ABŞ İrana hücum etsə, nə baş verə bilər? - 7 ssenari

    • Müəllif, Frank Gardner
    • Vəzifə, BBC

ABŞ-ın yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşdığı görünür.

Potensial hədəflər, əsasən, proqnozlaşdırıla bilsə də, nəticə qeyri‑müəyyəndir.

Beləliklə, əgər Tehranla son anda razılaşma əldə olunmazsa və Prezident Donald Tramp ABŞ qüvvələrinə hücum əmri versə, mümkün nəticələr nələr ola bilər?

7 ssenariyə baxaq.

1. Hədəfli, cərrahi zərbələr, minimum mülki itkilər və demokratiyaya keçid

ABŞ-ın hava və dəniz qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi bazalarına, SEPAH-ın nəzarətində olan yarım hərbi "Bəsic" qüvvələri, ballistik raketlərin buraxılış və saxlanma məntəqələrinə, eləcə də İranın nüvə proqramına məhdud və yüksək dəqiqliklə zərbələr endirir.

Onsuz da zəiflədilmiş rejim devrilir və İranın tədricən dünyanın qalan hissəsi ilə yenidən inteqrasiya edə biləcəyi real demokratiyaya keçid baş verir.

Bu, olduqca optimist ssenaridir.

Qərbin İraq və Liviyadakı hərbi müdaxilələri demokratiyaya problemsiz keçid gətirmədi.

Hər iki halda amansız diktaturalar sona çatsa da, bunun ardınca illərlə davam edən xaos və qan tökülməsi yaşandı.

2024-cü ildə Qərbin hərbi dəstəyi olmadan öz inqilabını həyata keçirərək Prezident Bəşər Əsədi devirən Suriya isə nisbətən daha yaxşı vəziyyətdədir.

2. Rejim sağ qalır, amma siyasətini yumşaldır

Bu ssenarini geniş mənada "Venesuela modeli" adlandırmaq olar: ABŞ-ın sürətli və güclü hərəkəti rejimi yerində saxlayır, lakin onu siyasətini yumşaltmağa məcbur edir.

İran üçün bu o demək olardı ki, İslam Respublikası qalır - bu isə bir çox iranlını qane etməz - lakin Yaxın Şərqdə zorakı silahlı qruplara verdiyi dəstəyi azaltmağa, daxili nüvə və ballistik raket proqramlarını dayandırmağa və ya məhdudlaşdırmağa, həmçinin etirazların boğulmasını yumşaltmağa məcbur olur.

Bu ssenari də ehtimal baxımından zəifdir. İslam Respublikası rəhbərliyi 47 ildir ki, dəyişikliklərə qarşı dirəniş göstərir və indi kursunu dəyişməyə qadir görünmür.

Yaxın Şərq xəritəsində ABŞ-ın İran ətrafında, Körfəzdə son hərbi əməliyyatları göstərilir.

Xəritədəki etiketlərdə deyilir ki, İordaniyada qırıcı təyyarələr Müvəffəq Salti hava bazasına yerləşdirilib;

Bəhreyndə esmineslər və döyüş gəmiləri Xəlifə Bin Salman limanındadır;

Qətərdə isə Əl-Udeyd hava bazasında yeni hava hücumundan müdafiə sistemləri quraşdırılıb.

Hind okeanında isə donanmaya "USS Abraham Linkoln" gəmisi rəhbərlik edir.

3. Rejim çökür və onu hərbi idarəçilik əvəzləyir

Bir çoxları bunu ən real mümkün nəticə hesab edir.

Rejim çoxları üçün qeyri-populyar olsa da və illər ərzində baş verən hər yeni etiraz dalğası onu daha da zəiflətsə də, status-kvonun qorunmasında maraqlı olan geniş və nəhəng təhlükəsizlik qüvvələri var.

Etirazların indiyədək rejimi devirməməsinin əsas səbəbləri odur ki, ciddi kütləvi keçidlər baş verməyib və hakimiyyətdə olanlar hakimiyyəti qorumaq üçün limitsiz güc və zorakılıq tətbiq etməyə hazırdırlar.

ABŞ zərbələrindən sonra yaranacaq qarışıqlıq fonunda İranın əsasən SEPAH fiqurlarından ibarət güclü hərbi hökumət tərəfindən idarə olunması ehtimalı istisna edilmir.

4. İran ABŞ qüvvələrinə və qonşularına hücum edərək cavab verir

İran hər hansı ABŞ hücumuna cavab verəcəyini və "barmağının tətikdə olduğunu" bəyan edib.

O, ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin gücü ilə müqayisə oluna bilməsə də, mağaralarda, yeraltında və ya ucqar dağlıq ərazilərdə gizlədilmiş ballistik raketlər və dronlardan ibarət arsenalı ilə zərbə endirə bilər.

Körfəzin Ərəbistan sahilində, xüsusilə Bəhreyn və Qətərdə ABŞ bazaları mövcuddur. İran istəsə, ABŞ hücumunda iştirak etdiyini düşündüyü ölkələrin, məsələn, İordaniyanın kritik infrastrukturunu da hədəfə ala bilər.

2019-cu ildə Səudiyyə Ərəbistanının "Aramco" neft-kimya obyektlərinə edilən və İranın dəstəklədiyi İraqdakı silahlı qrupla əlaqələndirilən dağıdıcı raket və dron hücumu, səudiyyəlilərə İran raketləri qarşısında nə qədər həssas olduqlarını göstərdi.

ABŞ-ın müttəfiqi olan Körfəz ərəb ölkələri hazırda son dərəcə narahatdırlar ki, istənilən ABŞ hərbi əməliyyatı sonda onların üzərinə qayıda bilər.

5. İran Körfəzdə minalar yerləşdirərək cavab verir

Bu, 1980–88-ci illər İran‑İraq müharibəsindən bəri qlobal daşımalar və neft tədarükü üçün potensial təhlükə kimi qalır.

Həmin dövrdə İran dəniz yollarını minalamış, Kral Donanmasının minatəmizləyən gəmiləri isə onların təmizlənməsində iştirak etmişdi.

İranla Oman arasında yerləşən dar Hörmüz boğazı strateji boğaz nöqtəsidir.

Hər il dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən 20 faizi və neftlə neft məhsullarının 20–25 faizi bu boğazdan keçir.

İran dəniz minalarının sürətlə yerləşdirilməsi üzrə təlimlər keçirib.

Əgər bunu reallaşdırsa, bu, dünya ticarətinə və neft qiymətlərinə qaçılmaz təsir göstərəcək.

Qlobal neft nəqli üçün əsas marşrut olan Oman körfəzində Hörmüz boğazının yerləşdiyi xəritə.

Boğaz İranla Birləşmiş Ərəb Əmirlikləri və Oman yarımadası arasında yerləşir.

Xəritədə, həmçinin Səudiyyə Ərəbistanı, İraq, İordaniya və İsrail də daxil olmaqla daha geniş Yaxın Şərq bölgəsindəki ölkələr göstərilir.

6. İran cavab olaraq ABŞ hərbi gəmisini batırır

Bir vaxtlar Körfəzdəki bir hərbi gəmidə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı mənə demişdi ki, İranla bağlı ən çox qorxduğu təhdidlərdən biri "sürü hücumu"dur.

Bu, İranın eyni vaxtda çoxlu sayda yüksək partlayıcılı dron və sürətli torpedo qayıqlarını bir və ya bir neçə hədəfə yönəltməsi deməkdir; nəticədə ABŞ Hərbi Dəniz Qüvvələrinin güclü yaxınmüdafiə sistemləri hamısını vaxtında məhv edə bilmir.

Körfəzdə İranın konvensional donanmasını, faktiki olaraq, SEPAH-ın dəniz qüvvələri əvəz edib. Hətta bu qüvvələrin bəzi komandirləri şah dövründə Dartmutda təlim keçmişdilər.

İran dəniz ekipajları uzun müddətdir "asimmetrik" müharibə üsullarına fokuslanıb: əsas rəqibləri olan ABŞ Beşinci Donanmasının texnoloji üstünlüklərini neytrallaşdırmaq və ya yan keçmək yollarını axtarıblar.

ABŞ hərbi gəmisinin batırılması və sağ qalan ekipaj üzvlərinin əsir götürülməsi ABŞ üçün böyük rüsvayçılıq olardı.

Bu ssenarinin reallaşması ehtimalı az olsa da, 2000-ci ildə Ədən limanında "Əl‑Qaidə"nin intihar hücumu nəticəsində milyard dollarlıq USS Cole esminesi ağır zədələnmiş, 17 amerikalı dənizçi həlak olmuşdu.

Bundan əvvəl, 1987-ci ildə iraqlı pilot səhvən USS Stark gəmisinə iki "Exocet" raketi atmış, 37 dənizçi ölmüşdü.

7. Rejim çökür və onu xaos əvəzləyir

Bu, çox real təhlükədir və Qətər və Səudiyyə Ərəbistanı kimi qonşuların əsas narahatlıqlarından biridir.

Suriya, Yəmən və Liviyada olduğu kimi vətəndaş müharibəsi ehtimalı ilə yanaşı, xaos şəraitində kürdlər, bəluclar və digər azlıqların ümummilli hakimiyyət boşluğunda öz icmalarını qorumağa çalışması etnik gərginliyin silahlı qarşıdurmaya çevrilməsi riskini yaradır.

Yaxın Şərqin böyük hissəsi İslam Respublikasının sonunu görməkdən məmnun olardı, xüsusilə də artıq regionda İranın müttəfiqlərinə ağır zərbələr endirmiş və İranın ehtimal edilən nüvə proqramını mövcudluq təhdidi kimi görən İsrail.

Lakin heç kim əhalisi təxminən 93 milyon olan, Yaxın Şərqin ən böyük ölkəsinin xaosa sürüklənməsini, bunun humanitar və qaçqın böhranı yaratmasını istəmir.

Ən böyük təhlükə odur ki, Prezident Tramp İran sərhədlərinə yaxın ərazilərdə bu qədər güclü qüvvə topladıqdan sonra, ya hərəkət etməli, ya da nüfuzunu itirməli olduğu qənaətinə gələr və sonu bəlli olmayan, gözlənilməz və potensial olaraq dağıdıcı nəticələrə malik bir müharibəyə başlayar.