Ukrayna müharibəsi: Baxmut Rusiya və Ukrayna üçün niyə önəmlidir?

James Landale

BBC-nin diplomatik məsələlər üzrə müxbiri

Rusiya, Ukrayna, müharibə, münaqişə

Şəklin mənbəyi, Getty Images

Ukraynanın kiçik sənaye şəhəri olan Baxmutda demək olar ki, hər yer dağılıb.

Ölkənin şərqində yerləşən şəhər yeddi aydan çoxdur Rusiya qüvvələrinin raket zərbələri altındadır.

Şəhər merinin müavini Oleksandr Marçenkonun bildirdiyinə görə, burada cəmi bir neçə min mülki əhali qalıb ki, onlar da su, qaz və elektrik enerjisi olmadan yeraltı sığınacaqlarda yaşamağa məcbur qalıblar.

“Şəhər demək olar tamamilə dağılıb. Burada müharibə nəticəsində zərər görməyən bina qalmayıb”, - şəhər rəsmisi BBC-yə deyib.

Bəs nə üçün Rusiya və Ukrayna bu dağıntı qalıqlarından ibarət kiçik şəhər uğrunda ağır döyüşlər aparır? Və nə üçün hər iki tərəf bu şəhəri müdafiə etmək və bu şəhərə hücum etmək üçün öz əsgərlərini qurban verirlər?

Hərbi analitiklər Baxmutun çox az strateji əhəmiyyətə malik olduğunu deyirlər. Bura hər hansı hərbi qarnizonun yerləşdiyi, nəqliyyat xətlərinin kəsişdiyi və ya ən çox əhalinin məskunlaşdığı bir şəhər deyil. İşğaldan əvvəl burada təxminən 70 min əhali yaşayırdı. Şəhər duz, gips mədənləri və böyük şərab müəssisələri ilə məşhur idi.

Baxmut hər hansı coğrafi əhəmiyyətə də malik deyil. Qərb rəsmilərindən birinin dediyi kimi Baxmut “1200 kilometrlik cəbhədə kiçik taktiki ərazilərdən biridir”.

Buna baxmayaraq Rusiya ən böyük hərbi resurslarını bu şəhəri ələ keçirmək üçün səfərbər edir. Qərb rəsmiləri Baxmutda və onun ətrafında gedən döyüşlərdə 20-30 min rus əsgərinin öldüyünü deyirlər.

Rusiya, Ukrayna, müharibə, münaqişə

Şəklin mənbəyi, Getty Images

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Simvolik də olsa, Rusiyanın qələbəyə ehtiyacı var. Rusiya qüvvələrinin Severodonetsk və Lisiçansk şəhərlərini ələ keçirdiyi yaydan bəri uzun müddət ötüb. Həmin vaxtdan bugünədək Rusiya çox kiçik ərazi əldə edib və bu proses indi də olduqca ləng gedir.

Ona görə də indi Rusiya Kremlini dəstəkləyən propaqandaçılara bu müharibənin uğurlu olduğunu göstərməyə ehtiyac duyur. Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Serhii Kuzan BBC-yə bildirib ki, ruslar “hərbi yox, siyasi missiya uğrunda” döyüşürlər.

“Ruslar siyasi məqsədlərini çatmaq üçün minlərlə insanı qurban verməyə davam edəcəklər”, - mərkəzin rəhbəri qeyd edib.

Rusiyalı komandirlər Baxmutu həm də hərbi səbəbdən ələ keçirmək istəyirlər. Onlar ümid edirlər ki, Baxmuta yiyələnsələr, bu, onlara daha çox ərazi əldə etmələri üçün imkan yaradacaq. Britaniya Müdafiə Nazirliyinin dekabrda bildirdiyinə görə, şəhərin ələ keçirilməsi “rus qüvvələrinə imkan verəcək ki, Kramatorsk və Sloviansk kimi daha geniş ərazilərdə insanlara təhdid yaratsın”.

Bununla belə hücumların mərkəzində yer alan Vaqner muzdlu qruplaşması ilə bağlı suallar yaranır.

Baxmutun mühasirəsində əsas rol oynayan qruplaşmanın lideri Yevgeny Prigozhin-in reputasiyasi ciddi zədələnib. O ümid edirdi ki, rəhbərlik etdiyi muzdlu qüvvə siravi rus ordusundan daha yaxşı döyüşdüyünü göstərə biləcək. O, minlərlə məhbusu öz dəstəsinə qoşaraq Ukrayna ordusuna qarşı ölümə göndərdi.

Əgər o, burada uğur qazanmazsa, o zaman onun Moskvada siyasi nüfuzu aşağı düşəcək. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir ayrılığında olan Prigozhin nazirin taktikasını tənqid edir və indi də kifayət qədər silah-sursat ilə təchiz olunmamasından şikayətlənir. Kuzan hesab edir ki, Kremldə öz təsir gücünü artırmaq uğrunda bu iki şəxs arasında gedən mübarizə “Baxmut və onun ətrafında mübarizənin davam etməsini şərtləndirir”.

Rusiya, Ukrayna, müharibə, münaqişə

Şəklin mənbəyi, Getty Images

Bəs minlərlə canlı qüvvəsini itirən Ukrayna nə üçün Baxmutun müdafiəsində inadkarlıq edir?

Əsas strateji hədəf Rusiya ordusunu bu döyüşdə zəiflətməkdir. Qərb rəsmisi bu döyüşü təsvir edərkən bildirib ki, “Baxmut Rusiyanın yanlış taktikası səbəbindən Ukraynaya daha çox rus əsgəri öldürmək şansı verir”.

NATO mənbələrinin hesablamalarına görə Baxmut döyüşlərində ölən hər beş rus əsgərinə qarşı Ukrayna bir əsgərini itirir. Ukraynanın milli təhlükəsizlik üzrə katibi Oleksiy Danilova görə bu rəqəm daha böyükdür və itki 7-nin 1-ə nisbətindədir.

Bu rəqəmlərin həqiqiliyini yoxlamaq qeyri-mümkündür.

“Baxmutda mübarizənin davam etməsi, bizə daha çox düşmən qüvvəsini məhv etmə imkanı verir və onların daha çox təchizatını darmadağın edə bilirik.Ona görə də, Baxmutu əldə saxlamağa davam edəcəyik”, - Serhii Kuzan BBC-yə bildirib.

Şəhəri müdafiə etməklə Ukrayna həm də Rusiya qoşunlarının cəbhənin digər istiqamətlərində cəmlənməsinə də mane olur.

Rusiya kimi Ukrayna da Baxmuta siyasi önəm verir. Ukrayna Prezidenti Volodimir Zelenski şəhəri “müqavimət emblemi” kimi təsvir edib. O, dekabrda Vaşinqtonda səfərdə olarkən Baxmutu “döyüş əzminin qalası” adlandırıb və ABŞ Konqresinə Baxmutun bayrağını verib.

“Baxmut döyüşü müstəqillik və azadlıq uğrunda apardığımız müharibənin trayektoriyasını dəyişəcək”, - Zelenski deyib.

Rusiya, Ukrayna, müharibə, münaqişə

Şəklin mənbəyi, Getty Images

Bəs Baxmut ələ keçirilərsə?

Baxmut ələ keçirilərsə, Rusiya qələbə qazandığını iddia edə bilər və bu, rus ordusu üçün əhval-ruhiyyəni yüksəldən xoş xəbər ola bilər. Ukrayna isə siyasi və simvolik itkidən əziyyət çəkər. Daha ukraynalılar sosial mediada “Baxmut ayaq üstədir!” şüarını səsləndirə bilməzlər. Lakin çox az insan Baxmutun itirilməsinin böyük hərbi təsir yaradacağını düşünür. ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, Baxmut ələ keçirilərsə, bu, hələ “Rusiyanın müharibənin gedişini dəyişdirməsi anlamına gəlməyəcək”.

Hərbi təhlilçi və Avstraliyanın keçmiş generalı Mivk Ryan düşünür ki, Rusiyanın irəliləməsi ləng baş verə bilər.

“[Baxmut itirilərsə] Ukraynalılar Kramatorsk ərazisində 8 ildir hazırladıqları müdafiə zonasına geri çəkilə bilərlər. Bu şəhər Baxmutla müqayisədə müdafiə baxımından daha əlverişli ərazidə yerləşir. Baxmutda olduğu kimi rus qoşunlarının Kramatorskda irəlilədiyi hər addım qanlı itkilər bahasına başa gələcək”, - Mick Ryan qeyd edib.

Beləliklə Baxmutda gedən döyüşlərin əhəmiyyəti daha çox tərəflərin nə qədər itki verməsi və bunun müharibənin növbəti mərhələsi üçün hansı mənaya gəlməsi ilə əlaqəlidir.

Görəsən Rusiyanın itkiləri onun hücumlarını zəiflədəcək dərəcədə çox olacaq yoxsa Ukraynanın itkiləri yaz aylarında əks-hücuma keçmə imkanlarını azaldacaq qədər böyük olacaq?