DTX vətəndaşların pullarını ələ keçirmiş şəbəkə üzvlərini "həbs edib"

kibercinayət, informasiya, texnologiya, bank hesabları, kartlar, təhlükəsizlik

Şəklin mənbəyi, Getty Images

“Facebook-da qarşıma Kapital Bankın loqosu ilə eyni olan bir reklam kampaniyası çıxdı. Girdim orada tələb olunduğu kimi, telefon nömrəmi, kartın nömrəsini yazdım və şifrəni yazanda onlardan telefonuma kod gəldi. Kod göndəriləndə mən daha da inandım ki, bu, ancaq Kapital Bankdan gələ bilər…”

Bakı sakini İlham Yusifzadə BBC News Azərbaycancaya sosial mediada kiber-dələduzlar tərəfindən necə aldadıldığını izah edir.

50 yaşlı müsahibimiz bu ilin aprelində onun Kapital Banka aid kredit kartından 5 min 600 manat vəsaitin oğurlandığını deyir.

“Şifrəni yazanda, mənə bildirildi ki, şifrə doğru deyil və o anda kartım bloklandı. Sonra kartımda olan vəsaitin çəkildiyini gördüm”, - İlham Yusifzadə BBC Azərbaycancaya bildirib.

İlham Yusifzadə son dövrlərdə Azərbaycanda sosial media platformalarında səhifə, kanal və platformalar vasitəsilə kiber-dələduzluqla üzləşmiş onlarla şəxsdən biridir.

Kapital Bankdan BBC Azərbaycancaya bildirilib ki, müxtəlif dələduz qruplar “əhalinin etimadından sui-istifadə edərək banklar adından müştərilərin fərdi məlumatlarını ələ keçirməyə” cəhd göstərirlər. Bank belə şəbəkə hesablarını şikayət etdiyini deyir.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə müxtəlif üsullarla istifadəçilərin aldadılması hallarının gündən-günə artdığını bildirir.

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti iyun 20-də yaydığı məlumatında ölkədə rəsmi şəxslərin və bankların adından saxta müraciətlər hazırlayan beynəlxalq kibercinayətkar şəbəkənin iki azərbaycanlı üzvünü həbs etdiyini deyir.

kibercinayətkarlıq, informasiya təhlükəsizliyi, bank hesabı, bankçılıq
Şəklin alt yazısı, İlham Yusifzadə son dövrlərdə bank kartından pulu oğurlanmış onlarca şəxsdən biridir

DTX onu da bildirib ki, kibercinayətkarlar Prezident İlham Əliyevin, eləcə də digər “dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları vasitəsilə saxta videmüraciətlər" hazırlayaraq və müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti və bir sıra bankların etimadından sui-istifadə etməklə yanlış elanlar yayaraq insanların pul vəsaitlərini ələ keçiriblər.

DTX-nın bildirdiyinə görə, kibercinayətkarlar yaratdıqları saytlar vasitəsilə internetin Azərbaycan seqmentinin istifadəçilərinə məxsus bank kartlarındakı məlumatları öyrənərək həmin kartlardakı pul vəsaitlərini ələ keçiriblər.

Onlar bu əməllərini çoxsaylı saxta elanlarda vətəndaşları müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət etmək, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaratmaq, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında aldadaraq reallaşdırıblar.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Fişinq nədir və insanlar necə aldadılır?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

“Nə vaxtsa özümün belə bir kampaniyanın qurbanı olacağımı təsəvvür etmirdim”, -ixtisasca hərbçi olan İlham Yusifzadə deyir.

O bildirir ki, həmişə bu cür reklamlar görəndə ailəsinə, qohum-əqrəbasına, tanışlarına bu kampaniyaların fırıldaq olduğunu deyirmiş.

Orijinala bənzəyən və insanları asanlıqla aldadan reklamlar və ya kampaniyalar fişinq adlanır, informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad Əliyev BBC Azərbaycancaya deyib.

Oxford lüğətinə görə, fişinq və ya phishing vebsayt və ya elektron poçt vasitəsi ilə insanların şəxsi məlumatlarını, bank hesab nömrələrini və digər məlumatlarını onlara verməsini təmin etməklə adamlardan pul oğurlamaq fəaliyyətidir.

Kiber dələduzluqda yalnız saxta bank reklamlarından deyil, xaricdə təhsil, onlayn oyunlar, onlayn ticarət kimi digər şirnikləndirici üsullardan da istifadə edilir, Əliyev əlavə edir.

Fişinq qurbanı olmuş İlham Yusifzadə deyir ki, iki il əvvəl oxşar hadisə ilə üzləşsə də, həmin vaxt dələduzlar onun kartından vəsait çıxarmağa nail olmayıblar.

“Həmin vaxt oğlumun internet üzərindən oyun oynaması üçün 20 dollar məbləğində ödəniş etməyimizi istədilər. O vaxt da Kapital Bank kartımdan ödəniş etmək istəyəndə kartım bloklandı, amma heç bir vəsait çıxılmadı”.

İlham Yusifzadəni düşündürən sual isə odur ki, necə olur ki, iki il əvvəl hesabı bank tərəfindən qorunduğu halda, bu dəfə onun kartından pulun çıxarılmasına “icazə veriblər”.

“Bu dəfə kartımdan ilk köçürmə digər bank kartına köçürülüb. Həmin vəsait dərhal yenidən mənim kartıma qaytarılıb və 5 dəqiqə sonra başqa bir Kapital Bank hesabına köçürülüb”, - İlham Yusifzadə bildirib.

Bunu əsas gətirən İlham Yusifzadə iddia edir ki, dələduzluqla məşğul olan səhifəni işlədənlər bankın “indiki və ya keçmiş əməkdaşlarıdır”.

Kapital Bank hər hansı əməkdaşının bu işdə iştirakı ilə bağlı iddialarla razılaşmır və müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün "ciddi qaydalar və prosedurlar" olduğunu deyir.

“Bununla yanaşı əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. ...bankımızla bağlı bugündək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bank əməkdaşının iştirakına rast gəlinməyib”, - Kapital Bankın BBC Azərbaycancaya təqdim etdiyi yazılı cavabında qeyd olunub.

Kapital Bankdan həmçinin bildirilib ki, əgər müştərinin vəsaiti dələduzluq yolu ilə digər Kapital Bank kartına köçürülübsə, həmin müştəri barədə məlumatlar yalnız hüquq mühafizə orqanlarına verilir.

“Qarşı tərəfin məlumatlarını müştəriyə təqdim edilməsi üçün isə mütləq məhkəmə qərarı olmalıdır”, bankın açıqlamasında yazılıb.

Kapital Bankdan bildirilib ki, ödəniş xarici ölkələrə yönəlmiş köçürmə formasında olarsa və müəyyən bir saytın və ya ödənişin yüksək risk daşıdığı sistem tərəfindən aşkarlanarsa, o zaman bu barədə müştəriyə xəbərdarlıq edilir və lazım gəldikdə isə ödəniş və yaxud kart bloklanır.

Ölkədaxili əməliyyatlarda isə 3D təhlükəsizlik kodu tələb olunduğundan bu kodun daxil edilməsilə icra edilən əməliyyatlar şübhəli hesab olunmur, bankdan bildirilib.

Ödəniş kartdan karta olarsa və bu proses kart sahibi tərəfindən kodun daxil edilməsi ilə icra olunarsa, o zaman bloklanma “texniki olaraq mümkün deyil”.

Bunu əsas gətirən bank, bu səbəbdən İlham Yusifzadənin ilk köçürməsinin qarşısının alındığını, lakin digər halda isə köçürmənin qarşısının alınmadığını bildirib.

İlham Yusifzadənin sözlərinə görə, onu aldadan Kapital Bankın oxşar səhifəsi bu gün də sosial şəbəkələrdə aktivdir və “insanları soymağa davam edir”.

Bankın bildirdiyinə görə, təkcə 2023-cü ildən bu günə kimi saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 100-ə yaxın veb-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı şikayət edilərək bağlanılıb.

Fişinqdən necə qorunmalı?

Daxili İşlər Nazirliyi isə son dövrlərdə yaydığı məlumatlarında sosial şəbəkələrdə dələduzluq hallarının geniş yayılması barədə xəbərdarlıq edib.

"Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN sözçüsü Elşad Hacıyev bildirib.

O, məsələn, təkcə bir gündə - may ayının 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu oğurlanmış 23 halı sadalayıb.

DİN rəsmisi kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmağı, onları danışmadan, yazışmadan bloklamağı məsləhət görüb”.

Bundan başqa, xəbərdarlıq edilib ki, kibercinayəti törədənlər insanlarla Azərbaycan dilində ünsiyyət qura bilə, istifadəçilərin məlumatlarını sosial şəbəkə hesablarından götürə, hətta onlarla dostları vasitəsilə əlaqə saxlaya bilərlər.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev tövsiyə edir ki, vətəndaşlar müştərisi olduqları bankların əməliyyatları və ya kampaniyaları barədə məlumatları yalnız həmin bankların rəsmi saytından və ya rəsmi sosial şəbəkə hesablarından götürsünlər.

O, həmçinin vətəndaşlar arasında bununla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyir.

İlham Yusifzadə indi itirdiyi 5 min 600 manat vəsaiti qaytarmağa çalışır. Bununla bağlı Daxili İşlər Nazirliyinə də yazılı müraciət etdiyini bildirib.

Onun müraciəti ilə bağlı Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, köçürülmə xaricdən həyata keçirilib və hadisə araşdırılır.

İlham Yusifzadə isə kiber dələduzların tapılması üçün mübarizəsini davam etdirəcəyini və məhkəməyə gedəcəyini deyir.

O, ən azından başqalarının da bu tələyə düşməməsini istəyir.