You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Valideynin öz uşaqları arasında ayrı-seçkilik qoyması onların həyatında iz buraxır
- Müəllif, Debra Dennett
- Vəzifə, BBC Future
Bir çox valideyn etiraf etməsə də, onların öz uşaqları arasında "gizli sevimlisi" var. Valideynin öz övladları arasında fərq qoyması uşaqların psixi sağlamlığına və ailə münasibətlərinə uzunmüddətli təsir göstərə bilər.
Mən və bacı-qardaşım ortancıl qardaşımızın nə vaxt evə qonaq gələcəyini əvvəlcədən bilərdik; anam o günü onun sevdiyi yeməkləri bişirərdi.
Heç birimiz belə bir münasibət görmədiyimizdən "əziz oğlun gəlir" deyə etiraz edərdik.
Anam bunu belə izah edirdi ki, ortancıl qardaşımız digər övladları kimi yeməyə tez-tez gəlmir, lakin bizi bu cür izah qane etmirdi.
Altı bacı-qardaşdan biri olaraq mən, əslində düşünmürdüm ki, valideynim uşaqlarından birini seçir.
Amma keçən il bir ailə yığıncağında kimin "sevimli övlad" olduğu mövzusunun müzakirəsində fərqli fikirlər səsləndi. Bu zaman ağlıma belə bir sual gəldi ki, belə hallarda ailə üzvləri hansı təcrübələri yaşayıblar və bu, həyatımıza necə təsir edir.
Tədqiqatlar göstərir ki, valideynlər arasında "sevimli uşaq" seçmək (bunu "favoritizm" də adlandırırlar) vərdişi təəccüblü dərəcədə geniş yayılıb və çox zərərverici ola bilər.
Ailələrin təxminən 65 faizində qeydə alınan və bir çox araşdırmanın obyekti olan bu cür hallar ailədəki digər uşaqlara ömür boyu təsir edə bilər.
Valideynlərin imtiyazlı münasibəti mənasına gələn bu cür halı psixoloqlar elmi olaraq PDT ( "Parental differential treatment" - Valideynlərin fərqli münasibəti) adlandırır.
"Bu imtiyaz bir uşağa daha çox vaxt, diqqət ayırmaq, onu tərifləmək və ya əzizləməklə ifadə oluna bilər. Ola bilsin ki, onlara zəif nəzarət edilməsi imkan versin ki, "sevimli uşaq"lar nizam-intizama daha az tabe olsunlar, az-az cəzalandırılsınlar, o qədər də çox məhdudiyyətlə üzləşməsinlər", - ABŞ-ın Northeastern Universitetinin tətbiqi psixologiya üzrə mütəxəssisi, professor Laurie Kramer deyir.
"Bu, digər bacı-qardaşın müşahidəsiylə eyni olmaya bilər. Valideyn də öz davranışını başqa cür əsaslandıra bilər", - Kramer deyib.
Hansı psixoloji problemlər yarana bilər?
Özünə bu imtiyazın verilmədiyini düşünən uşaq üçün nəticələr ciddi ola bilər.
Tədqiqatlar göstərir ki, valideynlər uşaqları arasında ayrı-seçkilik etdiyində onlar erkən yaşlarda belə bunu anlaya bilirlər.
Valideynlərin belə davranışı uşaqlarda davranış problemlərinə, o cümlədən özünəinamın aşağı olmasına, narahatlıq və ya depressiyaya səbəb ola bilər.
O, həmçinin emosional sağlamlığa güclü təsir göstərə və digər fəsadlara da gətirib çıxara bilər.
Məsələn, Çində aparılan tədqiqatlar göstərib ki, yeniyetmələrin cib telefonuna aludəçiliyinə səbəb valideynlərin uşaqları arasında ayrı-seçkiliyə yol verməsidir.
Kanadada səkkiz evsiz yeniyetmənin cəlb olunduğu kiçik bir araşdırma aparılıb. Həmin gənclərdən yeddisi bildirib ki, valideynlərinin ailədəki uşaqlar arasında qoyduqları fərq, özlərinin hər zaman "problemli uşaq" kimi görünmələri onlara pis təsir edib. Bu vəziyyət həmin gənclərin öz ailələrinə bağlılığını zəiflədib, onlar deyiblər.
Bu araşdırma daha geniş nəticələr çıxarmaq üçün çox kiçik olsa da, bu, ayrı-seçkiliyin uşağa nə qədər dərin təsir göstərə biləcəyini üzə çıxarır.
Bu vəziyyətin psixi sağlamlığa təsiri yetkinlik yaşına qədər davam edə bilər. Məsələn, ananın uşaqlara favoritizm zəminində münasibəti onlarda yetkin yaşlarda daha ağır depressiya hallarına gətirib çıxara bilər.
Valideynlər ayrı-seçkiliyi uşaqların yetkin yaşlarında da davam etdirdikcə, övladlar arasında qərəzli münasibət yarana və bu, ömür boyu bacı-qardaş bağlarına zərər vura, bacı-qardaşlar arasında gərginliyi və münaqişəli durumu gücləndirə bilər.
Bu, narahatedici haldır, çünki bacı-qardaşlar arasında yaxşı münasibətlər ömür boyu sağlamlığın və xoşbəxtlik hissinin yaşanması üçün mühüm amildir.
Valideynlər favoritizmə yol verməyə bilərlərmi?
ABŞ-ın Northeastern Universitetinin mütəxəssisi, professor Laurie Kramer-ə görə, valideynlər, yəqin ki, bunu etdiklərinin fərqinə varmırlar.
Onun yeniyetmələr və onların valideynləri ilə bağlı araşdırmaları göstərir ki, ailələr bu barədə danışmağa meyilli deyillər. Bu isə hər hansı bir incikliyi və ya anlaşılmazlığı aradan qaldırmağı daha da çətinləşdirir.
"Əgər bu cür vəziyyətə həssaslıqla, heç kimi günahlandırmadan yanaşılsa, bütün tərəflərlə daha açıq danışmaq mümkün ola bilər", - Kramer hesab edir.
Məsələn, valideyn ailədəki bir uşağa fərqli münasibətin səbəbini izah edərsə, qalan uşaqlar bu cür münasibətin kökündə ayrı-seçkiliyin deyil, praktiki bir səbəbin durduğunu anlaya bilərlər.
Bizim ailəmizdə favoritizm məsələsi heç vaxt müzakirə olunmayıb. Amma mən və bacı-qardaşlarım bəzən qeyd edirdik ki, anam hərdən ailənin ən böyük övladına daha çox diqqət yetirir.
Bu arada atamız da ortancıl qardaşımızı onun bic-bic hərəkətlərinə görə tez-tez tərifləyərdi, çünki özü də bu cür hərəkətlərə meyilli idi.
Üstəlik, ortancıl qardaşımız ziyarətə gəldiyində məhz onun üçün hazırlanan yeməklər də olurdu.
Bunlar bəlkə kiçik ayrı-seçkilik nümunəsi kimi görünə bilər, amma daha böyük fəsadlarının olması və hətta ciddi narazılığın yaranmasına gətirib çıxara bilməsi mümkündür.
Çoxuşaqlı ailələrlə müqayisədə yalnız iki uşağı olan ailədə baş verən favoritizm isə daha az diqqət yetirilən digər uşaqda cəza və ya təcrid hissi yarada və ona daha dərin təsir göstərə bilər.
Favoritizmdə vacib amil: uşaq kimə oxşayır?
ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri nəsillər arasındakı münasibətləri daha yaxşı başa düşmək üçün 20 il ərzində müxtəlif ailələri müşahidə ediblər.
Araşdırma zamanı tədqiqatçılar valideynlərə favoritizmlə bağlı sual veriblər.
Bir çoxunun ilk dəfə eşitdiyi sual belə olub: "Hansı uşağınızla daha yaxın emosional bağlılıq hiss edirsiniz?"
Bir az düşündükdən sonra əksər analar (75 faiz) uşaqlarından birinin adını deyiblər. Qalanları övladları arasında fərq qoymayıblar və ya onların hər birinə eyni dərəcədə yaxınlıq hiss etdiklərini bildiriblər.
Bundan başqa, valideynlərdən soruşulub ki, uşaqlarından hansına görə daha çox məyusluq hiss edirlər və münaqişəli hal yaşadıqlarını düşünürlər?
Bu sualın cavabından məlum olub ki, erkən yaşlarında “məyusedici” uşaq sayılan övlada sonradan da münasibət eyni olub.
Ailənin ilk övladının, bir qayda olaraq, “ən sevimli uşaq” olacağı ilə bağlı proqnozlar isə bu elmi araşdırma zamanı öz təsdiqini tapmayıb.
Tədqiqat müəlliflərindən biri olan Missouri Universitetinin əməkdaşı Megan Gilligan deyib ki, araşdırmaya cəlb olunmuş valideynlər emosional yaxınlıq baxımından sonbeşiyi seçiblər.
Ancaq emosional yaxınlığın ən güclü göstəricisi valideynlərin uşağın onlara bənzədiyini hiss etməsi olub.
Favoritizmin mənfi cəhətləri
Gilligan bildirir ki, ailəsində ayrı-seçkiliyə məruz qalan uşaq özünün az sevildiyini düşünərək valideyni ilə gərgin münasibətdə ola bilər.
Onun sözlərinə görə, "qızıl uşaq” olmağın da mənfi cəhətləri ola bilər:
"Sevimli uşaq" olmağın bir çox üstünlüklərinin olduğu gözlənlsə də, bu vəziyyət yetkin uşaqlarda emosional sıxıntıya səbəb ola bilər. Araşdırma zamanı məlum oldu ki, ayrı-seçkilik "sevimli uşaq"larda daha çox depressiya yaradır. Yetkinlik dövründə bacı-qardaş münasibətlərindəki gərginlik "sevimli uşaq"ların əhval-ruhiyyəsinə mənfi təsir göstərir".
Bu, valideynləri qarşısında övladların mənəvi yükünün qeyri-bərabər paylanmasına da səbəb ola bilir.
Valideyn övladlarının qayğısına ehtiyac duyduqda, daha çox "sevimli uşağ"ına üz tutur.
ABŞ-ın Northeastern Universitetinin tətbiqi psixologiya üzrə mütəxəssisi, professor Laurie Kramer deyir ki, bütün uşaqlara bərabər yanaşmaq da vəziyyətdən çıxış yolu deyil.
“Uşaqlarla hər vəziyyətdə eyni davranmaq mümkün deyil və uşaqlar da bunu istəmir. Onlar kim olduqlarına, yaşına, maraqlarına, cinsinə, şəxsiyyətinə görə dərk edilmələrini istəyirlər”.
Daha düşünülmüş yanaşma valideynlərə gərgin vəziyyətlərə düşməməyə kömək edə bilər. Bu, vacibdir, çünki uşaqlar valideynlərinin favoritizm vərdişini təqlid edə və gələcəkdə öz uşaqlarına da tətbiq edə bilərlər.
"Bunu anlamasaq və bu zənciri qırmaq üçün hərəkətə keçməsək, çox ehtimal ki, eyni davranışı təkrar edəcəyik".