Dağıstanda sinaqoqlara və kilsələrə silahlı hücum: ölənlər var

Şəklin mənbəyi, GYANZHEVI GADZHIBALAYEV/TASS
Dağıstanda polis əməkdaşlarına, kilsələrə və sinaqoqlara hücumlar nəticəsində çoxlu sayda insan həlak olub.
Ölənlər arasında azı 15 polis, bir keşiş və mühafizəçi var. Hücum edənlərdən 6-sı ölüb, polis digərlərini axtarır.
Hücum edənlərin kimliyi məlum deyil.
Bazar günü hücumlarda iki kilsə və iki sinaqoq hədəfə alınıb. Dağıstanın ən böyük şəhəri Mahaçqalada pravoslav kilsəsinin keşişi öldürülüb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qara paltar geyinmiş bir neçə şəxsin polis maşınlarına atəş açdığı görünür.
Qədim yəhudi icmasının məskəni olan Dərbənddə silahlı şəxslər sinaqoq və kilsəyə hücum edib, daha sonra onları yandırıblar.
“Telegram” çat-proqramında “Mash” adlı qeyri-rəsmi kanal bildirib ki, silahlı şəxslər Dərbənddə binalardan birində barrikada qurublar.
Serqokal kəndində polis maşınına hücum edilib. Polis bazar günü hücumlarından sonra Mahaçqala yaxınlığındakı Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu saxlayıb. Bundan əvvəl Ömərovun iki oğlunun hücumlarda iştirak etməsi barədə məlumat yayılıb.

Şəklin mənbəyi, Reuters
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Rusiyanın ən kasıb bölgələrindən biri olan Dağıstan əsasən müsəlmanların yaşadığı bölgədir.
2007-2017-ci illər arasında Qafqaz Əmirliyi, daha sonra isə Qafqaz İslam Əmirliyi adlı cihadçı təşkilat Dağıstanda və Rusiyanın qonşu Çeçenistan, İnquşetiya və Kabardin-Balkar respublikalarında hücumlar təşkil edib.
Təxminən bir həftə əvvəl Rusiyanın daxili təhlükəsizlik xidmətinin rəis müavini Federal Təhlükəsizlik Xidmətinin (FTX) sədrliyi ilə Mahaçqalada “terrorla mübarizə tədbirləri” müzakirə olunub. Görüşün məqsədi “nəqliyyat, mehmanxana və digər ictimai yerlərin” təhlükəsizliyinin yaxşılaşdırılması olub.
Aprel ayında FTX Dağıstanda Moskvanın Crocus City Hall binasına hücumda əli olmaqda şübhəli bilinən dörd nəfəri həbs edib.
İŞİD-in üzərinə götürdüyü bu hücumda 140-dan çox insan həyatını itirib.
Dağıstanda törədilmiş hadisəylə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri cənab Sergey Məlikova başsağlığı verib.
Rusiya Prezidentinin silahlı hücumla bağlı reaksiyası hələ məlum deyil.




