Saçın erkən ağarmasının səbəbləri nələrdir, əvvəlki saçları geri qaytarmaq mümkündür?

Ashley güzgüdə saçlarındakı ağlara baxır

Şəklin mənbəyi, Ashley Sukru

Şəklin alt yazısı, Ashley Sukru 14 yaşında saçının ağarmasının onu içinə qapandığını, lakin indi hekayəsini internetdə paylaşaraq bu vəziyyəti normallaşdıra bildiyini deyir.
    • Müəllif, Esther Kahumbi
    • Vəzifə, BBC Dünya Xidməti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Kanadada yaşayan 28 yaşlı Ashley Sukru, hələ 14 yaşında olarkən liseydəki bir dostunun söyləməsi nəticəsində saçındakı ilk ağ teli fərq etdiyini xatırlayır.

Bu an, sonrakı illərdə onun öz görünüşünə baxışına dərin təsir edib.

"İlk reaksiyam, 'Xeyr, saçım ağara bilməz, axı mən hələ 14 yaşındayam' olmuşdu. Dərs arasında evə gedib saçımı aynada diqqətlə yoxladığımı və daha çox ağ tel gördükcə utanmağa başladığımı xatırlayıram."

Ashley saçını boyamasına icazə vermələri üçün valideynlərindən icazə istəmişdi.

"O dövrdə insanlarla ünsiyyət qurmaq, cəmiyyətin içində olmaq istəyirsən, amma ağ saç buna uyğun görünmürdü. Buna görə də gizlətməyə çalışırdım," – o deyir .

Saçlarımız indi daha tezmi ağarır?

Mütəxəssislərə görə, saçların nə vaxt ağaracağını müəyyən edən ən əsas amil genetikamızdır.

Ashley-də də bu amil rol oynamış kimi görünür: anasının saçları da 14 yaşında ağarmağa başlamış, nənəsində isə bu hal 17 yaşında müşahidə olunub.

Həkimlər bildirirlər ki, getdikcə daha çox gənc 20 yaşlarının əvvəllərində və 30 yaşlarında saçlarının ağarmasından narahat olur.

Avropa və Qərbi Asiyanı əhatə edən Qafqaz irqinə mənsub fərdlərdə 35 yaş, saçın ağarması üçün bir növ "sərhəd yaş" sayılır. Asiya və Afrika mənşəlilərdə isə bu proses, orta hesabla, bundan 10 il sonra başlayır.

Bu yaşlardan əvvəl baş verən hallar — yəni Qafqaz irqində 20 yaşından əvvəl, asiyalılarda 25 yaşında və Afrikalılarda 30 yaşında saçların ağarması — erkən ağarma kimi qiymətləndirilir.

İngiltərədən həkim Sermed Mezher belə izah edir:

"Bu yaş hədləri sayəsində nə vaxt digər amillərə baxmalı olduğumuzu və nə vaxt bunu normal qocalma prosesi kimi dəyərləndirməli olduğumuzu anlaya bilirik."

Ağ və qıvırcıq saçlı bir qadın gülümsəyir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Saç rəngini müəyyən edən hüceyrələrə melanositlər deyilir. Bu hüceyrələr bəzən funksiyalarını itirərək piqment istehsal edə bilməz hala gəlir.

Saç niyə ağarır?

Yeni saç telləri dəridəki folikullardan çıxır. Piqment istehsal edən melanosit hüceyrələri də həmin bölgələrdə yerləşir.

Melanositlər iki növ melanin piqmenti istehsal edir:

Eumelanin – qara və tünd saç rənginə cavabdehdir,

Feomelanin – sarı və qırmızı saç rənginə cavabdehdir.

Bu piqmentlər təkcə saçın deyil, həmçinin dərinin və gözlərin rəngini də müəyyən edir.

Nyu-York Universitetindən (NYU) bir tədqiqat qrupu hüceyrə qocalması ilə bağlı apardığı araşdırmada, saçların rənginə cavabdeh olan melanositlərin yaşlanma zamanı fəaliyyətini dayandırdığını aşkar edib.

Saç telləri davamlı olaraq uzanıb yeniləndiyi üçün, əgər piqment istehsal olunmursa, saç ağarmağa başlayır.

Qidalanma çatışmazlığı təsir edirmi?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ və Braziliyadan olan alimlər bildirirlər ki, dəri və saç rəngini müəyyən edən kök hüceyrələr güclü stress altında zədələnə bilər.

Bundan başqa, erkən ağarmanın düzgün və ya balanssız qidalanma ilə əlaqəli ola biləcəyi düşünülür.

Xüsusilə D və B12 vitaminlərinin çatışmazlığı, mis, dəmir, sink və aşağı fol turşusu səviyyəsi, erkən ağarmaya səbəb olan amillər arasında sayılır.

B12 vitamini (kobalamin adı ilə də tanınır), bədənimizdə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır. Saç folikulları da bu hüceyrələrdən asılıdır — çünki piqment istehsalı üçün folikullara oksigenin çatdırılması həyati əhəmiyyət daşıyır.

Dr. Sermed Mezher belə izah edir:

"B12 əsasən heyvan mənşəli məhsullardan alınır. Əgər tam vegan qidalanan bir insan balanslı qidalanma üçün əlavə məhsullardan istifadə etmirsə, baxacağım ilk faktor onun B12 səviyyəsi olar."

Mis də bu prosesdə rol oynayır: o, melanin istehsalını dəstəkləyən tirozinaz fermentini aktivləşdirir.

Dəniz məhsulları, küncüt toxumu, tünd yaşıl yarpaqlı tərəvəzlər, mal əti və qoyun ciyəri mis baxımından mühüm mənbələr sayılır.

Bununla yanaşı, mütəxəssislər sink və C vitamininin həddindən artıq qəbulunun, bədəndə misin sorulmasını azalda biləcəyi barədə xəbərdarlıq edirlər.

20 yaşlarında saçları ağarmağa başlayan qidalanma mütəxəssisi Maria Marlowe, xüsusilə Covid pandemiyasından sonra insanların immuniteti gücləndirmək məqsədilə sink qəbul etməyə başladığını deyir:

"Əgər düzgün dozada qəbul edilməzsə, eyni zamanda mis çatışmazlığı da yarana bilər. Sink əlavəsi qəbul edirsinizsə, bunu mislə birlikdə almağınız faydalı ola bilər."

Çox miqdarda dəmir və C vitamini qəbul edilməsi də bədəndə mis səviyyəsini azalda bilər.

Maria Marlowe.

Şəklin mənbəyi, Maria Marlowe

Şəklin alt yazısı, Qidalanma mütəxəssisi Maria Marlowe, qan dəyərləri ölçülmədən vitamin qəbul etməyin zərərli ola biləcəyi barədə xəbərdarlıq edir.

Həkimlər bildirirlər ki, mineral çatışmazlığından yaranan erkən ağarmaya adətən başqa əlamətlər də müşayiət edir.

Dr. Sermed Mezher belə izah edir:

"Əgər söhbət mis çatışmazlığından gedirsə, bu zaman çəkidə artım, saçların zəifləməsi və dəridə qızartılar müşahidə oluna bilər.

Bundan əlavə, yorğunluq hissi, bitkinlik və soyuğa qarşı dözümsüzlük də bu əlamətlər arasındadır."

Marlove bildirir ki, onun qan analizlərində mis, dəmir və yod çatışmazlığı aşkarlanıb.

Mineralların orqanizm tərəfindən mənimsənilməsini əngəlləyən başqa bir amil də ağır metallardır.

Əgər qanda bu metallardan lazım olandan çox olarsa, onlar da saçın erkən ağarmasında rol oynaya bilərlər.

Marlove-nin qanında qurğuşun və kadmium səviyyələrinin normadan yüksək olduğu müəyyən edilib.

Sənayeləşmənin nəticələrindən biri də insanların ağır metallara daha çox məruz qalmasıdır.

Bu maddələr qidalar vasitəsilə orqanizmə daxil ola bildiyi kimi, hava ilə nəfəs alarkən də bədənə keçə bilir.

Məsələn, bəzi balıq növlərində civə miqdarı daha yüksək olur.

Bu maddələr həddindən artıq qəbul edildikdə, orqanizmin normal fəaliyyətinə təsir göstərə bilir.

Maria Marlove, mineral dəstəyi qəbul etdikdən sonra yeni çıxan saç tellərinin tündləşdiyini bildirir.

Şəklin mənbəyi, Maria Marlowe

Şəklin alt yazısı, Maria Marlove, mineral dəstəyi qəbul etdikdən sonra yeni çıxan saç tellərinin tündləşdiyini bildirir.

Pəhrizin ağaran saçlara təsiri varmı?

Kolumbiya Universitetinin bir araşdırmasına görə, stress azaldıqda yeni çıxan saç tellərinin təbii rənginə qayıtması mümkündür.

Həkimlər eyni dəyişimin, qidalanma çatışmazlığından qaynaqlanan ağarmalarda da baş verə biləcəyini deyirlər.

Dr. Sermed Mezher belə izah edir:

"Əgər ağarmanın səbəbi genetik amildirsə, insanların böyük əksəriyyəti üçün bu, geri çevrilə bilməz."

Mineral çatışmazlığının qidalar vasitəsilə aradan qaldırılması tövsiyə olunur, lakin bu mümkün olmadıqda qida əlavələri də qəbul edilə bilər.

Lakin hər hansı əlavə və ya pəhriz dəyişikliyinə başlamazdan əvvəl mütləq qan analizi aparılmalıdır.

"Əgər B12 çatışmazlığı aşkar olunarsa və bu tamamlanarsa, saçdakı piqmentlər tamamilə bərpa oluna bilər. Eyni hal mis, D vitamini və tiroid problemləri üçün də keçərlidir", Dr. Mezher deyir.

Saç rəngi əvvəlki tündlüyünə tam qayıtmasa belə, çox hallarda ağarmanın qarşısını almaq və ya prosesini yavaşlatmaq mümkündür.

Marlove də qidalanma vərdişlərini dəyişdikdən və ağır metal tərkibli qidalardan uzaqlaşdıqdan sonra, saçındakı ağarmanın yavaşladığını müşahidə etdiyini deyir.

Lakin bu dəyişikliklərin təsiri bir neçə ay çəkə bilər.

Meyvə və tərəvəzlərdəki antioksidantlar da bu prosesdə köməkçi ola bilər.

Oksidativ stressin azalması, DNT zədələnməsini, saç tökülməsini və erkən ağarmanı azalda bilər.

Siqaret çəkmək, psixoloji stress, həddindən artıq alkoqol qəbulu və çirkliliyin yüksək olduğu ərazilərdə yaşamaq orqanizmdəki oksidativ stresini artıran əsas amillərdir.

Ashley Sukru.

Şəklin mənbəyi, Ashley Sukur

Şəklin alt yazısı, 2020-ci ildə, Aşli Sukru 23 yaşında ikən saçını boyamağı dayandırıb.

Onun üçün əsas səbəb genetik amillərdir, yəni pəhrizin bu vəziyyətə təsiri yoxdur.

Lakin Ashley deyir ki, zamanla baxış bucağı dəyişib: indi gümüşü saçları onun şəxsiyyətinin bir parçasına çevrilib.

O, internetdə gənclərdən ibarət bir qrupla birlikdə gözəllik və yaşlanmaya dair köhnə stereotipləri sındırmağa çalışır:

"TikTok və Instagram-da paylaşım etməyə başlayanda, mənim yaşlarımdakı bir çox qadının da oxşar şeylər yaşadığını gördüm.

Ümid edirəm ki, qadınların ağ saçlarını qəbul etməsinə ilham verə bilərəm.

"Ağ saç çirkindir, yaşlılıq əlamətidir" demək əvəzinə, "Xeyr, ağ saç bir duruşu, sizin özünəməxsus şəxsiyyətinizi ifadə edir" deyilməsini təşviq etmək istəyirəm."