Azərbaycan-Misir: iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunur

Əliyev cə Sisi

Şəklin mənbəyi, Azertag

Bakıda Azərbaycan və Misir prezidentləri İlham Əliyev və Əbdülfəttah əs-Sisi arasında keçirilən görüşlər vaxtı ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Prezident İlham Əliyev tərəflərin qarşılıqlı əməkdaşlıq barədə vahid mövqedə olduğunu bildirib.

"Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi", İlham Əliyevin sözləri Azərtacda iqtibas olunur.

Öz növbəsində Misir tərəfi iki ölkənin iş adamları üçün birgə şuranın formalaşdırılması yolu ilə ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb. Bakıdakı görüşlərə dair şərh verən Misir liderinin sözçüsü Bassam Radi bildirir.

İnvestisiya imkanları

Onun sözlərinə görə Azərbaycanda bir sıra iş adamları və iri şirkətlərin rəhbərləri ilə görüşlər Misirə investisiya imkanlarını, eləcə də iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə etmək səyləri çərçivəsində keçirilir.

"Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq", - Bakıda olan Əbdülfəttah əs-Sisi mətbuata açıqlamasında deyib.

MENA agentliyinin yaydığı məlumata əsasən, Əbdülfəttah əs-Sisi investisiyaların cəlb olunması və iqtisadi əməkdaşlığın sadələşdirilməsinə yönələn ölkədəki islahatları qeyd edib.

Mediada qarşılıqlı əməkdaşlığın perspektivli sahələri kimi, tikinti, turizim, infrastruktur, nəqliyyat və əczaçılıq istiqamətləri qeyd olunur.

Misirə maraq

İqtisadi təhlilçi Natiq Cəfərliyə görə, hazırda Misirlə əməkdaşlığa dövlət sektoru sahəsindəki şirkətlərin maraq göstərməsi daha çox mümkündür. O, bu sahədə həm də əlverişli vəziyyətin yarandığını qeyd edir. Belə ki, Türkiyə ilə Misir arasında münasibətlərin "yaxşılaşması dövrü yaşanır".

"Misirin də belə bir fikri olub ki, gələcəkdə Türkiyə ərazisindəki infrastruktur layihələrinə qoşulsun. Bu layihələr alınarsa, o zaman SOCAR-ın iştirakı da çox güman ki, mümkün ola bilər".

Bakıda keçirilən danışıqlardan sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Misirin Ticarət və Sənaye Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Tərəflər həmçinin su ehtiyatlarının idarə edilməsi və mədəniyyət sahəsi ilə bağlı da sənədlər imzalayıblar.

İlham Əliyev və Əbdülfəttah əs-Sisi həmçinin Suriya, Liviya, Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, müxtəlif regional və beynəlxalq məsələləri müzakirə ediblər, media xəbər verir.

Əbdülfəttah əs-Sisi həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib.

Misir lideri Azərbaycanla əlaqələrin inkişaf yollarını müzakirə etmək üçün Bakıya rəsmi səfərlə cümə günü gəlib. Bundan qabaq o, Hindistana səfər edərək bu ölkənin aparıcı şirkətləri ilə xarici investisiyaların cəlb olunmasını müzakirə edib.

Bakıdan sonra Misir lideri Yerevana yollanıb.

Hazırda Azərbaycanda Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir. Misir Azərbaycanın 1994-cü ildə səfirlik açdığı ilk Afrika ölkəsi olub.