Bakı metrosunda sıxlıq: "Xarabanın yiyəsi yoxdur"

Şəklin mənbəyi, Sosial media
Bakı metrosunda iyunun 1-i axşam saatlarında sıxlıq yaşanıb.
Sosial mediada bununla bağlı videolar paylaşılıb.
Görüntülərdə sərnişinlər qatarın dolu olmasına baxmayaraq, vaqonlara minməyə çalışırlar.
Yerli medialar bu sıxlığı paytaxtda 1 iyun Uşaqların Müdafiəsi günü ilə bağlı keçirən tədbirlərlə əlaqələndiriblər.
Sərnişinlər Bakı Metorpolitenindən şikayətləniblər.
Onlar hesab edir ki, Metropolitenin rəhbərliyi tədbirlə bağlı qatarın hərəkət cədvəlində dəyişiklik etməyib. Ona görə də sıxlıq yaranıb.
"Xarabanın yiyəsi yoxdur", - sərnişinlərdən biri deyib.
Bakı Metropoliteni sıxlığı sərnişinlərin gec saatlarda kütləvi şəkildə qatara minməsi ilə əlaqələndirib.
Qurumun sözçüsü Bəxtiyar Məmmədov BBC Azərbaycancaya bildirib ki, gecə saat 23:57 radələrində Bakı metropoliteninin Sahil metro stansiyasında çəkilən görüntülər metropolitenin fəaliyyəti ilə bağlı "həqiqəti əks etdirmir".
Onun sözlərinə görə, metrostansiyada sərnişin sıxlığı saat 23:45-dən sonra artmağa başlayıb.
"Gecə saat 1-ə 4 dəqiqə işləmiş və 1-ə 10 dəqiqə işləmiş iki qatarla sərnişinlərin hamısı mənzil başına tam çatdırılıb", - Bəxtiyar Məmmədov deyib.
Bakıda metrolar gecə saat 12-yə qədər işləyir.
Yayılan videoların birində də sıxlığın metronun bağlanmasına bir neçə dəqiqə qalmış çəkildiyi görünür.
Lakin sosial media istifadəçiləri həmin vaxtdan bir saat əvvəl də bəzi stansiyalarda sıxlığın olduğunu bildiriblər.
Sərnişinlərdən bəziləri məcbur qalıb, evlərinə piyada getdiklərini yazıblar.
Videoya YouTube kanalımızda baxın







