İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb

Azərbaycan, ABŞ, siyasət, İlham Əliyev, James O'Brien

Şəklin mənbəyi, president.az

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O'Brien ilə görüşüb, president.az saytı yazıb.

Rəsmi mənbənin bildirdiyinə görə, tərəflər iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat kimi məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə də fikir mübadiləsi aparıblar.

İlham Əliyev sentyabrda həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın öz suverenliyini bərpa etdiyini və bununla da regionda sülhün bərqərar olması üçün "tarixi imkanların yarandığını" qeyd edib, president.az saytı yazıb.

Amerikalı rəsmi X hesabında İlham Əliyevlə görüşün "konstruktiv" keçdiyini bildirib.

"Prezident İlham Əliyevlə ilk müzakirəmiz konstruktiv keçdi və ABŞ-Azərbaycan əlaqələrinin gələcəyini müzakirə etdik. Regionda davamlı və möhkəm sülhün yaradılması tarixi imkanlar açacaq", - James O'Brien X hesabında yazıb.

President.az saytının bildirdiyinə görə, tərəflər rəsmi Bakı və Washington arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin bərpa edilməsini "müsbət addım" kimi qiymətləndiriblər.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

James O'Brien Bakıya Azərbaycan haqqında "münasibətlərimiz əvvəlki kimi ola bilməz" bəyanatını verdikdən sonra gəlib. O, noyabrın 15-də Konqresdə çıxışı zamanı Azərbaycanla “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini”, Washington-un Bakı ilə “yüksək səviyyəli ikitərəfli görüş və təmasları” təxirə saldığını demişdi və onun açıqlaması rəsmi Bakı və Washington arasında ikitərəfli əlaqələrdə soyuqluq yaradıb.

Bundan sonra noyabrın 27-də ABŞ-ın dövlət katibi Antony Blinken ilə telefonla danışan İlham Əliyev ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatlar və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə "ciddi zərər vurduğunu" diqqətə çatdırmışdı.

James O'Brienin Azərbaycana səfəri ABŞ dövlət katibi Antony Blinkenin İlham Əliyevə zəng etməsindən bir həftə sonra baş tutub. Rəsmi məlumatlarda deyilirdi ki, Bliken İlham Əliyevdən O Brien-ın Bakıya gəlməsi üçün icazə istəyib və Əliyev buna razılaşıb. Bundan öncə rəsmi Bakı ABŞ rəsmilərinin Bakıya səfərlərinin arzuolunmaz olduğunu demişdi.

ABŞ rəsmisi: “Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqə saxlamayacağıq”

ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller

Şəklin mənbəyi, ABŞ Dövlət Departamenti

Şəklin alt yazısı, ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

O'Brien-ın səfəri öncəsi - dekabrın 5-də ABŞ Dövlət Departamentinin media brifinqində sözçü Matthew Miller deyib: “Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirməyəcəyik”.

Dovlət Departamentinin saytı yazıb ki, Matthew Miller “bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı” deyib.

ABŞ dövlət katibinin köməkçisi James O'Brien noyabrın 15-də Konqresdə çıxışı zamanı Azərbaycanla “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini”, Washington-un Bakı ilə “yüksək səviyyəli ikitərəfli görüş və təmasları” təxirə saldığını demişdi.

“Hesab edirik ki, Azərbaycanla bütün diplomatik əlaqələrimizi dayandırmağımız regionda sülh və təhlükəsizlik maraqlarına zidd olardı”, - ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

Onun sözlərinə görə, ölkəsi həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqə saxlamağa davam edir.

Cənab Miller onu da deyib ki, ABŞ-ın Azərbaycanla bağlı narahatlığı var.

“Son zamanlar jurnalistlərin həbsi tendensiyası bizi narahat edir. Biz onları hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmağa davam edirik, bu barədə keçmişdə bu tribunadan danışmışam. Biz həmçinin onları Ermənistanla davamlı sülhə nail olmağa çağırmaq üçün onlarla əlaqə saxlamağa davam edirik və bu, diplomatik fəaliyyətimizin diqqət mərkəzində olmağa davam edəcək”, - Matthew Miller bildirib.

ABŞ dövlət katibinin köməkçisi James O`Brien

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ dövlət katibinin köməkçisi James O`Brien

James O`Brien Azərbaycanda müstəqil jurnalistlərin həbsi məsələsini Azərbaycan hökuməti qarşısında qaldıracaqmı sualına cavabında Matthew Miller deyib ki, O “fərdi diplomatik söhbətlərə baş verməmişdən əvvəl” şərh vermir.

Ancaq o bildirib ki, bu cür diplomatik görüşlərdə Amerika Birləşmiş Ştatları üçün insan haqları həmişə masa üzərindədir.

ABŞ-dan Azərbaycan və Ermənistana zəng

Azərbaycan, Ermənistan, Qarabağ, ABŞ, İlham Əliyev, Nikol Paşinyan

Şəklin mənbəyi, PRESIDENT.AZ / STATE.GOV / PRIMEMINISTER.AM

Noyabrın 27-də ABŞ-ın dövlət katibi Antony Blinken Azərbaycan və Ermənistan liderlərinə zəng edib.

Onun İlham Əliyevə zəngi Azərbaycan və ABŞ arasında münasibətlərin kəskinləşməsindən sonra baş verib.

Blinken və Əliyev Washington və Bakı arasındakı münasibətlərdə müşahidə edilən “narahatlıqları” müzakirə ediblər, Dövlət Departamentinin sözçüsü Matthew Miller bildirib.

Prezident Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub, president.az saytı yazıb.

“Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb”, prezident.az-ın məlumatında deyilir.

Prezident.az saytının yazdığına görə, Antony Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədi ilə James O`Brien-ın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

“Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”, - president.az saytı yazıb.

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda telefon danışığının detallarına varılmayıb. Qurumum sözçüsü Matthew Miller yalnız onu bildirib ki, dövlət katibi Azərbaycanla uzunömürlü əlaqələri və münasibətlərdə son günlər müşahidə edilən "narahatlq doğuran məqamları" müzakirə edib.

"Xüsusilə sülh prosesi ətrafında əməkdaşlığın gücləndirilməsi imkanları, yüksək səviyyəli təmasların vacibliyi barədə danışılıb", - Matthew Miller deyib.

ABŞ dövlət katibinin köməkçisi James O`Brien noyabrın 15-də Konqresdə çıxışı zamanı Azərbaycanla “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini”, Washington-un Bakı ilə “yüksək səviyyəli ikitərəfli görüş və təmasları” təxirə saldığını demişdi.

Dinləmələr zamanı James O’Brien demişdi ki, ABŞ iki ölkə arasında sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.

ABŞ rəsmisinin bu bəyanatını “qərəzli” adlandıran rəsmi Bakı da noyabrın 16-da bu ölkədən yüksək səviyyəli səfərləri ləğv etdiyini bildirmişdi.

Əliyev və Blinken Bakı və Yerevan arasında davamlı sülh razılaşmasının əldə edilməsi məsələsini də müzakirə edib, Matthew Miller bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan sentyabrın 11-də Ermənistana sülh müqaviləsinin mətnini göndərsə də, rəsmi Yerevan Bakının təkliflərinə noyabrın 21-də cavab verib, president.az saytının çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

“Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”, - president.az saytı İlham Əliyevə istinadla yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışan amerikalı rəsmi Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini diqqətə çatdırıb, Dövlət Departamentinin saytında qeyd olunub.

Nikol Paşinyan Qarabağdan Ermənistana “məcburi köçürülən 100 mindən çox erməninin” üzləşdiyi humanitar böhranın həll edilməsi üçün beynəlxalq dəstəyin vacibliyini qeyd edib, Baş nazirin ofisinin rəsmi saytında bildirilir.

Noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünün keçirilməsi gözlənilir.