Sudanda döyüşlər: "Bombalanma dayandırılmayana qədər danışıqlar aparılmayacaq” - general Həmidti

Şəklin mənbəyi, Getty Images
Sudanda ölkə ordusuna qarşı döyüşən hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbəri BBC-yə deyib ki, döyüşlər bitməyənə qədər danışıqlar aparmayacaq.
Həmidti kimi tanınan general Məhəmməd Həmdan Daqlo bildirib ki, üç günlük atəşkəs uzadıldıqdan sonra onun döyüşçüləri "amansızcasına" bombalanır.
"Biz Sudanı məhv etmək istəmirik" deyən Həmidti zorakılıqlarda ordu rəhbəri general Əbdülfəttah əl-Bürhanıni günahlandırıb.
General Bürhan Cənubi Sudanda üzbəüz danışıqlara ilkin razılığını verib.
Qonşu ölkələrin, eləcə də ABŞ, Britaniya və BMT-nin diplomatik səyləri nəticəsində aprein 27-də Sudanda münaqişə tərəfləri arasında atəşkəs uzadılıb.
Lakin bu gün Xartumun bəzi yerlərində hava, tank və artilleriya zərbələri davam edib və bu, iki rəqib hərbi qruplaşma arasında daha geniş dialoq perspektivini uzaqlaşdırır.
BBC-yə telefonla danışan Həmidti danışıqlara açıq olduğunu, lakin bunun üçün döyüşlərin dayandırılmasının şərt olduğunu deyib: "Hərbi əməliyyatlar dayandırılsın. Bundan sonra danışıqlar apara bilərik".
O, general Bürhanla heç bir şəxsi probleminin olmadığını, lakin 2019-cu ildə kütləvi küçə etirazlarından sonra ordu və RSF tərəfindən devrilmiş keçmiş prezident Ömər əl-Bəşirə sadiq olanları hökumətə gətirdiyinə görə onu “satqın hesab etdiyini” söyləyib.
Onlar arasında ixtilaf bu il təklif edilən mülki idarəçiliyə qayıdış, xüsusən də Həmidtinin 100 min nəfərlik RSF qüvvələrinin orduya qatılmasının vaxtı ilə bağlı fikir ayrılığına görə yaranıb.
"Mən mülki hökumətin, tam mülki hökumətin olmasını səbirsizliklə gözləyirəm. Bu, mənim prinsipimdir", - Həmidti BBC-yə deyib.
Təhlilçilər onun qüvvələrinin keçmişdə vətəndaş etirazlarını sərt üsullarla yatırdığını qeyd edirlər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hazırda Sudanın paytaxtı Xartumda milyonlarla insan ərzaq, su və yanacaq çatışmazlığından əziyyət çəkir.
AFP xəbər verir ki, şəhərin bəzi yerlərində rəqib qüvvələr arasında küçə döyüşləri davam edir, küçələrdə xəndəklər qazılıb.
Cümə günü insanlar Xartumu tərk etməkdə davam ediblər
BMT bildirib ki, RSF qüvvələri insanları evlərini tərk etməyə məcbur edir, talanlar baş verir.
Həmidti qarət və xəstəxanaların ələ keçirilməsində RSF qüvvələrinin iştirakını qəti şəkildə rədd edərək, qoşunlarının 14 gün əvvəl başlayan şiddətli toqquşmalardan əziyyət çəkən şəhər sakinlərinə kömək etməyə çalışdığını deyib.
Sudanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, döyüşlər nəticəsində azı 512 nəfər ölüb, 4193 nəfər yaralanıb.
BMT yüz minlərlə sudanlının evlərini tərk etdiyini, döyüş zonasından uzaqlaşmaq üçün çox vaxt külli miqdarda pul ödədiyini bildirir.
Təxliyə edilən minlərlə xarici ilə yanaşı, on minlərlə sudanlı qonşu ölkələrə, o cümlədən Çad, Misir və Cənubi Sudana keçib.
Xartumda qalanlar "daimi qorxu vəziyyətində" yaşadıqlarını deyirlər.
"Biz təyyarələrin və partlayışların səslərini eşidirik. Bu cəhənnəmin nə vaxt bitəcəyini bilmirik", - Xartumun şimal bölgəsinin sakini Reuters agentliyinə bildirib.
ABŞ diplomatik karvanı və Aİ səfirinin iqamətgahı hücuma məruz qalıb

Şəklin mənbəyi, FACEBOOK/EUROPEAN UNION IN SUDAN
ABŞ dövlət katibi Antony Blinken bazar ertəsi Sudanda ABŞ diplomatik karvanının atəşə tutulduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.
“Bu, düşüncəsiz, məsuliyyətsiz və əlbəttə ki, təhlükəli hərəkət idi”, - o, Yaponiyada G7 danışıqlarından sonra jurnalistlərə bildirib.
Sudanda günlərdir ki, rəqib qüvvələr arasında ölümcül döyüşlər gedir.
Bundan əvvəl Aİ-nin Sudandakı səfiri Aidan O'Haranın paytaxt Xartumdakı evində hücuma məruz qaldığı bildirilirdi.
İrlandiyanın xarici işlər naziri Micheál Martin cənab O'Haranın "ciddi zərər çəkmədiyini" təsdiqləyib.
O, hücumu "diplomatların müdafiəsi ilə bağlı öhdəliklərin kobud şəkildə pozulması" kimi qiymətləndirib.
Cənab Martin səfiri "ən çətin şəraitdə Aİ-yə xidmət edən görkəmli İrlandiya və Avropa diplomatı" kimi xarakterizə edib.

Şəklin mənbəyi, AFP
"Biz ona xidmətinə görə təşəkkür edirik və Sudanda zorakılığın təcili dayandırılmasına, tərəfləri dialoqun bərpasına çağırırıq", - Micheál Martin bildirib.
Bundan əvvəl Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell Tvitter hesabında diplomatik binaların və işçilərin təhlükəsizliyinin Sudan hakimiyyətinin “əsas məsuliyyəti” olduğunu bildirib.
Avropa İttifaqının sözçüsü Nabila Massrali AFP xəbər agentliyinə bildirib ki, hücumdan sonra Aİ nümayəndə heyəti Xartumdan təxliyə olunmayıb. O əlavə edib ki, işçilərin təhlükəsizliyi prioritet olub və təhlükəsizlik tədbirləri qiymətləndirilib.
Nə baş verib?
Sudanda ordu ilə özünü Çevik Dəstək Qüvvələri adlandıran hərbi qrup arasında üç gündür gedən döyüşlər gecəboyu da davam edib.
BMT-nin məlumatına görə, Sudanda üç gündür davam edən döyüşlərdə 185 nəfər ölüb, 1800-dən çox insan yaralanıb. Şəhər hava hücumları, mərmilər və ağır atıcı silahlardan atəşə məruz qalıb.
Hər iki tərəf paytaxt Xartumda mülki əhalinin partlayışlardan qaçıb sığınacaqlara üz tutduğu əsas əraziləri nəzarətə götürdüyünü iddia edir.
Sudanda baş verən sonuncu ölümcül zorakılıq hallarının kökündə ölkədə iki yüksək çinli hərbçi arasında gedən güc uğrunda mübarizə dayanır: onlardan biri Sudanın lideri general Abdel Fattah al-Burhan, digəri isə onun müavini general Mohamed Hamdan Dagalo-dur.

Şəklin mənbəyi, Getty Images
O, bəzilərinin "soyqırım" adlandırdığı, Darfurda gedən müharibə zamanı ordunu at belində idarə edərkən populyarlıq qazanıb.
Beş il əvvəl ölkəyə 30 il rəhbərlik etmiş diktator Omar al-Bəşirin devrilməsi ilə nəticələnən inqilabdan sonra Sudanda ölkənin gələcəyi ilə bağlı böyük nikbinlik var idi.
Lakin indi ölkə yenidən əvvəlki dövrə qayıdır, BBC Dünya xidmətinin Afrika redaktoru Mary Harper yazır.
Uzun müddət dəmir yumruqla idarə olunan Sudanda sivil hakimiyyət qurmaq hər zaman çətin olub, o bildirir.
Keçid mərhələsinə zərbə vuran və müxalifətin etirazlarında onlarla insanın ölümünə səbəb olan 2021-ci il çevrilişindən sonra, görünür, ordunun güzəştlər etmək fikri yoxdur.
İndi isə artıq döyüşlər hərbçilərin öz aralarında gedir və bu savaşda iki tərəfin arasında qalan mülki əhalinın yeni Sudanla bağlı xəyalları alt-üst oldu.




