Bakı və Yerevan sülh sazişini paraflayıblar

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişinin mətnini paraflayıblar.

Ağ evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar.

Trump bildirib ki, tərəflər Naxçıvanı Azərbaycana birləşdirən "Trump marşrutu"nun açılması üçün saziş imzalayacaqlar.

Trump bildirib ki, Azərbaycan və Ermənistan 30 il döyüşüblər və "indi dost olurlar və uzun müddət dost qalacaqlar".

O deyib ki, bir çoxları bu münaqişəni həll etməyə çalışıb, amma müvəffəq olmayıblar.

İlham Əliyev Trump-a da təşəkkür edərək deyib ki, "əgər Trump olmasaydı, bəlkə də Azərbaycan və Ermənistan hələ də sonsuz danışıqlar aparırdı".

"Cənab Trump-a Qafqaza sülh gətirir", - Əliyev deyib.

Paşinyan isə deyib ki, bu gün imzalana bəyannamə ilə " sülh səhifəsini açmağımız üçün böyük yol qət etmiş oluruq".

Paşinyan da Trumap a təşəkkür edərək deyib ki, bu, onların ölkələri üçün uğur hadisəsidir.

Paşinyan şəxsən İlham Əliyevi də təbrik edib.

Daha sonra Əliyev və Paşinyan bir-birlərinin ərazi bütövlüyünə tanıyacaqlarına dair bəyannaməyə imza atıblar.

Vaşinqton: Trumpla Əliyevin görüşü olub

Bu gün Bakı vaxtilə axşam saatlarında Ağ evdə ABŞ Prezidenti Donald Trump-la Azərbaycan Prezidenti İlham Əliyevin görüşü başlayıb.

Bundan əvvəl, Trump Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Azərbaycan və Ermənistan liderləri sülh danışıqları üçün Vaşinqtondadır.

Əliyev və Paşinyanın həm ayrı-ayrılıqda, həm də birlikdə ABŞ Prezidenti Donald Trump-la görüşü nəzərdə tutulub.

Trumpla Pasinyanla görüşüb

Bu gün Bakı vaxtilə axşam saatlarında Ağ evdə ABŞ Prezidenti Donald Trump Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh bağlanması və təhükəsizlik, nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.

Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin sülh niyyətini bəyan edəcəkləri gözlənilir.

Mümkündür ki, tərəflər razılaşdırdıqları sülh sazişinin mətnini paraflasınlar.

O cümlədən, ATƏT-in Minsk qrupunun buraxılması, "Zəngəzur dəhlizi" ilə bağlı ABŞ-ın koridora nəzarət təklifi ilə də bağlı mühüm açıqlamalar verilə bilər.

Trump bu görüşü "Tarixi Sülh Sammiti" kimi qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Amerika Birləşmiş Ştatlara işgüzar səfərləri başlayıb.

Nikol Paşinyan səfərinin ilk günü Vaşinqtonda İncil muzeyini ziyarət edib.

Avqustun 7-də Prezident İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Steve Witkoff ilə görüşüb.

Onların iştirakı ilə Socarla ABŞ-ın ExxonMobil şirkəti arasında enerji sahəsində əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti John Ardill imzalayıblar.

Əliyev və Witkoff-un görüşünün detalları açıqlanmayıb.

Vaşinqton səfərindən əvvəl nə məlum idi?

Bir neçə gün əvvəl respublikaçı senator Steve Daines "The Wall Street Journal-da yazıb ki, Prezident Trump Cənubi Qafqazda, Ermənistan və Azərbaycan arasında sülh sazişi əldə etmək ərəfəsindədir.

Senator məqaləsində bildirib ki, bu il o, Tramp komandasının üzvləri ilə birgə Azərbaycan və Ermənistanda olub və hər iki ölkə lideri ilə praktiki həll yollarını müzakirə edib: "Hər iki lider anın vacibliyini və qarşıdakı geniş imkanları dərk edir.

Rusiya uzun müddət regional güc vasitəçisi rolunu oynadı, bu mövqedən münaqişəni davam etdirmək və cənub qonşularını zəif və təcrid vəziyyətində saxlamaq üçün istifadə etdi. İndi Ermənistan və Azərbaycan Rusiyanın hökmranlığının boyunduruğundan qoparaq ABŞ-ın prioritetlərinə uyğun müstəqil baxışa doğru üz tuturlar".

Steve Daines-in Cənubi Qafqaza səfərindən bir müddət sonra, iyulun 10-da İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə görüşüb.

Azərbaycan və Ermənistan liderlərinin bu görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub.

Hər iki tərəf bu görüşü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Amma tərəflər mətni razılaşdırılmış sülh sazişinin nə zaman imzalanacağı ilə bağlı konkret tarix səsləndirməyib.

Rəsmi Bakının sülh sazişini imzalaması üçün tələbi var: Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiası çıxarılsın və ATƏT-in Minsk qrupu buraxılsın.

Yerevan isə istəyir ki, ATƏT-in Minsk qrupu sülh sazişi imzalanarkən buraxılsın.

Sülh sazişinin imzalanması üçün şərt olmasa da, Bakının daha bir tələbi Zəngəzur dəhlizinin açılmasıdır.

ABŞ təklif edib ki, bu koridora Amerika şirkəti xidmət göstərsin.

Nikol Paşinyan dəhlizin xarici şirkətə icarəyə verilə biləcəyini istisna etməyib.

Video açılmırsa, Youtube kanalımızda baxın.