Luvr muzeyində qarət: Nə bilirik? 5 suala cavabda

muzey oğurluq

Şəklin mənbəyi, AFP via Getty Images

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Parisdəki Luvr muzeyinin qarət olunması, çox dəyərli zinət əşyalarının oğurlanması hələ də müzakirə olunur.

Hadisə necə baş verib, hansı zinət əşyaları oğurlanıb? Oğurlanan ləl-cəvahirat satıla bilərmi? Yaxın tarixdə belə böyük oğurluq halları olubmu?

BBC Azərbaycanca bu və bu kimi suallara cavab tapmağa çalışıb.

Luvr muzeyi Fransa oğurluq

Şəklin mənbəyi, Getty Images

1. Oğurluq necə baş verib?

muzey oğurluq Lüvr Fransa

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Oğrular muzeyin birinci mərtəbəsinin eyvanına çıxmaq üçün nəqliyyat vasitəsinin üzərindəki lift tipli pilləkənlərdən istifadə ediblər.

Soyğun oktyabrın 19-da, səhər saatlarında, Paris vaxtı ilə 09:30–09:40 arasında, muzey ziyarətçilərə açıldıqdan cəmi bir neçə dəqiqə sonra baş verib.

Dörd oğru avtomobilə bağlı mexaniki lift vasitəsilə Seine çayı yaxınlığındakı bir eyvana çıxaraq, muzeydə kral zinət əşyalarının saxlandığı Apollo Qalereyasına daxil olub.

Hadisə yerində çəkilmiş fotolarda avtomobilə bağlı nərdivənin birinci mərtəbənin pəncərəsinə söykəndiyi görünür.

Sonra oğrulardan ikisi simsiz kəsici ilə şüşələri kəsərək muzeyə girib.

Muzeyin mühafizəçilərini hədələyib uzaqlaşdırıblar və iki şüşə ilə örtülmüş sərgi qutusundan zinət əşyalarını oğurlayıblar.

Fransız mediasına görə, oğruların girdiyi üç otaqdan birində təhlükəsizlik kamerası olmayıb.

Fransanın mədəniyyət naziri Rəşidə Dati bildirib ki, oğrular "peşəkar şəkildə, heç bir zorakılıq və panika olmadan" hərəkət ediblər.

Onlar qalereyaya girdikdən sonra vitrinlərdəki zinət əşyalarını oğurlayıblar və motosikletlərlə qaçıblar.

Fransa daxili işlər naziri Loran Nunes-in sözlərinə görə, oğurluq cəmi yeddi dəqiqə çəkib.

2. Nə oğurlanıb?

zinət əşyaları muzey oğurluq

Şəklin mənbəyi, Luvr muzeyi

Şəklin alt yazısı, Muzeydən oğurlanan zinət əşyalarının bəziləri

Kral ailəsinə məxsus bir çox dəyərli əşyalar 1789-cu il Fransız İnqilabından sonra itib və ya satılıb. Qurtarılan və bəzən satın alınaraq ölkəyə qaytarılan əsərlər hələ də sərgilənir.

Hədəf alınan bölmədəki zinət əşyalarının çoxu 19-cu əsrə və Napoleon ilə onun bacısı oğlu III Napoleon dövrünə aiddir.

Fransa Mədəniyyət Nazirliyi oğurlanan əşyaları belə sıralayıb:

  • III Napoleonun həyat yoldaşı İmperatriça Euigenie-yə aid tac və broş
  • İmperatriça Marie Louise-ə aid zümrüddən boyunbağı və bir cüt sırğa
  • Kraliça Marie-Amelie və Kraliça Hortense-ə aid safirdən tac, boyunbağı və tək sırğa
  • "Röliker" adlı broş

İmperatriça Euigenie-yə aid tac muzeyin xaricində tapılıb. Oğruların qaçarkən tacı saldıqları ehtimal olunur.

muzey oğurluq Lüvr Fransa

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Oğrular muzeyə eyvandan giriblər.

3. Oğurlanan zinət əşyaları necə satıla bilər?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Oğruların bu əsərləri necə satacağı sualı maraq doğurur.

Tarixi zinət əşyaları üzrə mütəxəssis Vincent Meylan bu cür kataloqlaşdırılmış zinət əşyalarının mövcud formada yenidən satılmasının mümkün olmadığını vurğulayır.

Hollandiyalı sənət oğurluqları üzrə müstəntiq Arthur Brand isə oğruların başqa yollarla bu əşyaları satmağa çalışacağını düşünür.

"Yəni parçalamalı, qızılı və gümüşü əridib, almazları ayırmalıdırlar. Almazları ayrı satarsanız, heç kim onun bir soyğun nəticəsindı əldə edildiyini bilməz.

Qızılı əridəndə isə, bu yeni üzüklərin, toy üzüklərinin Napoleonun zinət əşyalarından gəldiyini heç kim bilməz. Yəqin ki, belə edəcəklər".

Cənab Brand bu cür soyğunların bəzən xüsusi kolleksiyaçılar tərəfindən sifariş edildiyinə dair inanclar olduğunu, lakin indiyə qədər belə bir şeyin yaşanmadığını bildirir:

"Heç kim bu qədər axtarılan əşyaları əldə etmək istəməz. Yəni dostlarınıza göstərə bilməzsiniz, uşaqlarınıza miras qoya bilməzsiniz, sata bilməzsiniz," – o deyir.

Fransa Mədəniyyət Nazirliyi zinət əşyalarının mədəni irs baxımından "ölçülməz dəyərə" sahib olduğunu bildirib.

4. Mütəxəssislər təhlükəsizliklə bağlı nə deyir

muzey oğurluq Lüvr Fransa

Şəklin mənbəyi, Getty Images

Arthur Brand bu soyğunun təhlükəsizlik boşluqlarını üzə çıxardığını və dünya miqyasında muzeylərin oxşar soyğunlardan narahat olması gərəkdiyini deyir.

Brand: "Dəli bir hekayədir. Son 10 ilin ən böyük soyğunlarından biri sayıla bilər. Əgər Luvr kimi dünyanın ən önəmli muzeyini hədəf alıb qaça bilirsinizsə, deməli təhlükəsizlikdə ciddi problem var," deyə bildirib.

Reuters agentliyinə soyğunu dəyərləndirən Brand deyir:

"Bu, oğruların ilk soyğunu deyil. Normal biri bir səhər oyanıb 'Soyğunçu olmağa qərar verdim, gəlin Luvrla başlayaq' deməz.

Bunlar peşəkar oğrulardır və daha əvvəl bu işi görmüş şəxslərdir. Özlərinə çox güvənirlər və 'Bəlkə də bu işdən qurtula bilərik' deyib hərəkətə keçiblər".

5. Daha əvvəl belə soyğunlar olubmu?

1911-ci ildə bir italyan muzey işçisi o zamanlar bu qədər məşhur olmayan Mona Lizanı divardan götürüb paltosunun altında çıxara bilmişdi.

O vaxt polis şair Giyom Apollineri və rəssam Pablo Pikassonu dindirmişdi.

İki il sonra əsər tapılmış və oğru Leonardo da Vinci-nin əsərinin İtaliyaya aid olduğunu əsas gətirərək soyğunu etiraf etmişdi.

Son dövrlərdə Fransız muzeylərini hədəf alan soyğunlar artmaqdadır.

2024-cü ilin noyabrında Parisdəki Cognacq-Jay Muzeyindən "böyük tarixi əhəmiyyətə malik" yeddi əsər oğurlanmışdı. Bu əsərlərin beşi yaxın günlərdə tapılıb.

Eyni ayda soyğunçular Burgundy bölgəsindəki Hieron Muzeyini hədəf almışdı. Atəş açan soyğunçular milyonlarla dollar dəyərində olan 20-ci əsr sənət əsərləri ilə qaçmağı bacarmışdı.

Bundan əlavə, 1983-cü ildə Luvrdan XVI əsrə aid bəzi zireh elementləri yoxa çıxmışdı. Onlar yalnız 2011-ci ildə tapıldı.

Ən son hadisə isə 1998-ci ildə baş verib: XIX əsr rəssamı Camille Corot-a məxsus tablo oğurlanıb.

Tablo, sadəcə, divardan çıxarılıb və heç kim bunu fərq etməyib. Nəticədə muzeyin təhlükəsizlik sistemi ciddi şəkildə gücləndirilib. Lakin əsəri tapmaq mümkün olmayıb.

Fransa daxili işlər naziri Loran Nunes-ə görə, "fransız muzeylərinin ümumilikdə zəif qorunduğu yaxşı məlumdur."

Son zamanlarda iki böyük oğurluq xəbərlərə çıxıb. Sentyabr ayında Parisdəki Təbiət Tarixi Muzeyindən 600 min avro dəyərində qızıl oğurlanıb, Limoges şəhərindəki Porselen Muzeyi isə 6,5 milyon avro dəyərində əşyaların oğurlanması ilə üzləşib.