ATƏT-in Seçki Missiyası: "Seçicilərə həqiqi siyasi alternativlər təklif edilməyib"

Şəklin mənbəyi, Getty Images
ATƏT-in Seçkiləri Müşahidə Missiyası bazar ertəsi bəyan edib ki, 1 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib.
Missiyanın xüsusi koordinatoru və ATƏT-in qısa müddətli müşahidəçilərinin lideri Michael Creed bildirib ki, bu seçkilər məhdudlaşdırıcı siyasi və qanuni mühit şəratində keçirilib, siyasi plüarizm yetərsizliyi seçki prosesinə xələl gətirdi.
Michael Creed deyib ki, bundan başqa, seçki komissiyalarında hakim partiyanın üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərə əlçatımlığa qoyulan məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq və inkluzivlik prinsiplərinə ziddir.
“Fərqli fikir bildirən şəxslərə qarşı davam edən repressiya fonunda keçən təşviqat kampaniyası nəzərə çarpmırdı və vətəndaşların qorxu və cəzalandırmadan azad mühitdə iştırakını təmin etmək üçün səylər göstərilməmişdir. Prosesdə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökümətin siyasətini dəstəkləyirdilər”, - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin hesabatında deyilir.
“Bu seçkilər üçün 6,4 milyon seçici qeydə alınmışdır. Bu sayın səsvermə yaşında olan vətəndaşların sayından təxminən 1,2 milyon nəfər az olması məlumatların düzgünlüyünə və seçici siyahısının inklüzivliyinə dair narahatlıq yaradır”, - missiyanın yaydığı hesabatda deyilir.
ATƏT Parlament Assambleyası missiyasının rəhbəri Lucie Potůčková bildirib ki, bu seçkilərdə həqiqi seçimin və iştirakçılığın olmaması əhali arasında “siyasi laqeydliyə səbəb olub”.
Onun sözlərinə görə, mediaya qarşı davam edən məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən əsassız həbslər kimi həyəcanverici tendensiyalar “siyasi diskursları qəti şəkildə boğur”.
“Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”, - o deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkisində respublika üzrə seçici fəallığı 37,27 faiz olub, yerli media yazıb.
Bazar günü 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb, Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.
Budəfəki seçkilərdə bəzi yeni və ya uzunmüddətdir Milli Məclisdə təmsil olunmamış Respublikaçı Alternativ, Azərbaycan Milli İstiqlal, Milli Cəbhə və Ədalət, Hüquq, Demokratiya Partiyalarının adını ilkin nəticələrin açıqlandığı siyahıda görmək olar.
Sosioloji Tədqiqatlar Mərkəzinin açıqladığı "exit-poll" nəticələrinə görə, "Yeni Azərbaycan Partiyası bu seçkidə "qələbə qazanıb", - APA agentliyi yazıb.
MSK məlumatına görə, Azərbaycanda 7 milyona yaxın seçici var, onlardan təxminən 2,2 milyon nəfəri bu seçkilərdə səs verib.
Bu arada, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş parlament seçkilərinin "işğaldan azad olunmuş torpaqlar da daxil ölkənin bütöv ərazisində keçirilməsinin tarixi vacibliyi"ni vurğulayan bəyanat yayıb.
Yuxarıda gördüyünüz nəticələri Mərkəzi Seçki Komissiyası açıqlayıb. Hələ ki, bu ilkin nəticələrə görə, yeni parlamentin 120 üzvünün adı bəllidir və onlardan 68 nəfəri YAP təmsilçisidir. Beş dairənin nəticələri hələ ki sayılmaqdadır. Dairələrin nəticələri təqdim etmək üçün iki gün vaxtı var.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, MSK
Xırdalanda 1 nömrəli məktəbdə yerləşən 48-ci Abşeron seçki dairəsinin 4, 5 və 9-cu məntəqələrində "karusel" - bir şəxsin bir dəfədən artıq səs verməsi müşahidə olunub. Videonu burada izləyin.

Şəklin mənbəyi, Getty Images
MSK-nın müşahidə kameralarından görünüb ki, 52 saylı Yevlax seçki dairəsinin 8 saylı məntəqəsində seçki qutularından biri şəffaf yox, rənglidir.
Azərbaycan Seçki Məcəlləsinə görə, seçki qutularının ölçüləri (daşınan və daşınmaz seçki qutuları üçün ayrıca olmaqla) MSK tərəfindən təsdiqlənir. Qutuların rəngi şəffaf olmalıdır və onların şəffaflıq dərəcəsi içlərinin dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir.
BBC məsələ ilə bağlı MSK-dan şərh ala bilməyib.
Neftçalada seçkini izləyən müxbirimiz namizəd Tənzilə Rüstəmxanlının vəkili Mübariz Hüseynov tərəfindən hədələnib. Videonu aşağıda izləyin, video açılmırsa, YOUTUBE kanalımızda baxın.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Seçkiləri kim izləyib?
Seçkiləri ATƏT-in müşahidə missiyası, MDB ölkələrindən müşahidəçilər də daxil olmaqla, 600-dən artıq beynəlxalq və 100 mindən çox yerli müşahidəçinin izləyəcəyi bildirilmişdi.
Hakimiyyət Avropa Şurasının Parlament Assambleyasını (AŞPA) müşahidəçi kimi dəvət etməyib. Rəsmi Bakı bildirib ki, "bunun yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla, siyasi səviyyədə verilən vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin qurumdakı mandatının hələ də bərpa olunmamasıdır".
Azərbaycan AŞPA-dakı səlahiyyətlərinin dondurulmasının lehinə səs verən 76 deputatı arzuolunmaz şəxs - “persona non grata” elan edib. Qurum Bakının bu qərarını tənqid edib.
Erkən parlament seçkisinin keçirilməsi ilə bağlı sərəncam iyunun 28-də Prezident İlham Əliyev tərəfindən verilib.
Bu ilin iyununda Azərbaycan parlamenti özünü buraxmaq və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Parlament hesab edib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması və parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi üçün yeni tərkibdə parlamentə ehtiyac var.
Azərbaycanda 2020-ci ildə baş tutan sonuncu parlament seçkisi də növbədənkənar olub.
Seçkidə azı iki dəfə səs vermiş seçicinin videosunu burada izləyin.

Şəklin mənbəyi, Getty Images
Seçkidə fəallıq necə olub?
Saat 17:00-a olan məlumata görə isə, seçki fəallığı 33.82 faiz olub, Mərkəzi Seçki Komissiyası açıqlayıb.
Mərkəzi Seçki Komissiyası bildirib ki, saat 15:00-a olan məlumata görə, seçici fəallığı 29.49 faizdir.
Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, hazırda ölkə üzrə seçici fəallığı 20,39 faiz təşkil edir.
Qurumun saat 10:00-a olan məlumatında isə, seçici fəallığının 9, 92 faiz olduğu qeyd olunurdu.
Hazırda bəzi məntəqələrdə olan BBC müxbirləri isə bildirir ki, daha əvvəlki seçkilərlə müqayisədə 2024 parlament seçkisində aktivlik "çox aşağıdır".
20-yə yaxın məntəqədə seçkini müşahidə edən BBC müxbiri deyir ki, heç bir məntəqənin rəsmi şəxsləri onun seçici fəallığı ilə bağlı sualına dəqiq cavab verməyib.
Bundan başqa, Mərkəzi Seçki Komissiyasının müşahidə kameralarından da seçici aktivliyinin aşağı olduğunü görmək mümkündür.
Prezident İlham Əliyev, vitse prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva səsvermədə iştirak ediblər.
Seçki saxtakarlığı: 2 dəfə səs verən seçicilər danışmaq istəmirlər. Videonu burada izləyin.
Seçkidə kimlər iştirak edib?
Namizədlər arasında müxtəlif partiyaların təmsilçiləri və bitərəf şəxslər var. Ölkə üzrə bütün seçki dairələrinə yalnız hakim Yeni Azərbaycan Partiyası namizəd irəli sürüb.
Azərbaycanın əsas müxalifət partiyalarından biri sayılan AXCP seçkini boykot edib. Partiya 2015-ci ildən bəri ardıcıl olaraq, seçkiyə getmir.
Müsavat və Real partiyaları isə seçkidə iştirak ediblər.
Nəticələr nə zaman məlum olacaq?
Mərkəzi Seçki Komissyasının məlumatına görə, seçkidə səsvermə bu gün saat 19:00-da yekunlaşıb.
İlkin nəticələr bu gün elan olunub. Bundan başqa, MSK gün ərzində saat 12:00, 15:00, 17:00 və 19:00-da seçkinin gedişatı ilə bağlı məlumat verib.








