“Azərbaycanla enerji sistemlərimiz birləşəcək” - Paşinyan
Ermənistan və Azərbaycan enerji sistemlərini inteqrasiya edəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
"Bəli, şübhəsiz və birmənalı Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək və həm ixrac, həm də idxal potensialından bərabər şərtlərlə qarşılıqlı şəkildə istifadə edəcəklər", - Paşinyan deyib.
Onun sözlərinə görə, bu, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) bir hissəsidir.
Yanvarın əvvəlində ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton görüşündən sonra yayılan birgə bəyanata görə, layihəni həyata keçirmək üçün "TRIPP Development Company" şirkəti yaradılacaq.
Ermənistan və Azərbaycan ötən ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Ağ evdə sülh sazişini paraflayıblar.
TRIPP Ermənistanın cənubundan keçərək, Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək.



