Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı"

Vahid Əhmədov

Şəklin mənbəyi, APA

Cümə günü Milli Məclisin İntizam komissiyası millət vəkili Vahid Əhmədova son müsahibəsinə görə töhmət verib.

O, bloqer Mehman Hüseynova verdiyi müsahibəsinə görə parlamentin son iclasında bəzi deputatların qəzəb və tənqidləri ilə üzləşmişdi.

Həmkarları onu yalnız “Azərbaycan əleyhinə iş aparanlara” müsahibə verməkdə, “xalqın seçdiyi 3” deputat adı çəkməklə parlamentin nüfuzuna zərbə vurmaqda, müxalif AXCP və Müsavat partiyalarını cəmiyyətdə nüfuzlu partiya kimi göstərməkdə, məmur-oliqarx məsələsindən danışmaqda ittiham etmişdilər.

Milli Məclisin sədri Sahibə Qafarova Vahid Əhmədovun müsahibəsini qiymətləndirmək üçün İntizam komissiyasına müraciət etmişdi.

BBC News Azərbaycanca Vahid Əhmədovla nə parlamentin son iclasından, nə də İntizam komissiyasının toplantısından sonra əlaqə saxlaya bilib.

Parlamentin son iclasında iştirak etmiş Vahid Əhmədov eşitdiyi tənqidlərin və ittihamların müqabilində yalnız onu deyib ki, o, hər zaman “dövlətin və xalqın yanında” olub və məsələsinin İntizam Komissiyasına çıxarılmasına etiraz etmir, suallara da cavab verməyə hazırdı.

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, parlamentdə qəzəb tonunu Vahid Əhmədovun AXCP və Müsavat partiyası ilə bağlı dedikləri tündləşdirib, amma bu çıxışlar nə “spontandı”, nə də “kampaniya xarakterlidi”, sadəcə, bir xəbərdarlıq idi.

Bir müddət əvvəl REAL partiyasından olan deputat Erkin Qədirlinin də bloqer Mehman Hüseynova parlamentdə demokratik yolla seçilən "özü qarışıq bir deputatın" olmaması ilə bağlı dedikləri həmkarları tərəfindən qəzəblə qarşılanmış, amma məsələ İntizam komissiyasına qədər gedib çıxmamışdı.

vahid əhmədov

Şəklin mənbəyi, meclis.gov.az

İntizam komissiyasının “töhmət” qərarı

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, komissiyanın sədri Eldar İbrahimov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir: “Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir”,- o deyib.

İclasda çıxış edən komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev, komissiyanın katibi Nurlan Həsənov bildiriblər ki, qanunvericiliyə əsasən, “deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deputat Vahid Əhmədovun da çıxış etdiyi bildirilsə də, onun arqumentləri barədə açıqlama verilmir.

BBC Azərbaycanca İntizam komissiyasının üzvləri ilə əlaqə saxlaya bilməyib.

Komissiya Vahid Əhmədova Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndində göstərilən əsasa görə, “töhmət intizam tədbiri” tətbiq edib.

“Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları” adlanan həmin maddədə deyilir ki, millət vəkili “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla) parlamentdaxili məsuliyyətə cəlb olunur.

Vahid Əhmədov müsahibəsində nə deyib?

Bloqer Mehman Hüseynovun suallarını cavablandıran Vahid Əhmədov xalqın güzəranının o qədər də yaxşı olmadığını, regionda işsizlik probleminin hələ də həll olunmadığını, camaatın da “bir parça çörək” üçün Bakıya köçdüyünü deyib.

O, parlamentdə qanuna zidd olsa da, bizneslə məşğul olan “kifayət qədər” deputatların olduğunu söyləyib.

Vahid Əhmədov deputatlardan xalq tərəfindən seçilən üç nəfərin adını çəkməsi barədə bloqerin sualının cavabında deputatlar Əli Məsimlinin, Qənirə Paşayevanın adını çəkib, digərlərinin də olduğunu bildirib.

O, “əsl müxalifət kimdir” sualına cavab verərkən deyib, Azərbaycanda bir neçə partiya var ki, seçkidə səsləri yığa bilər.

"Onlardan biri Yeni Azərbaycan Partiyasıdır, ikincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, üçüncüsü Müsavat Partiyasıdır və ola bilər ki, REAL Partiyası da bu səviyyədə səs müəyyən qədər yığa bilsin. Mən fikirləşirəm ki, Fazil Mustafa və Qüdrət Həsənquliyevin partiyaları da müəyyən qədər səs yığa bilsin. İkincisi də, indi dövlətin apardığı siyasətdə müxalifət olmaq asan məsələ deyil, çətin məsələdir".

Deputatların Vahid Əhmədova ittihamları və onun reaksiyası

Deputat Siyavuş Novruzov BBC-yə açıqlamasında deyib ki, söhbət millət vəkilinin müsahibə verərkən həmkarlarından icazə alıb-almamasından yox, kimə müsahibə verməsindən gedir.

Parlamentdəki çıxışında Siyavuş Novruzov Vahid Əhmədovu “Azərbaycan əleyhinə iş aparanlara” müsahibə verməkdə ittiham etmişdi. BBC-yə açıqlamasında o deyib ki, deputat “qanuni media” ilə əməkdaşlıq etməlidir, “təhqir-böhtan” yazan media ilə yox.

YAP-ın parlamentdəki təmsilçisi Aydın Mirzəzadə isə BBC-yə parlamentdəki çıxışından əlavə heç nə deməyəcəyini, çıxışının da sosial mediada yayıldığını bildirib.

Yerli medianın yazdığına görə, Aydın Mirzəzadə "baş verən qalmaqalın səbəbkarının Vahid Əhmədovun özü” olduğunu deyib: “Belə ki, o özü Milli Məclisin qaydalarına riayət etmədi. Bloqer də təxribatçı suallar qurmuşdu və Vahid Əhmədov bloqerin qurduğu tələyə düşərək onun istədiyi cavabları verdi. O, sosial siyasəti kölgə altına saldı. Vahid Əhmədov parlamentin legitimliyini sual altına qoyur. O, iki nəfərin adını çəkir və qalanların fəaliyyətini heç edir. Vahid müəllim, siz bizim fəaliyyətimizi niyə görmürsünüz?"

Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun açıqlamasına görə, "aramızda xalq tərəfindən seçilən bir neçə deputat var. Belə çıxır ki, yerdə qalan deputatların qazandığı mandat legitim deyil. ...Əgər onun əlində faktları varsa, qoy təqdim etsin".

Deputat Ziyafət Əsgərov Əhmədovun müsahibədə səsləndirdiyi "dövlət adamıyam" fikirinə əsaslanaraq deyib: "Dövlət adamı dövlətin yanında olmalıdır. Mehman Hüseynovun yox, "Xalq Cəbhəsi"nin, "Müsavat"ın yox!"

Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, Vahid Əhmədov “nə edirsə, bilə-bilə” edir.

"Deyirsən, üç nəfərdən başqa burada hamısı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Qardaş, adama deyərlər, sən bəyənmirsən, oturma da, istəmirsən etmə də. Sən qəbul etmirsənsə, sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını çıx get. Denən, mən bacarmadım özümlə”.

Həmkarlarının tənqid və ittihamlarına cavab verən Vahid Əhmədov bildirib ki, müsahibəsində dövlətin mövqeyini müdafiə edib:

"Bu gün də dövlətin mövqeyini müdafiə edirəm. Bütün çıxışlarımda, istər Milli Məclisdə, istər mətbuatda, hamıya da aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı dedi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən dövlətin, millətiin yanında olan bir insanam".

Vahid Əhmədov

“Vahid Əhmədov bir mesaj vermək istədi”

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, Vahid Əhmədova qarşı çıxışlar nə “spontan”dı, nə də “kampaniya xarakterli”dir, əks təqdirdə, bunun mediada davamı gələrdi. BBC-yə açıqlamasında o, Vahid Əhmədovun son müsahibəsində bir mesaj verdiyini və ona parlamentdəki qəzəbin də kökündə bu amilin durduğunu deyir.

“Yaxın vaxtlarda ölkədə referendum keçiriləcəyi və bundan sonra Milli Məclisə seçkilərin proporsional keçirilməsi qaydasının tətbiqi gözlənir. Hakimiyyət buna görə partiyalar haqqında yeni qanun qəbul edərək arzulamadığı müxalifət partiyalarını sıradan çıxarmaq istədi, amma buna nail ola bilmədi. Vahid Əhmədov da müsahibəsində AXCP və Müsavatın adını çəkməklə sanki mesaj vermək istədi ki, real qüvvələr bunlardı, indiki olanlar formaldı”.

Mehman Əliyev hesab edir ki, Vahid Əhmədov həm də bununla cəmiyyətə” müsbət impuls verdi”.

Onun fikrincə, istənilən jurnalist bu sualı qoysadı, Vahid Əhmədov bu mesajını açıqlayacaqdı: “Daxildə diskusiyalar, məsləhətləşmələr var və bu mənada Vahid Əhmədov da danışmağa hazır idi. Fikir verdinizsə, o, məhz partiyaların adını çəkdi, liderlərin adını yox. Bu mənada düşünürəm ki, o, mesaj vermək istədi”.

Mehman Əliyev deyir ki, Vahid Əhmədov prezidenti və onun kursunu dəstəkləyən şəxsdir və sərbəstliyi də dar çərçivədədir, amma bu çərçivədə belə hər zaman öz iradlarını bildirməkdən çəkinməyib və onun fikrincə, İntizam komissiyasının töhməti də onun bundan sonrakı tənqidi fikirlərini məhdudlaşdırmayacaq.