Tbilisidə etirazlar: müxalifət yeni seçkilər tələb edir

Gürcüstan, Tbilisi

Şəklin mənbəyi, Getty Images

Tbilisinin mərkəzində müxalifət parlament seçkisinin nəticələrinə etiraz olaraq kütləvi aksiya keçirib.

Müxalifət seçkidə saxtakarlıqlar olduğunu deyir, hakim "Gürcü Arzusu" partiyası isə deyir ki, ayrı-ayrı qanun pozuntuları olsa da, seçkinin nəticəsinə təsir edəcək səviyyədə deyil.

Şənbə günü keçirilən parlament seçkisində hakim “Gürcü Arzusu” partiyasının qələbə çaldığı bildirilib.

Müxalifət və ölkə Prezidenti səsvermənin rəsmi nəticələrini tanımaqdan imtina edir. Onlar Mərkəzi Seçki Komissiyasının iştirakı olmadan yeni seçkilərin keçirilməsini tələb edir.

Müxalifətin Tbilisidə keçirilən mitinqində koalisiya adından ölkədə yeni seçkilərin keçirilməsi tələbi ilə “Birlik – Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze çıxış edib. O, yeni seçkilərin “beynəlxalq seçki administrasiyasının rəhbərliyi altında” keçirilməsini istəyib.

Mitinqə ölkə Prezidenti Salome Zurabişvili də gəlib. O, əvvəlcə tədbiri elan edərək, vətəndaşları bu aksiyada iştiraka çağırıb. Prezident mahnılarla qarşılanıb.

“Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq. İndi bədbinliyin vaxtı deyil, indi sakit və başımızı qaldıraraq səslərimizi müdafiə etmək vacibdir”, - Gürcüstan Prezidenti aksiyadakı çıxışında deyib.

Daha əvvəl Salome Zurabişvili bildirib ki, ABŞ və Avropa İttifaqı etirazları dəstəkləməlidir. O, Qərb siyasətçilərini hakim partiya ilə əlaqələri bərpa etməməyə çağırıb.

Salome Zurabişvili

Şəklin mənbəyi, Reuters

Aksiyada minlərlə adam iştirak edib. Onlar əllərində Aİ-nin bayrağını tutublar.

Etirazçıların çoxu aksiyaya uşaqları ilə gəlib. Onlar BBC-nin “Uşaqlarınızın təhlükəsizliyi üçün qorxmursunuzmu” sualına cavablarında “mitinqin dinc başa çatacağına əmin olduqlarını, uşaqlarına böyüklərin azadlıq uğrunda necə mübarizə apardıqlarını və Rusiyanın ölkələrinə təsirinə qarşı olduqlarını göstərmək istədiklərini” deyiblər.

Bu arada, Reuters-in Aİ-dəki mənbələri qurumun seçkinin nəticələrindən "məyus" olduğunu bildirib.

Beynəlxalq müşahidəçilər missiyası bildirib ki, namizədlər təşviqat aparmaqda azad olsalar da, Gürcüstandakı seçkilər qütbləşmə və seçicilərin sıxışdırılması ilə bağlı hesabatlarla yadda qalıb.

Parlament seçkilərinin nəticələrinə qarşı müxalifətin etirazları nisbətən sakit keçib. Lakin bu, müxalifətin bundan sonra da siyasi təzyiqlərdən istifadə etməyəcəyi mənasına gəlmir.

 Irakli Kobakhidze
Şəklin alt yazısı, "Gürcü Arzusu" Partiyasının lideri və Baş nazir Irakli Kobakhidze
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Daha əvvəl hakim "Gürcü Arzusu" partiyasının şənbə günü keçirilmiş parlament seçkisinin qalibi olduğu açıqlanıb. İlkin nəticələrə görə, partiya 54 faiz səs toplayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan "Gürcü Arzusu” partiyasının lideri və Baş nazir İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıblar.

Müxalifət iddia edir ki, seçki saxtalaşdırılıb və nəticələri qəbul etmir.

Baş nazir İrakli Kobaxidze müxalifətin “fırıldaqçılıq” iddialarını rədd edib.

İrakli Kobaxidze BBC-yə deyib ki, “hər ölkədə qanun pozuntuları müşahidə olunur, lakin bu, seçkinin nəticələrinə təsir etmir”.

Seçki zamanı zorakılıq hallarının olması ilə bağlı iddialarla bağlı o deyib ki, "bəzi hadisələr baş verib".

Qərbyönlü Gürcüstan Prezidenti Salome Zurabişvili isə "seçkilərin nəticələrinin dəyişdirildiyini" iddia edərək, parlament qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Bu nəticə Rusiya ilə münasibətləri dərinləşdirmək istəyən hakimiyyətlə Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək istəyən müxalifət arasında seçim kimi təqdim edən qərbyönlü gürcülərə zərbə kimi qiymətləndirilir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri həm seçki günü, həm də xüsusilə təşviqat kampaniyası dövründə çoxsaylı qanun pozuntularını qeyd ediblər.

Təşkilat həmçinin bəyan edib ki, seçki öncəsi "qeyri-bərabər imkanlar səsvermənin nəticələrinə və onun ədalətliliyinə inamı sarsıdıb".

“Seçkilərin nəticələrinə təsir edə biləcək şikayətlər”

Gürcüstanın seçki müşahidə qrupu ISFED də bildirib ki, seçki qutusuna artıq bülletenlərin atılması, seçicilərin hədələnməsi və rüşvətxorluqla bağlı seçki nəticələrinə təsir edə biləcək şikayətlər alıblar.

Qurumdan bildiriblər ki, səslərin hesablanması zamanı heç bir ciddi qanun pozuntusu aşkar edilməyib, səslərin əksəriyyəti elektron qaydada verilib.

Ölkənin dörd əsas müxalifət partiyası nəticələri tanımayacaqlarını bildirib, müxalifət liderlərindən biri isə seçkiləri “konstitusion çevriliş” kimi qiymətləndirib.

Seçki kampaniyası zamanı ölkəsini Ukrayna müharibəsi kimi şəraitlərdən kənarda saxlamağı vurğulayan "Gürcü Arzusu" partiyasının milyarder qurucusu Bidzina İvanişvili qələbəni elan edib.

İvanişvili

Şəklin mənbəyi, Reuters

İvanişvili iddia edib ki, onun partiyası 2012-ci ildən bəri ən yaxşı performansına nail olub və bəzi kənd yerlərində təxminən 90 faiz səs toplayıb.

İvanişvilinin "Gürcü Arzusu" partiyası ölkəni Avropa İttifaqına qəbul etdirmək istədiyini desə də, Brüssel Gürcüstanın üzvlük ərizəsinin hakim partiyanın meyilləri səbəbindən dondurulduğunu bildirir.