Gürcüstanın oğurlanmış uşaqları: doğuş zamanı satılmış əkizlər TikTok videosu ilə yenidən qovuşub

Gürcüstan oğurlanmış uşaqlar

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, Amy Xvitia (solda) və Ano Sartania (sağda) 19 yaşına qədər bir-birlərinin varlığından xəbərsiz idilər

Amy və Ano tək yumurta əkizləridir, lakin onlar doğulduqdan dərhal sonra analarından götürülərək müxtəlif ailələrə satılıblar.

İllər sonra onlar bir televiziya proqramı və TikTok videosu sayəsində bir-birlərini təsadüfən tapıblar. Onlar keçmişlərini araşdırarkən Gürcüstanda xəstəxanalardan oğurlanaraq satılmış minlərlə körpə arasında olduqlarını anlayıblar.

İndi isə onlar suallarına cavab axtarırlar.

Gürcüstan Amy Xvitia

Şəklin mənbəyi, AMY KHVITIA

Şəklin alt yazısı, Amy Xvitia burada dörd yaşındadır. O deyir ki, həyatında hər zaman nəyinsə çatışmadığını hiss edirdi.

Leypsiqdə bir otel otağında Amy əsəbi halda bir küncdən digər küncə addımlayır.

"Qorxuram, həqiqətən qorxuram, - o, əsəbi halda deyir, - Bütün həftəni yatmamışam. Bu, nəhayət başımıza gələnlərlə bağlı bəzi cavablar almaq şansımızdır".

Onun əkiz bacısı Ano kresloda oturaraq telefonunda TikTok videolarına baxır. "Bu, bizi satan qadın ola bilər", - deyərək gözlərini zilləyir.

Ano da həyəcanlı olduğunu etiraf edir. Çünki necə reaksiya verəcəyini və hirsini necə cilovlayacağını bilmədiyini deyir. Gərginliyinin səbəbi də elə budur.

Uzun bir səyahətin sonu. Onlar pazlın itmiş parçasını tapmaq ümidi ilə Gürcüstandan Almaniyaya gəliblər. Nəhayət, doğma anaları ilə görüşəcəklər.

Son iki il ərzində nələr olduğunu başa düşməyə çalışırlar. Onlar həqiqəti üzə çıxaranda başa düşüblər ki, Gürcüstanda on minlərlə şəxs körpə ikən xəstəxanalardan götürülüb və onilliklər ərzində satılıblar. Rəsmilərin baş verənləri araşdırmaq cəhdlərinə baxmayaraq, hələlik heç kim məsuliyyətə cəlb edilməyib.

Ami Ani Gürcüstanda satılmış uşaqlar Gürcüstanın satlıq körpələri

Şəklin mənbəyi, KHVITIA FAMILY/ FREMANTLE / SIMCO LTD

Şəklin alt yazısı, Amy (solda) və Ano (sağda) 12 yaşlarında

12 yaşında başlayan hekayə

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Amy və Anonun bir-birini kəşf etmə hekayəsi onlar 12 yaşında ikən başlayıb.

Amy Xvitiya xaç anasının Qara dəniz sahilindəki evində sevdiyi “Gürcüstanın istedadı var” televiziya proqramına baxırdı.

Ekranda ona çox bənzəyən bir qız rəqs edirdi. Nəinki bənzəyirdi, eynisiydi.

“Hamı anama zəng edir, “Amy niyə başqa adla rəqs edir?” - deyə soruşurdular.

Amy bu barədə ailəsinə deyib, lakin onlar dərinə getməyiblər.

"Hər kəsin əkizi var", - anası deyib.

Yeddi il sonra, 2021-ci ilin noyabrında Amy mavi saçlı və qaşında pirsinq olan videosunu TikTokda paylaşıb.

320 kilometr uzaqlıqdakı Tbilisidə yaşayan 19 yaşlı başqa qıza, Ano Sartaniyaya bir dostu həmin vidonu göndərib. “Mənə bu qədər oxşaması əladır”, - Ano düşünüb.

Ano pirsinqli qızı internetdə axtarmağa çalışsa da, onu tapa bilməyib. Ona görə videonu universitetin WhatsApp qrupuna göndərərək kömək istəyib. Nəhayət, Amyni tanıyan biri onları Facebook-da bir araya gətirib.

Amy dərhal anladı ki, Ano illər əvvəl “Gürcüstanın istedadı var” proqramında gördüyü qızdır.

Amy "mən səni çoxdan axtarırdım!" - deyə mesaj atıb. "Mən də", - Ano cavab verib.

Sonrakı bir neçə gün ərzində bəlli olub ki, bir çox ortaq cəhətləri var, lakin onlar hələ də həqiqətdən uzaq idilər.

Hər ikisi artıq fəaliyyət göstərməyən, Gürcüstanın qərbində yerləşən Kirtsxi doğum evində doğulmuşdular, lakin onların doğum haqqında şəhadətnamələrinə görə, doğulduqları gün eyni deyildi, arada bir neçə həftə var idi.

Eyni musiqi növlərini sevirdilər, hər ikisi rəqs etməyi xoşlayırdı, saç tipləri də oxşar idi. Onlar hətta eyni genetik sümük xəstəliyinə, displaziyaya sahib olduqlarını öyrəndilər.

Onlar birlikdə bir sirri çözməyə çalışırdılar.

“Ano haqqında öyrəndiyim hər yeni detal vəziyyəti bir az da qəlizləşdirdi”, - Amy deyir.

Gürcüstanın oğurlanmış uşaqları Gürcüstan oğurlanmış uşaqlar

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, Ano və Amy ilk dəfə Rustaveli metrosunda görüşüblər

Ailələrindən baş verənlər barədə soruşublar

Onlar bir həftə sonra üz-üzə görüşmək qərarına gəldilər.

Amy Tbilisidə Rustaveli metrosunun dayanacağında eskalatorun başına çatanda ilk dəfə Ano ilə üz-üzə gəldi:

"Güzgüyə baxmaq kimi idi. Eyni üz, eyni səs. Mən o idim, o mən idi".

Onlar əkiz olduqlarını başa düşdülər.

"Mən qucaqlaşmağı sevmirəm, amma onu qucaqladım", - Ano deyir.

Onlar ailələri ilə üzləşmək qərarına gəldilər və ilk dəfə həqiqəti öyrəndilər.

Onlar 2002-ci ildə doğulduqdan sonra başqa ailələr tərəfindən övladlığa götürülmüşdülər.

Amy üzgün idi və bütün həyatının yalandan ibarət olduğunu hiss edirdi.

Başdan ayağa qara geyinmiş, əsəbi şəkildə boyunbağısı ilə oynayaraq yanağındakı göz yaşını silir:

“Bu, çılğın bir hekayədir” - deyir, - ancaq bu doğrudur".

Ano da ailəsinə qəzəbli idi, ancaq onun tək istəyi ağır dialoqlar aparmaq yerinə həyatının davam etməsiydi.

Daha dərindən araşdırma aparan əkizlər doğum tarixləri də daxil olmaqla, rəsmi doğum şəhadətnamələrindəki məlumatların səhv olduğunu aşkar etdilər.

Amynin indiki anası deyir ki, o vaxt uşaq sahibi ola bilmirdi, bir rəfiqəsi də ona xəstəxanada atılmış körpə olduğunu söyləyib. O deyib ki, əgər həkimlərə pul versə, bu körpəni övladlığa götürə bilər.

Anonun anasının da bənzər hekayəsi var idi.

Onları övladlığa götürən ailənin heç biri bu qızların əkiz olduğunu bilmirdi. Çoxlu pul vermələrinə baxmayaraq, əməllərinin qanunsuz olduğunu başa düşməyiblər. Xəstəxana işçilərinin işə qarışması onları bu hərəkətin qanuni olduğunu düşünməyə vadar edib.

Əkizlər doğma analarının onları pul qarşılığında satıb-satmadığı ilə maraqlanırdılar.

Gürcüstan oğurlanmış uşaqlar

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, Tamuna Museridze Facebook-da qrup yaradaraq bioloji ailəsini axtaranlara dəstək olmağa çalışır

Almaniyada yaşayan bacıları yazıb

Amy bunu öyrənmək üçün doğma analarını tapmaq istəyirdi, lakin Ano buna əmin deyildi. "Bizə xəyanət edə biləcək insanla niyə görüşmək istəyirsən?" - o soruşmuşdu.

Amy doğuş zamanı qeyri-qanuni övladlığa götürülən uşaqların yenidən ailələri ilə birləşdirməsinə həsr olunmuş Facebook qrupu tapıb və hekayələrini orada paylaşıb.

Almaniyadan olan gənc qadın bu mesaja cavab verib. Qadın anasının 2002-ci ildə Kirtsxi xəstəxanasında əkiz uşaq dünyaya gətirdiyini deyib. Ona uşaqların öldüyü söylənsə də, indi şübhələri olduğunu söyləyib.

DNT testi Facebook qrupundakı bu qadının əkizlərin bacısı olduğunu üzə çıxarıb. Bu qadın Almaniyada anası Aza ilə yaşayırdı.

Artıq əkizlər onları dünayaya kimin gətirdiyini bilirdilər. Onunla görüşmək üçün Almaniyaya getməyə qərar verdilər.

Amy Aza ilə görüşmək üçün səbirsizlənirdi, lakin Ano şübhə doluydu. "Bu, səni satan adam ola bilər, sənə həqiqəti söyləməyəcək", - deyə xəbərdarlıq etdi. Buna baxmayaraq, o, Amy ilə Almaniyaya getməyə razılaşdı.

Əkizlərin istifadə etdiyi Facebook qrupu “Vedzeb” gürcü dilində "Axtarıram" deməkdir. Burda xəstəxana işçilərinin onlara körpələrinin öldüyünü söylədiyini, lakin sonradan ölümlərin qeydə alınmadığını aşkar edən və uşaqlarının hələ də sağ ola biləcəyini düşünən anaların saysız-hesabsız yazıları var.

Digər yazıların sahibi isə Amy və Ano kimi valideynlərini axtaran uşaqlardır.

Qrupun 230 mindən çox üzvü var və DNT vebsaytlarına çıxışla Gürcüstan tarixində qaranlıq bir səhifəni gün üzünə çıxardıb.

Bu qrupu jurnalist Tamuna Museridze 2021-ci ildə, övladlığa götürüldüyünü öyrəndikdən sonra təsis edib. O, mərhum anasının evini yığışdırarkən səhv məlumatlarla dolu doğum şəhadətnaməsini tapıb.

Qrupu ailəsini axtarmaq üçün qursa da, qrup on minlərlə insana təsir edən və onilliklər boyu davam edən uşaq alveri qalmaqalını ifşa edib.

O, yüzlərlə ailənin yenidən birləşməsinə kömək edib, lakin hələ də öz ailəsini tapa bilməyib.

Gürcüstan oğurlanmış uşaqlar

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, Hazırda xarabalığa bənzəyən köhnə Gurjaani xəstəxanası da iddialarla bağlı olan qurumlardan biridir.

2005-ci ilə qədər qanundankənar "bazar"

Tamuna bütün Gürcüstanı əhatə edən və 50-ci illərin əvvəlindən 2005-ci ilə qədər mövcud olmuş övladlığa götürmə “bazarını” kəşf edib.

O, bu qara bazarın mütəşəkkil cinayətkarlar tərəfindən idarə edildiyinə və taksi sürücülərindən tutmuş hökumətdəki yüksək səviyyəli şəxslərə qədər cəmiyyətin bütün təbəqələrindən insanların cəlb edildiyinə inanır.

Korrupsioner məmurlar qanunsuz övladlığa götürmə üçün lazım olan sənədləri saxtalaşdırıblar.

“Rəqəm ağılasığmazdır, 100 minə qədər körpə oğurlanıb. Bu, sistemli iş idi", -Tamuna deyir.

Tamuna izah edir ki, onunla əlaqə saxlayan insanların sayını hesablayaraq və bunu vaxt çərçivəsi və bu halların ölkə üzrə yayılması ilə birləşdirərək bu nəticəyə gəlib.

Ancaq sənədlər ya itdiyi, ya da səhv məlumatlarla doldurulduğu üçün faktiki rəqəmi bilmək, demək olar ki, mümkün deyil.

Tamuna deyir ki, bir çox valideyn ölmüş körpəsinin cəsədini görmək istədikdə onlara körpələrin xəstəxananın ərazisində artıq basdırıldığını deyiblər.

Sonra o öyrənib ki, Gürcüstan xəstəxanalarında heç vaxt qəbiristanlıqlar olmayıb. Digər hallarda valideynlərə meyitxanada donmuş ölü körpələr göstərilibmiş.

İrina Otaraşvili

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, İrina Otaraşvili 1978-ci ildə əkiz uşaq dünyaya gətirib və 3 gün sonra ona bu körpələrin öldüyü deyilib. İndi, o, ona yalan deyildiyindən şübhələnir. İrina kimi bir çox ailə həqiqət axtarır.

Tamuna deyir ki, uşaq almaq baha başa gəlirdi, təxminən bir illik maaşa bərabərmiş. O, bəzi uşaqların ABŞ, Kanada, Kipr, Rusiya və Ukraynada əcnəbi ailələrə verildiyini aşkar edib.

2005-ci ildə Gürcüstan övladlığa götürmə qanunvericiliyini dəyişdirdi və 2006-cı ildə insan alverinə qarşı qanunları gücləndirdi və bu, qanunsuz övladlığa götürməni çətinləşdirdi.

Cavab axtaran digər şəxs İrina Otaraşvilidir. O, 1978-ci ildə Gürcüstanın Qafqaz dağlarının ətəklərində yerləşən, Kvareli şəhərindəki doğum evində əkiz oğlanlar dünyaya gətirib.

Həkimlər ona hər iki oğlanın sağlam olduğunu desələr də, heç bir səbəb söyləmədən körpələri ondan uzaq tutublar. Doğumdan üç gün sonra ona körpələrin qəfildən öldüyünü deyiblər. Həkim tənəffüs yollarında problem olduğunu söyləyib.

İrina və əri üçün, bu, ağılasığmaz idi, amma deyir ki, xüsusilə sovet dövründə "sən hakimiyyətdən şübhələnə bilməzdiz". Ona söylənilən hər şeyə inanırdı.

Nino Elizbaraşvili

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, İrinanın qızı Nino Elizbaraşvili deyir ki, o, tez-tez bağda basdırılan çamadan haqqında düşünürmüş

Xəstəxanada onlardan körpələrin qalıqlarını toplamaq üçün bir çamadan gətirmələri və o dövrdə adət olduğu kimi körpələri qəbiristanlıqda və ya evlərinin arxa bağçasında dəfn etmələri istənib. Həkim cəsədləri görmənin kədərli olacağını deyərək, onlara heç vaxt çamadanı açmamağı tövsiyə edib.

İrina ona deyilən kimi edib, lakin 44 il sonra qızı Nino Tamunanın Facebook qrupunu tapıb və şübhələnməyə başlayıb. “Ya qardaşlarımız doğrudan da ölməyiblərsə?” - o düşünüb. Nino və bacısı Nana çamadanı qazıb çıxartmağa qərar veriblər.

"Ürəyim döyünürdü", - deyir. “Biz çamadanı açanda orda sümüklər deyil, sadəcə çubuqlar var idi. Bilmədik gülək, yoxsa ağlayaq”.

Onun sözlərinə görə, yerli polis çubuqların üzüm ağacı budaqları olduğunu söyləyib və insan qalıqlarının izlərinin olmadığını təsdiqləyib.

İndi, o, illər əvvəl itkin düşən qardaşlarının hələ də sağ olduğuna inanır.

Gürcüstanın oğurlanmış uşaqları

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, “Biz çamadanı açanda orda sümüklər deyil, sadəcə çubuqlar var idi. Bilmədik gülək, yoxsa ağlayaq”.

Leypsiqdəki oteldə Amy və Ano doğma anaları ilə görüşməyə hazırlaşırlar.

Ano fikrini dəyişdiyini və bundan imtina etmək istədiyini deyir. Ancaq bu ani tərəddüddür və o, dərindən nəfəs alaraq yoluna davam etmək qərarına gəlir.

Onların doğma anası Aza o biri otaqda həyəcanlı halda gözləyir.

Amy tərəddüdlə qapını açır və Ano onun arxasınca gəlir, az qala bacısını otağa itələyir.

Aza qabağa qaçır və hər iki qızı bərk-bərk qucaqlayır.

Dəqiqələr keçir, qucaqlaşırlar, heç kim danışmır.

Ano və Amy ilk dəfə doğma anaları ilə görüşürlər

Şəklin mənbəyi, BBC/ WOODY MORRIS

Şəklin alt yazısı, Ano və Amy ilk dəfə doğma anaları ilə görüşürlər.

Göz yaşları Amynin üzünə axır, lakin Ano səbirli və soyuqqanlıdır. Hətta bir az əsəbi görünür.

Üçlükdə söhbət etmək üçün çəkilirlər.

Əkizlər daha sonra dedilər ki, anaları doğuşdan sonra xəstələndiyini və komaya düşdüyünü söyləyib. O, oyananda xəstəxana işçiləri ona körpələrin doğuşdan az sonra öldüyünü deyiblər.

Anaları bildirib ki, Amy və Ano ilə görüşü onun həyatına yeni məna verib. İndi çox yaxın olmasalar da, yenə də ünsiyyətdədirlər.

2022-ci ildə Gürcüstan hökuməti tarixi uşaq alveri ilə bağlı araşdırmaya başlayıb. Departament BBC-yə 40-dan çox insanla danışdığını, lakin işlərin "çox köhnə olduğunu və tarixi məlumatların itirildiyini" söyləyib.

Jurnalist Tamuna Museridze onda olan məlumatları hökümətlə paylaşdığını deyir, lakin hökumət hesabatını nə vaxt açıqlayacağını söyləməyib.

Rəsmilər nələr baş verdiyini araşdırmaq üçün addımlar atıb. Bunlara 2003-cü ildə bir sıra həbslərə səbəb olan beynəlxalq uşaq alveri ilə bağlı təhqiqat da daxil idi, lakin ictimaiyyətə çox az məlumat açıqlanıb. Və 2015-ci ildə başqa bir araşdırmadan sonra gürcü mətbuatı Rustavi doğum evinin baş direktoru Aleksandr Baravkovinin həbs olunduğunu, lakin bəraət alaraq işə qayıtdığını yazıb.

BBC Gürcüstanın Daxili İşlər Nazirliyindən ayrı-ayrı işlərlə bağlı əlavə məlumat istəsə də, bizə məlumatların gizliliyi səbəbindən konkret detalların açıqlanmayacağı bildirilib.

Tamuna indi bir qrup zərərçəkmişin işini Gürcüstan məhkəmələrinə çatdırmaq üçün hüquq müdafiəçisi Leah Mukhashavria ilə birləşib. Onlar doğum haqqında şəhadətnamələri nəzərdən keçirmək istəyirlər, amma bu, hazırda Gürcüstan qanunlarına görə mümkün deyil.

Onlar ümid edirlər ki, bu, şübhələrin yox olmasına kömək edəcək.

"Mən həmişə həyatımda nəyinsə və ya kiminsə çatışmadığını hiss edirdim - Ano deyir, - əvvəllər məni arxamca izləyən və günümün necə keçdiyini soruşan qara paltarlı kiçik bir qızı xəyal edirdim".

O, bacısı Amyni tapandan sonra bu hiss itib.