Yəməndə Ramazan yardımı izdihamında 78 nəfər ölüb

Şəklin mənbəyi, AFP
Yəmənin paytaxtı Səna şəhərində bir məktəbdə Ramazan yardımlarının paylanması zamanı yaranmış izdiham nəticəsində azı 78 nəfər ölüb.
Sosial şəbəkələrdə paylaşılan videolarda şəhərin Bab-əl-Yemen rayonunda baş vermiş izdihamın xaotik anları əks olunub.
Reuters agentliyinin məlumatına görə, yüzlərlə insan 9 dollarlıq (təxminən 175 TL) Ramazan yardımını almaq üçün məktəbə axışıb.
Ölkənin Daxili İşlər Nazirliyi yardımın paylanmasına görə məsul şəxslərin saxlanıldığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Bir səhiyyə rəsmisi çoxlu sayda insanın yaralandığını, 13 nəfərin isə ölüm təhlükəsi ilə üzləşdiyini bildirib.
AP agentliyinə danışan bir hadisə şahidi yardım almaq üçün gələn izdihamın artdığı zaman Husi döyüşçülərinin kütləni dağıtmaq üçün atəş açdığını, güllələrdən birinin elektrik naqilinə dəyərək partlayışa səbəb olduğunu, bunun isə təşviş yaratdığını və nəticədə izdiham yarandığını bildirib.
Paytaxt Səna 2015-ci ildən üsyançı husilərin əlindədir.
Ölkədəki vətəndaş müharibəsi 150 mindən çox şəxsin ölümünə səbəb olsa da, ölkə əhalisinin dörddə üçünə bərabər olan 23 milyon insanı da ərzaq yardımına möhtac qoyub.




