"Meydan TV işi" – jurnalist Şəmşad Ağa iki aylıq həbs edilib

Şəklin mənbəyi, Şəmşad Ağa Facebook
Fevralın 6-da Arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) iki ay bir gün müddətinə həbs edilib.
O, qaçaqmalçılıqda günahlandırılır.
Vəkili Şəhla Hümbətova BBC-yə deyib ki, Onun sözlərinə görə, Şəmşad Ağa itihamı qəbul etməyib, həbsini peşə fəaliyyəti ilə əlaqələndirib.
Jurnalist fevralın 5-də gecə saatlarında saxlanılıb.
"Polisin əlində evdə axtarışla bağlı məhkəmə qərarı olub. Evində axtarış aparılıb, komyuterləri, telefonları götürülüb", - Şəhla Hümbətova bildirib.
Vəkil, həmçinin qeyd edib ki, jurnalist Meydan TV işi üzrə qaçaqmalçılıqda şübhəli şəxs qismində saxlanılıb. Onun sözlərinə görə, jurnalist ittihamı qəbul etmir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Şəmşad Ağa daha əvvəl Meydan TV işi üzrə heç bir dindirilmədə iştirak etməyib, vəkil deyib.
"O, yalnız Toplum TV işi üzrə şahid qismində ifadə verib",- Şəhla Hümbətova bildirib.
Meydan TV-nin altı jurnalisti həbs olunub

Şəklin mənbəyi, SOSİAL MEDİA/KOLLAJ
Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Deko dekabrın 8-də həbs olunublar.
Dekabrın 6-da Bakıda jurnalistlərlə yanaşı, media mənsubları da olmaqla azı 10 nəfər şəxs saxlanılıb.
Media mənsubu Ülvi Tahirovun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkillər saxlanılan şəxslərin hamısına qarşı qaçaqmalçılıq maddəsilə ittiham irəli sürüldüyünü bildirirlər.
Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X sosial mediasında Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin həbsini "dərin təəssüf hissi ilə qarşıladığını" yazıb.
"Azad və müstəqil mətbuat istənilən demokratiyanın mühüm elementləridir. Jurnalistlər həbs, hədə-qorxu və zorakılıq qorxusu olmadan məsələləri işıqlandıra bilməlidirlər", cənab səfir vurğulayıb.
Politoloq Azər Qasımlı da saxlanılıb

Şəklin mənbəyi, Sosial media
Dekabrın axırlarında Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı saxlanılıb, bu barədə onun yaxınları məlumat yayıb.
Azərbaycan Daxili İşlər Nazirliyi onun saxlanıldığını yerli mediaya təsdiqləyib.
Azər Qasımlının vəkili Aqil Layıc BBC-yə bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
Cümə günü Azərbaycanda Meydan TV işiylə bağlı 6 jurnalist və əlavə 7 nəfər saxlanılıb. Onlardan üç nəfəri - saxlanılmış şəxslərin yaxınları sərbəst buraxılıb.
Artıq 40 saatdan bir qədər artıq müddətə saxlanılan digərlərinin bu gün məhkəməsinin olacağı gözlənilir.
Meydan TV işiylə bağlı daha 7 nəfər saxlanılıb

Şəklin mənbəyi, Orxan Məmməd
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Meydan Tv" əməkdaşları ilə birlikdə saxlanılan fotojurnalist Əhməd Muxtara bazar günü 20 sutka həbs verilib. Bu barədə BBC-yə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Əhməd Muxtar İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham olunub.
BBC məsələ ilə bağlı DİN-dən şərh ala bilməyib.
Cümə günü "Meydan Tv"-nin 6 jurnalisti ilə yanaşı, daha 7 nəfər saxlanılıb, bu barədə BBC-yə "Meydan TV"nin redaktoru Orxan Məmməd deyib.
Orxan Məmməd bildirib ki, "saxlanılan şəxslərin yaxınları dünən axşamdan onunla ünsiyyətdədirlər".
Jurnalist saxlanılan şəxslərdən bəzilərinin adlarını açıqlayıb.
Onlar fotojurnalist Əhməd Muxtar, Yunis Rza, media mənsubu Ülvi Tahirov, ekologiya fəalı Kamran Məmmədli, saxlanılan şəxslərdən birinin yaxını Elnur Cabbarzadədir.
Kamran Məmmədli və Yunis Rzanın, eləcə də Elnur Cabbarzasdənin daha sonra sərbəst buraxıldığı bildirilir.
Saxlanılanlardan Ülvi Tahirovun vəkili Bəhruz Bayramov BBC-yə bildirib ki, müvəkkili şübhəli şəxs qismində 48 saatlıq saxlanılır.
"Sabah (yəni, bazar günü) onun ifadəsi alınacaq. Ona da hamıyla eyni ittiham verilib", vəkil deyib.
Ülvi Tahirov qaçaqmalçılıqda ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyindən əlavə saxlanılan şəxslərlə bağlı şərh almaq mümkün olmayıb.

Şəklin mənbəyi, Sosial media
Cümə günü Heydər Əliyev adına Hava limanında saxlanılmış jurnalist Ramin Deko Cəbrayılzadə ifadəsi alındıqdan sonra, saxlanılma məntəqəsinə göndərilib, yaxınları BBC-yə bildirib.
Digər bir saxlanılmış jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev jurnalistlərə deyib ki, müvəkkilinə "psixoloji təzyiq göstərilib".
"Xəyalənin dediyinə görə, ona psixoloji təzyiq göstərilib, vəkili yanında olmadan izahatı alınıb. Hüquqları izah olunduqdan sonra, öncə verdiyi izahatından imtina etdi".
Vəkil bildirib ki, Xəyalə Ağayeva həbsini jurnalist fəaliyyətiylə əlaqələndirib.
Hər iki jurnalist qaçaqmalçılıqda təqsirləndirilir, vəkilləri bildirir.
Azərbaycanda bu gün daha altı jurnalist saxlanılıb

Şəklin mənbəyi, Sosial media
Azərbaycanda dekabrın 6-da daha 6 jurnalist saxlanılıb.
Almaniyada mənzillənən Meydan TV rəhbərliyi açıqlama verib ki, dekabrın 6-da, cümə günü saat 13:00 radələrində Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə kəsilib və onların Bakı Şəhər Baş Polis idarəsində saxlanıldığı məlum olub.
Meydan TV bildirib ki, saxlananlar - Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Natiq Cavadlı, Aysel Umudova və müstəqil jurnalist Ramin Dekodur.
Vəkil Elçin Sadıqov Facebook platformasındakı sosial media hesabında yazıb ki, "Jurnalistlər Aynur Elgünəş və Natiq Cavadlının müdafiə hüququnu polis kobud şəkildə pozur".
Onun szlərinə görə, vəkil Zibeydə Sadıqovaya və ona jurnalistlərin "müdafiəsində iştirak etməyə imkan verilmir".
Daxili İşlər Nazirliyi açıqlayıb ki, Ramin Cəbrayılzadə ölkəyə "qeyri-qanuni xarici valyuta gətirməsi ilə" əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
DİN onu da bildirib ki, daha bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb, amma adları açıqlamayıb.
"Meydan TV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirik", Meydan TV-nin açıqlamasında deyilir.
Bu günki saxlanmadan başqa, ötən ilin sonlarından bəri Azərbaycanda 17 jurnalist həbs edilib.
Bundan iki gün əvvəl Böyük Britaniya, Avropa İttifaqı, ABŞ və İsveçrənin Azərbaycandakı səfirləri hökuməti ölkədə insan haqlarını təmin etməyə, "ədalətsiz həbs olunan jurnalistləri, ictimai fəalları azad etməyə" çağırıb.

Şəklin mənbəyi, Sosial media
Bundan əvvəl 2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb və təxminən 4 il müddətinə media qurumu ilə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Həmin vaxt Meydan TV əməkdaşlarının jurnalist fəaliyyətinə görə təzyiqlə üzləşdiyini açıqlamışdı. 2016-cı ildə Meydan TV-nin keçmiş direktoru Emin Milli yaydığı bəyanatında "bizim yeganə "cinayətimiz" söz azadlığı hüququmuzdan istifadə etməyimizdir" deyib.
2013-cü ildən fəaliyyət göstərən Meydan TV-nin saytına hazırda Azərbaycanda girişdə məhdudiyyətlər olması barədə məlumatlar var.
Media qurumunun Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.
Azərbaycanda hazırda 17 jurnalist həbsdədir
Azərbaycanda hazırda azı 17 jurnalist və media təmsilçisi həbsdədir.
- Sevinc Vaqifqızı (Abbasova)
- Məhəmməd Kekalov
- Ülvi Həsənli
- Hafiz Babalı
- Fərid Mehralızadə
- Nərgiz Absalamova
- Elnarə Qasımova
- Əziz Orucov
- Şamo Eminov
- Teymur Kərimov
- Müşfiq Cabbarov
- İlkin Əmrahov
- Ramil Babayev
- Əli Zeynalov
- İmran Əliyev
- Əvəz Zeynallı
- Polad Aslanov
Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehralızadə, Nərgiz Absalamova, Elnarə Qasımova 2023-24-cü illərdə "Abzas Media işi" üzrə həbs olunublar. Jurnalistlər öncə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra isə onlara qarşı yeni ittihamlar - xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma irəli sürülüb. Yeni ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma ittihamları da var.
İqtisadçı Fərid Mehralızadə Azadlıq Radiosunun əməkdaşıdır.
Vəkilləri bildirir ki, bu ittihamlara görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Digər həbs olunmuş jurnalistlərdən Əziz Orucov "Kanal13"ün rəhbəri, Şamo Eminov isə əməkdaşıdır. Əziz Orucova əvvəlcə qanunsuz tikinti aparma, sonra isə qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Jurnalist Teymur Kərimov "Kanal11" TV-nin rəhbəridir.
Toplum TV əməkdaşları Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Zeynalov, Əli Zeynalov da qaçaqmalçılıqda ittiham olunurlar.
Məclis.info saytının rəhbəri İmran Əliyev də qaçaqmalçılıq ittihamı ilə mühakimə olunur.
Jurnalist Əvəz Zeynallı haqqında Cinayət Məcəlləsinin "külli miqdarda rüşvət alma" maddəsilə 2022-ci ildə cinayət işi açılıb.
Polad Aslanov 2019-cu ildə "Dövlətə xəyanət"də ittiham edilib. O, "xeberman.com" və "press-az.com" informasiya saytlarının təsisçisi və baş redaktorudur.
Freedom House təşkilatı həbslərdən sonra media mənsublarına qarşı baş verənləri hakimiyyətin ölkədəki tənqidi, müstəqil səslərə qarşı "daha bir qəbuledilməz hücumu" kimi qiymətləndirib.
Human Rights Watch təşkilatı da Azərbaycanda jurnalist və media təmsilçilərinin həbsini media azadlığına təhdid kimi qiymətləndirərək, jurnalistləri dərhal azad etməyə çağırıb.
Avropa İittifaqı isə sentyabr ayında "həbslərdən narahat" olduğunu açıqlayıb. Rəsmi Bakı isə cavabında bunu "daxili işə qarışmaq" kimi qiymətləndirib.
Azərbaycanda hakimiyyət hesab edir ki, söz azadlığının pozulması ilə bağlı ittihamlar qərəzlidir.
Prezident İlham Əliyev ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını deyib və media təmsilçilərinin və ictimai fəalları həbsini onların qanunu pozması ilə izah edib.
Jurnalistlərlə yanaşı, bir sıra media mənsubları da həbs olunub. Media hüququ üzrə hütəxəssis, hüquqşünas, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının qurucu üzvü Akif Qurbanov həbs olunublar. Onlar da qaçaqmalçılıqda ittiham olunur.







