Rusiya ilə Azərbaycan arasında Ukrayna və Qarabağa görə “media müharibəsi” alovlanır

İzolda Ağayeva, Məhərrəm Zeynalov

BBC, Bakı

Səsgücləndiriciləri

Rusiya ilə Azərbaycan arasında media müharibəsi alovlanır: yaz aylarından başlayaraq Rusiya rəsmiləri Ukraynadakı müharibəni guya düzgün işıqlandırmadıqlarıına görə Azərbaycan xəbər saytlarına girişi bağlayır, Azərbaycan isə RİA Novosti agentliyinin saytını bloklayıb.

Cümə günü məlum olub ki, Bakı Rusiyanın Sputnik agentliyinin əməkdaşlarına ölkədə yaşamaq icazəsini verməkdən imtina edilib.

Rusiyada Azərbaycan KİV-lərini Ukraynada müharibənin ilk günlərindən bloklamağa başlayıblar. Azərbaycanın Minval.az, Haqqin.az və Oxu.az saytlarının rəhbərləri BBC Azərbaycanca xidmətinə bildiriblər ki, onlar Roskomnadzordan heç bir xəbərdarlıq almadan bloklanıb.

Roskomnadzorun saytında yalnız Minval.az və Oxu.az haqqında məlumat var. Deyilib ki, həmin saytlara giriş Rusiya Məlumatın mühafizəsi qanunu əsasında bloklanıb, lakin heç bir konkret səbəb göstərilməyib.

Bakıda bunu Ukraynadakı müharibənin işıqlandırılması ilə əlaqələndirirlər.

Populyar yerli agentlik olan 1news.az-dan BBC Azərbaycancaya bildiriblər ki, mətnlərdən birini silimək tələbi Roskomnadzordan onlara da gəlib.

Rusiya tərəfinin məktubunda deyilir ki, saytdakı məqalələrdən biri Rusiya Federasiyasında ictimai-siyasi sabitliyi pozur.

"Paylaşdığımız məqalə məlumat xarakteri daşıyırdı və rəsmi Ukrayna mənbəyi olan Ukrayna Silahlı Qüvvələrinə istinadla dərc olunmuşdu. Görünür, Roskomnadzor əməkdaşlarının xoşuna gəlməyən məhz bu idi", - agentliyin baş redaktoru Kəmalə Məmmədova bu barədə yazıb.

Azərbaycanda, həqiqətən də, Ukraynaya rəğbət bəsləyənlər çoxdur, Bakıda Ukraynaya dəstək mitinqlər keçirilirilib, Azərbaycan mediası Rusiya işğalını işıqlandırarkən tez-tez dünya və Ukrayna mətbuatına istinad edir.

Cavab addımları

Cavab addımları

Azərbaycan mətbuatının Ukraynadakı hazırkı müharibəni işıqlandırması Rusiyada bəzilərinin xoşuna gəlmirsə, Azərbaycanda da çoxları Rusiya mətbuatının qonşu Ermənistanla Qarabağ münaqişəsinin işıqlandırılmasına yanaşmasından narazıdır.

Hələ aprel ayında Azərbaycan parlamentinin iki deputatı, eləcə də Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bölməsinin bağlanmasını təklif etmişdilər. Quliyev yazıb ki, Marqarita Simonyan öz Telegram kanalında dəfələrlə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çıxışlar edib.

2020-ci il Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra Simonyan sosial şəbəkələrdə, o cümlədən, yazıb: “Ermənistan vətəndaşları ancaq özlərini tənqid etməlidirlər. Erməni xalqının yeganə tarixi himayəçisi ilə münasibətləri korlayıb müharibə üçün zəmin yaradan milli xəyanətkarı hakimiyyətə gətirdikləri üçün.” 

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Və artıq iyunun əvvəlində tanınmamış “DQR” nümayəndələrindən biri ilə müsahibə dərc edilmiş RİA Novosti saytına Azərbaycanda giriş bağlandı.

Həmin müsahibəyə Azərbaycan XİN-i ​​münasibətini bildirib.

“Rusiyanın dövlət informasiya agentliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, böhtan xarakterli və separatçılıq meyllərini təbliğ edən məlumatların yayılması Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və bu səbəbdən ciddi təəssüf doğurur”, - XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva elə həmin RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Rusiya rəsmiləri RİA Novosti saytının bloklanmasını şərh etməyiblər.

Lakin iyunun 10-da Azərbaycan mediası RİA Novosti saytından həmin müsahibənin yoxa çıxdığını qeyd edib. Həmin müsahibənin linki "RİA.ru-da belə bir səhifə yoxdur" ifadəsi olan bir səhifəyə aparır.

BBC RİA Novosti-yə mətnin həqiqətən də redaksiyanın özü tərəfindən çıxarılıb-çıxarılmadığını, əgər çıxarılıbsa, bunun Azərbaycanın etirazı ilə bağlı olub-olmadığını aydınlaşdırmaq xahişi ilə sorğu göndərib, lakin bu məqalə işıq üzü görənədək heç bir cavab olmayıb.

"Gizli duel"

"Gizli duel"

Mətnin yoxa çıxmasına baxmayaraq, Sputnik agentliyinin Azərbaycandakı şöbəsi onun nəticəsini görüb.

İyunun 10-da məlum olub ki, Sputnik-Azərbaycanın baş redaktoru Veronika Antonova-Trizno və onun əri, Sputnik mətbuat mərkəzinin prodüseri Anton Pavlov Azərbaycanda işləmək icazəsini uzada bilməyiblər. Onların bu barədə xahişi təmin olunmayıb. Bu məlumatı BBC Azərbaycancaya Dövlət miqrasiya xidməti təsdiqləyib.

Media eksperti, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev baş verənləri “gizli duel” adlandırır. Onun sözlərinə görə, Rusiya Azərbaycana qarşı ikili siyasət aparır.

“Bir tərəfdən Rusiya Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olduğunu bəyan edir, dinc yanaşı yaşamanı, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin digər tərəfdən, Rusiya KİV-lərində “Dağlıq Qarabağ respublikası” ifadəsini işlədilir, onu qeyri-qanuni qurum adlandırmırlar və belə etməkdə davam edirlər”, Mehman Əliyev qeyd edib.

Onun sözlərinə görə, Bakıda bilirlər ki, Rusiyada mətbuat müstəqil deyil və belə halları Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirirlər, odur ki, Bakı da buna cavab olaraq Rusiya mətbuatına təsir edən addımlar atır.