Şri-Lankada etirazlar: Prezident istefa verəcək

Şəklin mənbəyi, EPA
Şri-Lankanın dövlət başçısının iqamətgahı etirazçılar tərəfindən tutulandan sonra Prezident Qotabaya Rajapaksa istefa verəcəyini açıqlayıb.
Parlamentin spikeri Mahinda Abeyvardena deyib ki, dövlət başçısı “hakimiyyətin dinc yolla təhvil verilməsini təmin etmək üçün” vəzifəsini tərk etmək qərarına gəlib.
Bundan əvvəl yüz minlərlə insan paytaxt Kolomboya toplaşaraq, “yarıtmaz idarəçiliklə” bağlı aylarla davam edən iqtisadi böhrana görə cənab Rajapaksanı istefaya çağırıb.
Cənab Rajapaksa rəsmi olaraq iyulun 13-də istefa verəcək.
Şri-Lanka Müsəlman Konqresinin lideri Əbdül Rauf Hakim aparıcı siyasi qüvvələrin görüşündən sonra bildirib ki, əldə olunan razılaşmaya görə Prezident səlahiyyətləri parlamentin sədri Mahinda Abeyvardenaya həvalə olunur.
Baş nazir Vikremesinqhe deyib ki, tərəflər yeni hökumətin formalaşdırılması ilə bağlı razılığa gələndə o, öz vəzifəsini tərk edəcək.

Şəklin mənbəyi, EPA
Şri-Lankanın iqtisadiyyatı necə çökdü?
Şri-Lanka kəskin iqtisadi böhranla üzləşir. Hazırda inflyasiya 50 faizə çatır.
51 milyard dollarlıq borcunu ödəyə bilməyən ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqları nəticəsiz başa çatıb.
BVF danışıqların davam edəcəyini bildirir, lakin Şri-Lanka ilə hələ də kredit müqaviləsi imzalanmayıb.
Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe ötən həftə ölkə iqtisadiyyatının tamamilə çökdüyünü və təcili beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirib.
Ən böyük kreditoru Çin olan Şri-Lankanın Hindistana da borcları yığılıb artır.
Şri-Lanka iqtisadiyyatı Covid pandemiyası, yanacağın bahalaşması və populist vergi siyasəti nəticəsində yaranan böhrandan çıxa bilməyib.
Valyuta ehtiyatları tükənən 22 milyonluq ölkə dərman, yanacaq və digər əsas istehlak mallarının çatışmazlığından əziyyət çəkir.




