Avropa Ağır Atletika Federasiyası Yerevanda Azərbaycan bayrağının yandırılmasını pisləyib

Şəklin mənbəyi, Azertag
Azərbaycanın ağırlıqqaldırma üzrə millisi ötən gün axşam Bakıya qayıdıb.
Azərbaycan bayrağı Yerevanda keçirilmiş açılış məqasimində yandırıldığına görə ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanda başlayan ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edib.
Ötən gün Azərbaycan nümayəndə heyətinin üzvləri avtobusla Yerevandan Tbilisiyə gəliblər və axşam təyyarədə Tbilisidən Bakıya qayıdıblar.
Bakı aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Avropa idman qurumu Azərbaycan bayrağının yandırılmasını pisləyib

Şəklin mənbəyi, Armenpress
Ötən gün Avropa Ağır Atletika Federasiyası (EWF) Yerevanda keçirilən idman tədbiri vaxtı Azərbaycan bayrağının yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyib.
"EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və "Fair Play"u-in niversal prinsiplərinə hücum hesab edir", - EWF-in açıqlamasında deyilir.
Bundan əvvəl hadisəyə etiraz edən Azərbaycan öz atletlərinin geri qaytarılması barədə qərar qəbul edib. Bu barədə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir.
"Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür".
Ermənistan tədbirdə bütün təhlükəsizlik tədbirlərinin təmin olunduğunu bildirib.
Cümə günü Yerevanda Ağır atletika üzrə Avropa Çempionatı açılış mərasimində ölkə bayraqlarının nümayişi zamanı bayraqdar qızın əlindən Azərbaycan bayrağını alan şəxs ona od vurub və yanan bayraqla zaldan qaçmağa çalışıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Daha sonra təhlükəsizlik xidməti tərəfindən yaxalanıb polisə təhvil verilmiş şəxsin dizayner kimi tanınan Aram Nikolyan olduğu müəyyən edilib.
Bu məlumatı onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə təsdiq edib.
Vəkilin sözlərinə görə, Nikolyan polis şöbəsindən imza ilə buraxılıb. Ona qarşı xuliqanlıq maddəsi üzrə cinayət işinin qaldırıldığı da bildirilir.
Şənbə günü Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, hadisəni törədən şəxs saxlanılsa da, onun sonradan “təmtəraqlı alqışlarla azad” edilməsi narahatlıq doğurur.
“Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik, - Nazirliyin saytında yayılan açıqlamada deyilir. - Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi".
Yerevanda bidiririrlər ki, açılış mərasimi zamanı baş verən və çox tez aradan qaldırılan hadisənin idmançıların təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur.
“Ermənistan Respublikası əvvəlcədən bütün təhlükəsizlik standartlarını təmin edib və çempionatda iştirak etmək üçün Yerevana gələn ağır atletlərin təhlükəsizliyi ilə bağlı heç bir problem olmayıb və ola da bilməz”, - Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bildirir.
Hadisdən sonra Aram Nikolyan açıqlamasında heç bir siyasi qüvvənin üzvü olmadığını bildirib.
“Mənim arzum odur ki, Ermənistanın paytaxtı Yerevanda Azərbaycan bayrağı dalğalanmasın. Mən bunu etməməliydim deyə düşünənlər varsa, qoy evlərində Azərbaycan bayrağını assınlar”, onun sözləri yerli mediada iqtibas olunur.
Ağır atletika üzrə Avropa Çempionatı aprelin 15-dən 23-nə kimi keçiriləcək.
Yarışmaya 40 ölkədən 389 idmançı gəlib. Azərbaycan nümayəndə heyəti 12 nəfərlə təmsil olunurdu. Onların artıq Gürcüstana gəldiyi bildirilir.
Azərbaycan və Ermənistan idmançıları bundan əvvəl də hər iki ölkədə keçirilən idman tədbirlərində iştirak ediblər.




