Kral III Charles-ın qardaşı Andrew "Şahzadə" titulunu itirdi və Vindzordakı Kral Malikanəsini tərk edəcək

Endryu

Şəklin mənbəyi, Getty Images

Böyük Britaniya kralı III Charles-in qardaşı Andrew "Şahzadə" titulundan məhrum edilib və Kral Malikanəsini (Royal Lodge) tərk edəcək. Bu barədə Buckingham Sarayının bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, bundan sonra o, sadəcə, Andrew Mountbatten-Windsor kimi tanınacaq.

Buckingham Sarayının bəyanatında deyilir:

"Əlahəzrət bu gün Şahzadə Andrew-nun titullarının, rütbələrinin və şərəf nişanlarının ləğvi ilə bağlı rəsmi prosedura başlamaq təşəbbüsü göstərib. İndiyədək Kral Malikanəsinin icarəsi ona orada yaşamaq üçün hüquqi müdafiə təmin edirdi".

Sarayın kargüzarlığı bildirir ki, şahzadə Andrew-a icarə müqaviləsinin ləğvi ilə bağlı rəsmi bildiriş göndərilib və o, indi başqa şəxsi məkana köçəcək.

Bu tədbirlər, ona qarşı irəli sürülən ittihamları inkar etməyə davam etməsinə baxmayaraq, zəruri hesab olunub.

Son həftələrdə Andrew ABŞ-da cinsi cinayətlərə görə məhkum olunmuş və həbsxanada intihar etmiş milyarder Jeffrey Epstein-lə əlaqələrinə görə artan təzyiqlərlə üzləşib.

Andrew ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Bu həftə onun Epstein ilə münasibətləri barədə yeni təfərrüatlar üzə çıxıb.

Məlum olub ki, şahzadə Andrew 2006-cı ildə qızı şahzadə Beatrisin 18 yaşını qeyd edərkən Kral Malikanəsində Epstein-i, onun rəfiqəsi Ghislaine Maxwell-i və ABŞ-lı prodüseri (və sonradan cinsi cinayətlərə görə məhkum olunmuş) Harvey Weinstein-i qəbul edib.

Royal Lodge
Şəklin alt yazısı, Məlum olub ki, şahzadə Andrew 2006-cı ildə qızı şahzadə Beatrisin 18 yaşını qeyd edərkən Kral Malikanəsində Epstein-i, onun rəfiqəsi Ghislaine Maxwell-i və ABŞ-lı prodüseri (və sonradan cinsi cinayətlərə görə məhkum olunmuş) Harvey Weinstein-i qəbul edib.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Görüş məhz şahzadənin şəxsi iqamətgahında baş tutub, əvvəlki məlumatlarda bildirildiyi kimi Windsor qalasında yox. Bu yeni faktlar şahzadə Andrew ilə Epstein arasındakı əlaqələrin ehtimal ki, Andrew-nun əvvəl dediyindən daha yaxın olduğunu yenidən gündəmə gətirib.

Buckingham sarayının bəyanatında vurğulanır:

"Əlahəzrət açıq şəkildə bildirmək istəyirlər ki, onların düşüncələri və ən dərin hüznləri hər zaman zorakılığın istənilən formasından zərər çəkmiş qurbanlarla olub və qalır".

Əvvəllər Andrew, kral ilə söhbətdən sonra və Buckingham sarayının təzyiqi altında olduğu güman edilərək, öz titullarından - York hersoqu, İnverness qrafı və Killyli baronu - könüllü şəkildə imtina etmişdi.

O, bununla belə, şahzadə titulundan məhrum edilsə də, monarxın oğlu olaraq taxt-tac varisliyi sıralamasında səkkizinci yerdə qalacaq.

Buckingham sarayının bəyanatında deyilir:

"Bundan sonra şahzadə Andrew, sadəcə, Andrew Mountbatten-Windsor kimi tanınacaq".

Hələ şahzadə Andrew-nun mərhum anası Kraliça II Elizabeth-in sağlığında başlayan qalmaqallara baxmayaraq o, keçmiş həyat yoldaşı Sara Ferqyusonla birlikdə Vindzordakı 30 otaqlı Kral Malikanəsində yaşayırdı.

Bu mülk üzrə onun 2078-ci ilə qədər icarə müqaviləsi var idi.

BBC-nin əldə etdiyi məlumata görə, indi o, İngiltərənin şərqində, Norfolk bölgəsində yerləşən, kral ailəsinə məxsus Sandringam ərazisindəki şəxsi evlərdən birinə köçəcək.

Onun köçürülmə xərcləri kralın şəxsi vəsaiti hesabına ödəniləcək.

Sara Ferqyuson və Endryu 1996-cı ildə boşansalar da, Vindzordakı Royal Lodge-da birlikdə yaşamağa davam etdilər.

Şəklin mənbəyi, WireImage

Şəklin alt yazısı, Sara Ferqyuson və Andrew 1996-cı ildə boşansalar da, Vindzordakı Royal Lodge-da birlikdə yaşamağa davam etdilər.

BBC-nin məlumatına görə, şahzadə Andrew-nun keçmiş həyat yoldaşı Sara Ferqyuson da kral iqamətgahını tərk edəcək və ayrı yaşayacaq.

66 yaşlı Ferqyuson Andrew-nun iki övladının - şahzadə Beatrice və şahzadə Eugenie anasıdır.

O, 1996-cı ildə Andrew-dan boşansa da, onlar yaxın münasibətləri qoruyub saxlayıblar və Ferqyuson keçmiş həyat yoldaşı ilə birlikdə Royal Lodge-da yaşayıb.

Son vaxtlara qədər Sara "York hersoginyası" titulunu saxlayırdı, lakin Andrew York hersoqu titulundan məhrum edildikdən sonra, o da öz qızlıq soyadı olan Ferqyusona qayıdıb.

Andrew və Saranın qızları şahzadə Beatrice və şahzadə Eugenie322 öz titullarını saxlayacaqlar.

BBC-nin mədəniyyət üzrə müxbiri Nur Nandjinin yazdığına görə, bu, çox güman ki, Andrew-nun sarayla apardığı danışıqlarda əsas şərtlərindən biri olub.

Lakin sarayın onsuz da şahzadələri titullardan məhrum etmək niyyəti yox idi.

Kral ailəsi üzrə müəllif və tədqiqatçı Keti Nikollun sözlərinə görə, onlar kralın sevimli qardaşı qızlarıdır və kral üçün onların valideynlərinin qalmaqalına heç bir şəkildə qarışmadıqlarını göstərmək xüsusilə vacibdir.

Şahzadə Andrew ətrafında yaranmış qalmaqalın əsas hissəsi, amerikalı Virginia Giuffre ifadələri ilə bağlıdır. O, Epstein-in onu Andrew ilə cinsi əlaqəyə məcbur etdiyini iddia edib.

Ötən il, uzun müddət davam edən ictimai araşdırmalardan sonra Giuffre gözlənilmədən intihar etdi, lakin yazdığı xatirələri onun ölümündən sonra, bu ilin oktyabrında nəşr olundu.

O, xatirələrində şahzadə Andrew ilə üç dəfə cinsi əlaqədə olduğunu və Andrew-nun bu münasibəti "doğuşdan gələn hüququ" kimi gördüyünü iddia edir.

Həm Giuffre sağ ikən, həm də onun ölümündən sonra şahzadə Andrew onunla cinsi əlaqədə olduğunu qəti şəkildə inkar edib.

2019-cu ildə BBC-yə verdiyi müsahibədə o demişdi ki, "Virginia Giuffre ilə görüşü ümumiyyətlə xatırlamır" və "onlar arasında heç vaxt heç bir cinsi əlaqə olmayıb."