Nə vaxtsa yeni kainatda – metaversdə işləyəcəyikmi?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Jane Wakefield
- Vəzifə, Texnologiya müxbiri
Bəlkə də 50 il sonra bu günümüzdə istifadə etdiyimiz iki ölçülü internet çox arxaik görünəcək.
Yəqin ki, 50 il sonra internetlə təkcə ekrandan yox, hansısa başqa formada da əlaqədə ola biləcəyik.
İndiyə qədər biz obyektləri “Augmented Reality” (AR) ilə idarə etməyi öyrənmişik; Virtual Reallıq (VR) səltənətlərində isə real və rəqəmsal dünyaları bu gün təsəvvür edə bilmədiyimiz şəkildə birləşdirə bilərik.
Bəs bütün bunlar iş həyatımıza necə təsir edəcək?
Son dövrlərdə 9.00-17.00 aralıqlı iş qrafikindən və ənənəvi ofis konsepsiyasından uzaqlaşma tendensiyası müşahidə olunur.
2 il davam edən pandemiya virtual toplantılar bizə sevdirdi.
Bundan sonrakı addım hamının 3D formatlı cizgi filmlərindəki personajlara bənzəyən təmsilçilərinin ortalıqda dolaşdığı, bir-biriylə söhbət etdiyi və əlaqə yaratdığı virual metavers kainatında işləmək olacaqmı?
Metavers: mübahisəli mövzu

Şəklin mənbəyi, Getty Images
Hər şeydən əvvəl demək lazımdır ki, metavers şişirdilmiş anlayışdır, çünki “hələ belə bir virtual kainat yoxdur”.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hətta bu konsepsiyaya sərmayə qoyanlar arasında da metaversin necə olacağıyla bağlı konsensus yoxdur.
Bu gün rəqib olan virtual dünyalar gələcəkdə birləşəcəklərmi?
Biz orda real dünyadan daha çox vaxt keçirəcəyikmi?
Yeni virtul mühitləri idarə etmək üçün tamamilə yeni qaydalara ehtiyac yaranacaqmı?
Hələ ki bu sualların heç birinin cavabı yoxdur.
Amma şirkətlər metaversdə yeni qazanc imkanları gördükləri üçün konsepsiya şişirdildi və böyük ölçüdə diqqət çəkdi.
Artıq müxtəlif şirkətlər metaversdə Meta's Horizon Worlds, Roblox və Fortnite-dən tutmuş Sandbox və Dencentraland kimi yeni ərazilərə qədər bir çox istiqamətlərdə ilk çalışmalarını paylaşıblar.
Nike metaversdə virtual idman ayaqqabısı satır, HSBC Sandbox-da torpaq alıb. Coca-Cola, Louis Vuitton və Sotheby's şirkətləri isə Decentraland-da yer almağa üstünlük verib.
Metaverse terminini 30 il əvvəl ilk dəfə yazıçı Neil Stephenson işlədib - onun Qar qəzası kitabında əsərin qəhrəmanı virtual dünyada xoşbəxtlik tapır.
Bu fantaziyanı həyata keçirmək istiqamətindəki ən cəsarətli addım Facebook şirkətinin 2021-ci ilin dekabrında Meta adlandırılması oldu.
Amma Meta-nın məsələyə baxışı hamını inandırmadı.
Meta-nın baxışı hamını inandırmadı

Şəklin mənbəyi, Getty Images
Metaversin moderasiyası olduqca mübahisəlidir, çünki milyardlarla avatarın canlı söhbətlərini izləməyə çalışmaq təkcə texniki baxımdan çətin deyil; onların fəaliyyəti nəticəsində yaranacaq böyük həcmli məlumatlarla necə davranılacağı da vacib sualdır.
Stanford Universitetinin bir araşdırması zamanı məlum olub ki, virtual reallıqda 20 dəqiqə ərzində 2 milyard bədən hərəkəti qeydə alınır, bu isə şirkətlər üçün yeni zəngin məlumat bazası deməkdir.
HackerOne onlayn təhlükəsizlik şirkətinin həmtəsisçisi Alex Rice deyir ki, şirkətlər metaversi hətta öz işçilərinə açmazdan əvvəl də dizayna çox böyük vaxt sərf etməlidirlər.
"Ofislərdəki havadan-sudan söhbətlərin daim izlənilən metaversdə baş verməsi, heç şübhəsiz, ciddi nəticələrə səbəb ola bilər. İmsanlar həmkarlarıyla şəxsi və qeyri-rəsmi söhbətdə dediklərinə görə qəfil işdən çıxarıla bilərlər, çünki artıq bu söhbətlər kütləvi nəzarətin bir hissəsinə çevriləcək" - Rice deyir.
Immersive Wire texnologiya bülleteninin redaktoru Tom Ffiske isə qeyd edir ki, metaversdə işləmək barədə düşünmək hələ çox tezdir:
"Metaverslə bağlı müzakirələrdə hələ bir sıra problemlər var. Bu terminin tərifi hələ natamam və mübahisəliykən, gələcəkdə metavers kainatında işləyib-işləməyəcəyimizi söyləmək həqiqətən çətindir".

Şəklin mənbəyi, TOM FFISKE
"Şirkətlərdən niyə metaversdə olduqlarını soruşmaq lazımdır"
Canalys araşdırma şirkətinin baş analitiki Matthew Ball metavers layihələrinin 2025-ci ilə qədər tamamilə bağlanacağını düşünür, hesab edir ki, şirkətlərdən metaversdə olma səbəblərini soruşmaq lazımdır:
"VR qulaqlıqlarıyla çalışan işçilərin avatarlarını salamlamaq və ya virtual modellərini vizuallaşdırmaq hər şirkətə lazım deyil; o cümlədən, hər toplantıya VR qulaqlıqlarıyla qatılmaq da. VR qədər güclü və vacib “Zoom” və “Teams” proqramları vasitəsilə də qüsursuz söhbətlər təşkil etmək mümkündür".
Rəqəmsal brendinq şirkəti RGA-nın yaradıcılıq məsələlərinə məsul Şura üzvü Tiffany Rolfe-nin komandasının bir hissəsi artıq metaversdə işləyib.

Şəklin mənbəyi, TIFFANY ROLFE
Bu firma pandemiya dövründə telekommunikasiya şirkəti “Verizon” üçün “Fortnite”-də Amerika futbolu stadionu tikib.
Eyni zamanda, “Meta” ilə birlikdə “Horizon Worlds” daxilində bir musiqi dünyası yaratmaq üçün çalışıb.
Rolfe deyir ki, bu prosesdə dizaynerlər VR qulaqlıqları taxaraq digər tərtibatçılarla birlikdə virtual mühitdə işləyiblər.
Yeni iş üsulları yeni suallar yaradır və onlardan biri də belə qulaqlıqlardan istifadə müddətidir.
"Mənim komandam hər iki saatdan bir fasilə verirdi" – Rolfe belə deyir.
İnsanların artıq indidən virtual reallıqda işləməsi göstərir ki, bir iş yeri olaraq meta-kainatın kifayət qədər parlaq gələcəyi ola bilər.
Amma orda mövcud olacaq şeylər, çox güman, real dünyada gördüklərimizdən çox fərqlənəcək.
İşə gündəlik gedib-gəlmək rutinin gələcəkdə virtual reallığa çevrilməsi isə uzun illərdən sonra mümkün olacaq.







