"Azərbaycan Rusiya ilə gərginliyi azaltmalıdır" – deputat

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Milli Məclisin üzvü Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan Rusiya ilə gərginliyi azaltmağa çalışmalıdır.

O, hökumətyönlü haqqın.az saytına müsahibəsində bildirib ki, indiki vəziyyətdə Moskva ilə münasibətləri pisləşdirməyə ehtiyac yoxdur.

"Vəziyyətin daha da gərginləşməsi ölkəmizin milli və dövlət maraqlarına uyğun deyil. Azərbaycan və Rusiya arasında münasibətlərin korlanmasını istəyən qüvvələr var. Onlar ölkələrimiz arasında gərginliyin qanlı toqquşmayadək alovlanmasından məmnun olardılar", - haqqın.az saytı millət vəkilinin müsahibəsindən sitat gətirib.

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Onun açıqlaması bu həftə Azərbaycan və Rusiya rəsmilərinin Moskvada nəzərdə tutulan görüşü ərəfəsində olub.

Azərbaycan və Rusiyanın iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyalarının bu həftə Moskvada görüşəcəyi gözlənilir. Yerli media Azərbaycanın nümayəndə heyətinə baş nazirin müavini Şahin Mustafayevin başçılıq edəcəyini yazıb.

Azərbaycan nümayəndə heyətinin səfəri ərəfəsində Rusiya SOCAR-ın Ukraynadakı neft bazasını on gündə iki dəfə bombalayıb.

Bundan sonra Azərbaycanda Moskvaya qarşı daha sərt tədbirlərin görülməsi - məsələn, Ukraynaya silah satılması fikri səslənir.

Moskva ilə Bakının münasibətləri Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra gərginləşib.

Prezident İlham Əliyev deyib ki, Rusiya təyyarənin vurulduğunu etiraf etməli və təzminat ödəməlidir.