İranda etirazların 100-cü günü: "Geriyə yol yoxdur"

Şəklin mənbəyi, Getty Images
İranda 1979-cu il inqilabından sonra hökumət əleyhinə ən uzunmüddətli etirazların 100-cü günüdür.
BBC-nin Farsca xidmətindən Parham Ghobadi-yə görə, bu etirazların nəticəsi iranlılar üçün ağırdır.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyinə (HRANA) görə, indiyədək 69-u uşaq olmaqla ən az 500 nəfər etirazçı öldürülüb.
Yayılan xəbərlərə görə, iki etirazçı edam edilib, 26 nəfərsə öz edamını gözləyir.
İran hakimiyyəti bu etirazlara görə, "xarici qüvvələri" günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.
Əvvəllər də 2017, 2018 və 2019-cu illərdə uzunmüddətli ümummilli nümayişlər İranı bürüsə də, son aksiyalara cəmiyyətin bütün təbəqələrinin qatılması və qadınların "qadın", "həyat", "azadlıq" şüarları ilə etirazlara rəhbərlik etməsi prosesləri əvvəlkindən fərqləndirir.
Bəzi iranlı məşhur insanlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.
Bu şəxslərdən biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. Əlidoosti hazırda Tehranın məşhur Evin həbsxanasında saxlanılır.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Məşhur aktrisa başı açıq fotosunu paylaşaraq gənc etirazçının edamını pisləyib. Ona “Satıcı” filminin rejissoru Əsgər Fərhadi də dəstək olub.
"Ölüm təhdidləri"
Ölkəni tərk etməli olan məşhur aktyorlardan biri olan Pegah Ahangarani BBC Farsca xidmətinə açıqlamasında ölkədə hər iki tərəfin radikallaşdığını və İranın artıq aksiyalardan əvvəlki dövrə qayıda bilməyəcəyini deyib.
Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.
İranın məşhur futbolçularından biri, Dubayda yaşayan Əli Kərimi də etirazlara dəstək verib. Onun sözlərinə görə, İran kəşfiyyatçıları onu öldürməklə hədələyib və nəticədə o, ABŞ-a köçməyə məcbur olub.
Kərimi hazırda 14 milyondan çox izləyicisi olan İnstagram hesabından İran rejimini ən açıq şəkildə tənqid edənlərdən biridir.
İranın digər futbol ikonası Əli Daei ümummilli tətilə dəstək verdikdən sonra məhkəmə qərarıyla onun zərgərlik dükanı və restoranı bağlanıb.
Bu aksiyaları əvvəlkilərdən fərqləndirən daha bir xüsusiyyət nümayişçilərin "Molotov" kokteylindən istifadə etməsi olub. Bunlar Bəsic polisləri və Həvza bazalarına, eləcə də şiə müsəlman din xadimlərini yetişdirən dini məktəblərə qarşı istifadə edilib.

Şəklin mənbəyi, Reuters
İranın Z nəsli bu etirazların önündədir, sərt dini qaydalara meydan oxuyur və hicabların yandırılması kimi yeni tendensiyalar ortaya qoyur.
Gənc etirazçılar arasında daha bir yeni tendensiya şiə müsəlman din xadimlərinin arxasınca gedərək onların çalmalarını vurub salmaq və qaçmaqdır.
Bir yeniyetmə azadlığa çıxdıqdan iki gün sonra intihar edib
İranlı gənc qadınları da hicablarını yandıraraq və ya ölkənin sərt dini qaydalarına məhəl qoymadan etirazların ön cərgəsindədirlər.
Gənclərin etiraz üsullarından biri də şiə din xadimlərinə arxadan yaxınlaşaraq başlarından əmmamələrini vurub salmaqdı.
16 yaşlı Ərşiyə Emamqolizadə ötən ay Təbrizdə bu hərəkətinə görə saxlanılıb. 10 gün həbsdə olan yeniyetmə azadlığa çıxdıqdan iki gün sonra intihar edib.
Ailəsi onun həbsdə olarkən çubuqlarla döyüldüyü və naməlum dərmanlar verildiyi üçün intihar etdiyini deyir və rəsmi qurumları günahlandırır.
İran hakimiyyətinin ailələrə təzyiq göstərdiyi və həyatını itirən nümayişçilərin cəsədləri ilə bağlı onların ailələri ilə "bazarlıq etməyə" - onları susdurmağa çalışdığı iddia edilir.
BBC Farscaya bir mənbə bildirib ki, belə bir təzyiqdən qorxan öldürülmüş etirazçının qardaşı onun meyitini meyitxanadan oğurlayıb və saatlarla şəhəri gəzib.
27 yaşlı Mehran Samakın İranın futbol üzrə dünya çempionatında uduzmasından sonra avtomobilinin siqnalını çaldığına görə öldürüldüyü bildirilir.
Həbsdə ölən 23 yaşlı Hamed Salahşorun ailəsi gəncin bədənində dəhşətli işgəncə izlərinin olduğunu bildirib. Bir çox saxlanılan şəxsin müxtəlif işgəncələrə məruz qaldığı bildirilir.
Edam və işgəncə
İndiyədək iki nəfər etirazlarla bağlı məhkum edildikdən sonra edam edilib. Ölüməməhkum edilənlərin çoxu işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Kürdüstan İnsan Haqları Şəbəkəsi qeyri-hökumət təşkilatı edama məhkum edilmiş kürd əsilli iranlı reper Saman Yasinin çərşənbə axşamı intihara cəhd etdiyini bildirib. Hüquq müdafiə qrupu daha əvvəl Yasinə həbsdə olarkən işgəncə verildiyini bildirib.
BBC Farscanın əldə etdiyi audio faylda 26 yaşlı həvəskar bodibilder Səhənd Nurməhəmmədzadənin həbsxanada bir neçə dəfə saxta edamlara məruz qaldığını iddia edir.
O, sentyabrın 23-də Tehranda keçirilən etiraz aksiyası zamanı məhəccərləri sökərək magistral yolda nəqliyyatın hərəkətinə mane olmaqda günahlandırılıb, o, bunu təkzib edib.
BBC Farsca həmçinin həbsdə olan radioloqun ağciyərini deşərək üç qabırğasının sındığını göstərən rentgen görüntüləri əldə edib. Doktor Həmid Ghare-Hasanlou ölüm cəzası nəzərdə tutan "Yer üzündə korrupsiya" cinayətində təqsirli bilinib.
Məlumatlı mənbə Amnesty İnternational-a bildirib ki, doktor Ghare-Hasanlou məcburi "etiraf" almaq üçün işgəncələrə və pis rəftara məruz qalıb.




