İsrail Qəzzaya hücuma keçib: "Ölmək növbəmizi gözləyirik"

İsrail, Qəzza, Benyamin Netanyahu, soyqırım, BMT, müharibə, Fələstin

Şəklin mənbəyi, Getty Images

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İsrail Qəzza şəhərinə qarşı quru əməliyyatlarına başlayıb.

İsrail ordusunun açıqlamasında bildirilir ki, şəhər "hazırda Həmasın sonuncu əsas qalasıdır".

Hücumların başlamasından sonra şəhər sakinləri ərazini tərk etməyə çalışdığı üçün ətrafda böyük sıxlıq müşahidə olunur.

Həmasın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin şəhərə hücumundan sonra bütün xəstəxanalar ölü və yaralılarla doludur.

Videoya YouTube kanalımızda baxın.

Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini rəsmən elan edib. İsrail bu ittihamı rədd edərək onu "yalan" adlandırıb.

İsrailin qurudan başlatdığı bu hücumlar beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlə qarşılanıb.

Kanada, Fransa, Britaniya, Misir, Qətər və digər dövlətlərin rəhbərləri İsraili hücumları dərhal dayandırmağa çağırıb.

İsrailin Baş naziri Benjamin Netanyahu avqustda bildirmişdi ki, yaxın vaxtlarda ordu Qəzzaya qarşı qurudan hücumlara başlayacaq və məqsəd şəhərə nəzarəti ələ keçirməkdir.

Şəhər sakinləri BBC-yə açıqlamalarında İsrailin gecəboyu endirdiyi hava zərbələrini "cəhənnəm" adlandırıblar.

18 yaşlı şəhər sakini Sanabel BBC-yə deyib ki, oturub sadəcə ölmək növbəsini gözləyir.

"Hara getməli olduğumu da bilmirəm", - Sanabel deyib.

Fələstinin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "təcili müdaxilə etməyə" çağırıb.