah əvəzinə qızılgül

Gürcüstan

Şəklin mənbəyi, VIKTOR DRACHEV/AFP

Şəklin alt yazısı, İqtisadi problemlər və korrupsiya fonunda Şevardnadzenin populyarlığı getdikcə azalırdı

“Sovet İttifaqı çoxdan dağılıb, ancaq bizim üçün o, tamamilə dağılmayıb. Biz onun hansısa anlaşılmaz qalıqlarında yaşamışıq.

Belə görünürdü ki, Gürcüstan müstəqillik əldə edib, dövlət bayrağı var, milis əvəzinə polis yaradılıb, amma əslində dövlət təsisatları çox zəif idi, hər şey dağılıb.

Gürcüstana baş tutmamış dövlət deyirdilər - işıq yox, büdcə dolmur, polis və komissarlıq rüşvət alır, gündəlik məişət problemləri...

Bir növ durğunluq və ümidsizlik hissi var idi”, - 2003-cü ildə Dövlət Teatr və Kino Universitetinin tələbəsi olmuş, “Kmara” (“Bəsdir!”) gənclər hərəkatının keçmiş fəalı Luka Tsuladze Şevardnadzenin hakimiyyətini belə xatırlayır.

Gürcüstanın keçmiş Prezidenti Eduard Şevarnadze

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 9 noyabr 2003-cü ildə Şevardnadze gözlənilmədən onun istefasını tələb etdikləri mitinqdə peyda oldu. Lakin onun nümayişçilərlə birbaşa danışmaq cəhdi heç bir nəticə vermədi - nümayişçilər onu “Get!” çağırışları ilə qarşıladılar
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Hərəkat fəalları Gürcüstanın müxtəlif yerlərində hökumət əleyhinə kampaniya və aksiyalar keçirirdi və 2003-cü ilin noyabrında Şevardnadzenin istefasından əvvəl keçirilən mitinqlərdə fəal iştirak edirdilər.

Keçmişdə Gürcüstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Sovet İttifaqının sonuncu xarici işlər naziri olmuş Eduard Şevardnadze 1992-ci ildə Gürcüstana qayıtdıqdan sonra iki dəfə Gürcüstanın Prezidenti seçilib.

İqtisadi problemlər və geniş yayılmış korrupsiya fonunda Şevardnadzenin populyarlığı getdikcə azalırdı. Onun yaratdığı “Vətəndaşlar birliyi” partiyası 2002-ci ildə yerli seçkilərdə məğlub oldu və noyabrın 2-də keçirilən parlament seçkilərində bir neçə siyasi partiya ilə bir blokda iştirak etdi.

Şevardnadzeyə qarşı müxalifətə qoşulmuş siyasətçilər Mixail Saakaşvili, Zurab Jvaniya və Nino Burcanadze üçlüyünün başçılıq etdiyi kütləvi etirazlar ilk səsvermənin nəticələrinin elan edilməsindən az sonra başladı.

Müxalifət hakimiyyəti iqtidaryönlü blokun xeyrinə total seçki saxtakarlığında ittiham etdi.

Rəsmi məlumatlar səslərin paralel hesablanması və exit-polların nəticələrindən fərqlənirdi. Kobud pozuntulardan MDB missiyasının müşahidəçiləri istisna olmaqla, beynəlxalq müşahidəçilər də danışırdılar.

Amma Şevardnadze ilə müxalifət arasında danışıqlar nəticə vermirdi. Artıq mitinqlərdə Prezidentin istefası tələbləri səslənirdi.

Çoxsaylı və gecə-gündüz keçirilən etirazlara baxmayaraq, noyabrın 22-nə yeni seçilmiş parlamentin ilk iclası təyin edilmişdi. Eduard Şevardnadze üçün bu iclas sonuncu oldu.Onun çıxışı zamanı nümayişçilər əllərində qızılgüllərlə iclas zalına soxuldular, Mixail Saakaşvili ön sıralarda idi.

Şevardnadze çıxışını bitirməyə çalışsa da, təhlükəsizlik işçiləri onu tələsik iclas zalından çıxartdılar.

“Mən o zaman inanırdım və əmin idim ki, Şevardnadze çıxışını bitirsə, hər şey rəsmiləşəcək və artıq Qızılgül inqilabı olmayacaq”, - Tsuladze xatırlayır.

“Mən az sonra parlamentə daxil oldum, çünki kamera üçün batareya gətirməyə ofisə getmişdim. Məhz həmin an televizorda Saakaşvilinin artıq iclas zalında Şevardnadzedən istefa verməsini tələb etdiyini gördüm. Mən qaçaraq parlamentə qayıdanda axın hələ də zala daxil olurdu. Yadımdadır, orada toqquşmalar olub, amma böyük dava-dalaş olmayıb”, - o deyir.

Şevardnadze həmin axşam fövqəladə vəziyyət elan edəcəkdi, lakin növbəti axşam o, istefa qərarını açıqlayaraq, qan tökülməsindən qaçmaq istədiyini izah edəcəkdi.

2004-cü ilin yanvarında Mixail Saakaşvilinin 96 faizdən çox səs toplayacağı seçkilərə qədər Prezident səlahiyyətlərini parlamentin sədri və Qızılgül inqilabının liderlərindən biri olan Nino Burcanadze icra edəcəkdi.

2004-cü ilin mart ayında isə Gürcüstanda artıq təkrar parlament seçkiləri keçiriləcəkdi.

İkinci cəhd

Gürcüstanda müxalifətin etiraz aksiyası

Şəklin mənbəyi, VIKTOR DRACHEV/AFP

Şəklin alt yazısı, Gürcüstanda çoxminli etiraz aksiyaları təxminən üç həftə davam etdi

Qızılgül inqilabının 20-ci ildönümünü onun lideri Mixail Saakaşvili həbsxanada olmasa da, ötən ilin mayında məhkum qismində köçürüldüyü klinikada dəmir barmaqlıqlar arxasında qarşılayır.

Altı il həbs cəzasına məhkum edilmiş və Gürcüstanda bir neçə cinayət işi üzrə ittihamla üzləşmiş Saakaşvili Qızılgül inqilabını Gürcüstanın 1990-cı illərdən bəri postsovet bataqlığından və ümidsizlikdən çıxmaq üçün “ikinci cəhdi” adlandırır.

“Qızılgül inqilabı mümkün olmayanı edə bildi. Qızılgül inqilabı Ukraynada böyük təkana səbəb oldu, bunun ardınca Ukraynada iki Maydan gəldi. Qızılgül inqilabından sonra Qırğızıstanda inqilab oldu və Qızılgül inqilabı Ərəb Baharına əhəmiyyətli dərəcədə təsir etdi”, - Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin onun cinayət işlərindən biri üzrə keçirilən məhkəmə iclasında klinikadan qoşulduğu videobağlantıda deyib.

Saakaşvili inqilabdan sonrakı dövrü Gürcüstan tarixində “ardıcıl ən uğurlu doqquz illik hakimiyyət” adlandırır, lakin, onun sözlərinə görə, lap əvvəldən hökumət ölkə daxilində böyük müqavimət və Rusiyanın təxribatları ilə üzləşib.

“Əlbəttə, bu cür iqtisadi artım, ölkə daxilində və xaricində korrupsiya və cinayətə qarşı mübarizə şəraitində qarşıdurma olardı. Biz korrupsionerlərə və cinayətkarlara qarşı mübarizə aparırdıq, cinayətkarlar və korrupsionerlər də bizə qarşı mübarizə apardılar. Biz Rusiyanın qeyri-formal təsirinə qarşı mübarizə apardıq – Rusiya cavabında var gücü ilə bizimlə mübarizə edirdi”, - o bildirib.

Əvvəlki hakimiyyətin idarəçiliyinin ziddiyyətli qiymətləndirilməsinə baxmayaraq, sorğuların göstərdiyi kimi, əksəriyyət hələ də Qızılgül inqilabını müsbət dəyişikliklərlə əlaqələndirir.

Məsələn, 2019-cu ilin iyul ayında keçirilən sorğuya görə, iştirakçıların 68 fazi Qızılgül inqilabını müsbət hadisə adlandırıb, əksini düşünən respondentlər 21 faiz təşkil edib.

Gürcüstan müxalifəti parlament binasına daxil olmağa çalışır

Şəklin mənbəyi, STR/AFP

Şəklin alt yazısı, Eduard Şevardnadzenin çıxışı zamanı əllərində qızılgül tutan nümayişçilər parlamentin iclas zalına daxil olublar

"Məncə, çox qərəzli olmaq lazımdır ki, Qızılgül inqilabını mənfi qiymətləndirəsən və ya hesab edəsən ki, o, həm müsbət, həm də mənfi nəticələr verib, çünki inqilabdan bizə qalan nəticələri - dövlət quruculuğunda nəzərə çarpacaq dəyişikliklərdir", - Gürcüstan İctimai Əlaqələr İnstitutunun Hüquq və Siyasət Məktəbinin dekanı Bakur Kvaşilava deyir.

Bunun bariz nümunəsi kimi o, beynəlxalq təşkilatların həm korrupsiyanın səviyyəsi, həm də qanunun aliliyi və ya idarəçiliyin effektivliyi kimi digər parametrlər üzrə reytinqlərini göstərir.

“2003-cü ildə Gürcüstan 20-30 faizlə ölkələr siyahısının sonunda olurdu. Hətta Rusiya kimi bir ölkə daha demokratik, daha az korrupsiyaya uğramış və daha səmərəli ölkə kimi qiymətləndirilirdi. Artıq 2007-ci ilə qədər vəziyyət tamamilə dəyişdi. Ən əsası - bu, indiyə qədər davam edir, bu məlumatları əhəmiyyətli dərəcədə dəyişdirəcək heç bir pisləşmə baş verməyib”, - Kvaşilava deyir.

Qızılgül inqilabından sonra həyata keçirilən liberal islahatlar sayəsində Gürcüstan biznesin asanlığı reytinqində yüksək yer tutmağa başladı və Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının reytinqlərində ən yaxşı islahatçılar sırasında yer aldı.

Gürcüstanda etiraz aksiyası

Şəklin mənbəyi, SERGEY SUPINSKI / AFP

Şəklin alt yazısı, Qızılgül inqilabı Gürcüstanda çoxları üçün müstəqil ölkənin tarixində ən əlamətdar hadisələrdən biri olaraq qalır

Korrupsiyaya qarşı mübarizə hüquq-mühafizə orqanlarından tutmuş təhsil sisteminə qədər müxtəlif sahələri əhatə etdi. Yol polisi tamamilə ləğv edildi. Onu yeni patrul xidməti əvəzlədi.

Yeni hakimiyyət orqanları cinayətə sıfır dözümlülük elan edərək, cinayətkarlıqla qəti və sərt mübarizə aparmağa başladılar. Cinayət səviyyəsi kəskin şəkildə azaldı. Əvvəllər Gürcüstanda imtiyazlara və nüfuza malik olan cinayət başçıları ya həbsxanaya düşdür, ya da ölkədən qaçdılar.

Lakin hakimiyyətin uğurlarının əks tərəfi də var idi. Artıq 2006-cı ilin mayında hüquq müdafiəçiləri Gürcüstanın “polis dövlətinə” çevrilməsinin əlamətləri, ifrat vəhşiliklə həyata keçirilən “xüsusi əməliyyatlar” və media azadlığının pisləşməsi barədə həyəcan təbili çalırdılar.

Human Rights Watch Saakaşvili hökumətinin insan haqlarına münasibətdə qeyri-ardıcıllıq və islahatlara yanaşmasında bəzən həddindən artıq tələskənlik olduğunu qeyd etmişdi.

Gürcüstan Prezidenti Mixail Şakaşvili səs verir

Şəklin mənbəyi, SERGEY SUPINSKI/AFP

Şəklin alt yazısı, 2004-cü ilin yanvarında keçirilən prezident seçkilərində Saakaşvili 96 faiz səs qazanıb

Kvaşilavanın sözlərinə görə, hakimiyyət demokratik prosedurları tətbiq etmək və onlara riayət etməklə deyil, əhali arasında yüksək etimad səviyyəsindən istifadə edərək uğur qazanır və korrupsiya və bürokratik sxemləri məhv edirdi.

“Yəqin ki, bu sxemlərin demokratik prosedurlara əməl edərək məhv edilməsi çox mürəkkəb və vaxt aparan proses olardı. Nümunə olaraq, karyerasını demokratik lider kimi başa vuran, demokratiyasına heç kimin şübhə etmədiyi, lakin ilk seçkiləri uduzan Viktor Yuşşenkonu– o, hətta seçki yarışında əsas rəqiblər sırasında belə yer almadı, - götürək, o, bu cür ağrılı islahatları həyata keçirə bilmədi”, - o deyir.

Ekspert deyir ki, Saakaşvilinin komandasının seçdiyi yolun öz üstünlükləri var idi, ancaq əslində Gürcüstanda özünü xalq qarşısında cavabdeh hesab etməyən və getdikcə daha çox səhvlərə yol verən bir hökumət formalaşmışdı.

“Son nəticədə təkzib və tənqidi qəbul edə bilməmək bu hökumətin məğlubiyyətinə gətirdi və bu gün eyni siyasətə görə eyni təhdidlərlə üzləşən hazırkı hökumət hakimiyyətə gəldi. Mən islahatları yox, birpartiyalı idarəetmə və faktiki olaraq, heç bir hesabatlılıq mexanizmi olmadığını nəzərdə tuturam. Hakimiyyətin bütün qolları bir mərkəzdən idarə olunduqda, özünü yeniləmək, özünə tənqidi yanaşmaq çox çətindir və yığılan səhvləri düzəltmək mümkün deyil”, - o deyir.

2012-ci ilin payızında, doqquz illik hakimiyyətdən sonra Saakaşvilinin Vahid Milli Hərəkat partiyası parlament seçkilərində məğlub oldu.

Bundan əvvəl həbsxanalarda məhbuslara qarşı işgəncə və zorakılıq halları ilə bağlı mediada yayılan görüntülər çoxminli mitinqlərə rəvac vermişdi.

Seçkilərdə milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” koalisiyası qalib gəldi. Bu, müstəqil Gürcüstan tarixində seçkilər nəticəsində ilk hakimiyyət dəyişikliyi hadisəsi idi.

Öyrənilməmiş dərslər

Tbilisinin Rustaveli prospektində müxalifətin etiraz aksiyası

Şəklin mənbəyi, VANO SHLAMOV/AFP

Şəklin alt yazısı, 2012-ci il seçkilərindən bir müddət əvvəl yayılan işgəncə və məhbuslara qarşı zorakılıq görüntüləri Gürcüstanda etirazlara səbəb olub

“Gürcü Arzusu” daim öz sələflərinin səhvlərini və pozuntularını vurğulayaraq, Saakaşvilinin və onun yaratdığı Vahid Milli Hərəkat (VMH) partiyasının hakimiyyətini “qanlı və zorakı rejim” adlandırır.

İndiki hakimiyyət eks-prezidenti təkcə insan haqlarının pozulmasında deyil, həm də 2008-ci ildə Rusiya ilə müharibədən qaça bilməməkdə və onun ağır nəticələrində ittiham edir. Qızılgül inqilabının 20-ci ildönümü də istisna olmadı.

“Qızılgül inqilabı ölkəyə insanların işgəncəsi, qeyri-insani rəftar, biznes-reket, ərazilərin 20 faizinin itirilməsinə gətirdi, ona görə də onların [VMH] Qızılgül inqilabının 20-ci ildönümünü bayram etməsi, sadəcə həyasızlıqan başqa bir şey deyil”, - Publica internet nəşri hakim partiyanın sərdi İrakli Kobaxidzedən iqtibas gətirib.

O bu ilin martında hakimiyyətin xarici agentlər haqqında qanun qəbul etmək cəhdinə qarşı etirazlar başlayandan sonra da oxşar şərh verib.

Onda o bəyan etmişdi ki, inqilab qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilib və hakimiyyət orqanları “Milli Hərəkatın xarici təsir agentləri vasitəsilə hakimiyyətə qayıtmasına” yol verə bilməzlər.

Vətəndaş cəmiyyətində təkcə ifadə azadlığına deyil, həm də Gürcüstanın avrointeqrasiyasına təhlükə sayılan qanunvericiliyin qəbuluna qarşı kütləvi etirazlar fonunda hakimiyyət bundan imtina etməli olmuşdu.

Bununla belə, hökumətin qeyri-hökumət sektorunun nümayəndələrinə, fəallara və qərb donorlarına qarşı hücumları səngimir. Hətta bu ilin oktyabrında dövlət hakimiyyətini zorakılıqla devirmək cəhdi ilə bağlı iş Dövlət Təhlükəsizliyi Xidmətinin bir təhqiqatının tərkib hissəsinə çevrilib.

Gürcü Arzusu partiyasının rəhbəri oliqarx Bidzina İvanaşvili

Şəklin mənbəyi, VANO SHLAMOV/AFP

Şəklin alt yazısı, Milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” koalisiyası 2012-ci il seçkilərində qalib gəlib. Bu, müstəqil Gürcüstan tarixində seçkilər nəticəsində ilk hakimiyyət dəyişikliyi idi

Uzun fasilədən sonra Luka Tsuladze yenidən 2007-ci il noyabrın 7-də keçirilən etiraz aksiyasına çıxdı. Onun sözlərinə görə, o, müxalifətin o vaxtlar keçirdiyi mitinqlərində iştirak etməyib, lakin Tbilisinin mərkəzindəki nümayişlərin dağıdılması üçün həddindən artıq güc tətbiq edilməsinə etiraz etmək üçün mitinqə gedib.

“Bundan əvvəl məndə narazılıq doğuran başqa hallar da olub. Hakimiyyət tərəfindən tələsik addımlar və həddindən artıq güc tətbiq etmə halları olub. Müəyyən mərhələdə onların əvəzolunmaz olduqlarına inanmışdılar, - o deyir, - bu günün nöqteyi-nəzərindən az-çox aydındır ki, elə də mənfi reaksiyam yoxdur, amma çox haqsızlıqlar olub və o zaman bu mənə bir növ xəyanət kimi göründü, sanki onlar uğrunda [2003-cü ildə] mübarizə apardığımız yoldan döndülər”.

O, əvvəlcə 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyini müsbət hadisə hesab etsə də, zaman keçdikcə buna dair şübhələri artmağa başlayıb.

“İndi, deyərdim ki, yanaşmam mənfidir, çünki görürəm ki, 10 il geri çəkilərək kölgədə qalan qüvvələr qisas alıblar. Demək olmaz ki, vəziyyət eynidir (Şevardnadzenin dövründə olduğu kimi), lakin korrupsiya yenidən çiçəklənir və dövlət təsisatlarının dağılması prosesi gedir”, - Luka deyir.

O, Gürcüstan üçün təhlükəni təkcə tüğyan edən korrupsiyanın qayıdışında deyil, həm də hakimiyyətin Gürcüstanın qərbyönlü kursunu dəyişmək cəhdində görür.

“Hakimiyyət təkcə cəhd etmir, demək olar ki, onlar artıq az qala Gürcüstanın xarici kursunu dəyişiblər. Mart ayında biz, cəmiyyət olaraq, “Rusiya qanunu” əleyhinə hərəkətlərlə bu prosesi birtəhər gecikdirə və dayandıra bildik. Düşünürəm ki, onlar Gürcüstanın Avropaya inteqrasiyasına mane olmaq üçün başqa bir şey tapacaqlar və biz növbəti mərhələyə hazır olmalıyıq”, - o deyir.

Transparency International-ın 2022-ci il Korrupsiyanın Qavranması İndeksi hesabatında (Rusiyada “arzuolunmaz qurum” kimi tanınıb) qeyd olunur ki, Gürcüstan regionda ən yaxşı göstəriciyə malik olsa da, bu, kiçik rüşvətxorluqla mübarizədə keçmiş nailiyyətlərdən irəli gəlir. Təşkilat bildirir ki, ən yüksək səviyyələrdə səlahiyyətdən sui-istifadə halları, əsasən cəzasız qalır.

“Təəssüf ki, bir vaxtlar korrupsiyaya qarşı mübarizədə regional liderə çevrilmiş bir ölkənin hökuməti bu səylərin davam etdirilməsi üçün istənilən impulsu uğurla söndürür”, - təşkilatın hesabatında deyilir.

Gürcüstan parlamenti qarşısında Avropa İttifaqını dəstəkləyən etiraz aksiyası

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kütləvi etirazlara görə hakimiyyət “xarici agentlər haqqında” qanunu qəbul etməkdən imtina etməli olub

Gürcüstanın ölkədə əksəriyyət tərəfindən ardıcıl olaraq dəstəklənən qərbyönlü kursunun dəyişməsi təhlükəsini təhlilçilər də görürlər.

“Bizim hökumətimiz opportunistdir. Avropa İttifaqı onların şərtləri ilə razılaşarsa, onların [Aİ] tərəfində olacaqlar, siyasi rəqabət üçün hakimiyyətin istəyi ilə üst-üstə düşməyən bərabər şərait yaradılmasını tələb etsələr, bundan yayınmağa və bu prosesi uğursuzluğa düçar etməyə çalışacaqlar, bəyan edərlər ki, Gürcüstan suveren ölkədir və heç kəsə onun daxili işlərinə qarışmaq hüququ verməyəcəklər”, – Bakur Kvaşilava deyir.

Eyni zamanda, onun sözlərinə görə, daxili siyasətdə və hakimiyyəti mümkün qədər konsolidasiya etmək cəhdlərinə görə, indiki hökumət Şevardnadze hökumətindən çox öz sələflərinə bənzəyir.

“Bu hökumət Şevardnadze hökumətindən qat-qat səmərəlidir. Korrupsiya səviyyəsinə görə də müqayisəedilməzdir. Elita korrupsiyasına gəlincə, elitar korrupsiya halları Saakaşvili hökuməti dövründə də olub və burada heç bir dramatik dəyişiklik yoxdur”, - o deyir.

Politoloq hakimiyyətin kiminsə inqilab hazırlaması ilə bağlı ritorikasını hakimiyyətin təbliğatının və 2024-cü ildə keçiriləcək parlament seçkilərinə hazırlığının tərkib hissəsi hesab edir.

“Hakimiyyət hesab edir ki, mövcud sistem, inzibati resurs və seçki komissiyalarında qüvvələrin bölgüsü istənilən halda onlara seçkilərdə qələbəsinə zəmanət verir. Onlar nədən qorxur? Emosional dalğadan, odur ki, kiminsə inqilab, kiminsə müharibə istəməsinə və hansısa qlobal müharibə partiyasının mövcudluğuna dair bəyanatlar bundan qaynaqlanır”, - Kvaşilava deyir.

Tsuladzenin sözlərinə görə, hakimiyyətin narahat olması üçün əsas var, çünki parçalanmış müxalifət spektrində, 2003-cü ildən fərqli olaraq, bu gün əhali arasında nüfuz sahibi olan və etirazçıların sözünü eşidə biləcəyi heç bir siyasi fiqur qalmayıb.

“Əlbəttə ki, hakimiyyətin qorxacağı bir şey var, çünki hadisələrin kortəbii inkişafı halında, artıq vəziyyəti sadəcə danışıqlar masası arxasında səngitmək mümkün olmayacaq. Mən bunun təhlükəsini görürəm və bu həddə çatmasını həqiqətən istəmirəm”, - o deyir.