Türkiyədə Yeni il şənlikləri: “Bəziləri evimizdəki ağacın bəzəyindən narahatdır”

Türkiyə Türkiye yeni il fotosu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Foto: arxiv

Dünyanın bir çox ölkəsindən fərqli olaraq, Türkiyədə Yeni il bayramı qeyri-iş günü kimi cəmi bir gün çəkir: dövlət qurumları, məktəblər, banklar və bir çox müəssisələr yanvarın 1-də işləmir.

Yeni il şənliklərinin təşkili həm də ölkədə dekabr ayı boyunca müzakirə mövzusuna çevrilir: bəziləri üçün Yeni ili təmtəraqlı qeyd etmək İslam dininə uyğun deyil, bəziləri bunu Yeni il rəmzlərinə uyğun keçirilməsinin tərəfdarıdır.

Türkiyədən jurnalist Könül Şahin BBC News Azərbaycanca üçün yazır:

İstanbul

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Foto Könül Şahin: İstanbulda bir kafe

İstanbulda Yeni il keçirənlərin bəziləri bayramı ailəsi ilə birgə evdə qeyd edir, bəziləri isə Yeni il tədbirlərinin təşkil edildiyi meydanlara axın edərək gecə saat 12-də Boğazdakı atəşfəşanlıq və lazer şouları ilə təzə ili qarşılayır.

İstanbulun Taksim meydanı, Kadıköy Bağdat Caddesi, Nişantaşı, Ortaköy və Bakırköy kimi əraziləri Yeni il gecəsinin coşğu ilə qeyd edildiyi yerlər arasındadır.

Dekabrın əvvəlindən başlayaraq, yerli bələdiyyələr bu istiqamətlərdə meydan və küçələri Yeni ilə uyğun bəzəyirlər.

Ancaq Türkiyədə heç də hamı Yeni il şənliyinə müsbət baxmır.

İstanbulun mühafizəkar hissəsinin sıx yaşadığı Fatih, Eyüp, Bağcılar və digər yerlərdə vəziyyət fərqlidir. Bu ərazilərdəki meydanların, küçələrin bələdiyyələr tərəfindən Yeni il ab-havasında işıqlandırılmasını və ya şam ağacları ilə bəzədilməsini görmək mümkün deyil.

İstanbul Yeni il

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Foto Könül Şahin: İstiqlaliyyət küçəsi, İstanbul

Bir vaxtlar Yeni il ərəfəsində minlərlə müxtəlif rəngli lampa ilə işıqlandırılan və bəzədilən İstiqlaliyyət küçəsində (İstiklal caddesi) indi bəziləri xarab olmuş və yanmayan bir neçə lampa var.

İstanbul İstiqlal prospekti

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Foto Könül Şahin, İstiqlaliyyət küçəsində 120 illik, tarixi kafe

Lakin İstiqlaliyyət küçəsində fəalliyət göstərən ticarət obyektlərinin sahibləri həm yerli əhali, həm də turistlər üçün Yeni il əhval-ruhiyyəsini yaşatmağa çalışırlar.

Küçəboyu yerləşən ticarət obyektlərinin hamısı olmasa da, əksəriyyəti qonaqlarını Yeni ilə aid müxtəlif və rəngarəng bəzəklərlə qarşılayır.

İstanbul Türkiyə

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Foto Könül Şahin, St Antuan Kilsəsi

İstiqlaliyyət küçəsində Yeni il əhval-ruhiyyəsini yaşamaq istəyənlərin ən çox ziyarət etdiyi yer Türkiyənin ən böyük katolik kilsəsi olan St. Antuan kilsəsidir. Həm kilsə bağçasında, həm də kilsənin içərisində yolkalar və İsa Məsihin doğumunu simvolizə edən fiqurlar və bəzəklər var.

Kilsənin həyətində yolka ilə şəkil çəkdirən turistlərlə yanaşı yerli sakinləri də görmək mümkündür. Kilsədə həm yerli sakinlər, həm də turistlər şam yandırıb dua edirlər.

İstanbul

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Foto Könül Şahin, St Antuan Kilsəsi

“Yeni il şənliyi olsun-olmasın?”

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Dekabrın ilk həftəsindən etibarən, istər televiziyada, sosial şəbəkələrdə, istərsə də insanlar arasında Yeni ili qeyd etməyin İslam dininə görə günah olub-olmaması müzakirə edilir.

Bəzən bu, sadəcə, müzakirələrlə məhdudlaşmır və səlahiyyətli şəxslər şəhərlərdə Yeni il bəzəklərinə müdaxilə edirlər. Məsələn, mühafizəkar AKP-nin qazandığı Ordu Böyükşəhər Bələdiyyəsi dekabr ayında şəhərdə fəaliyyət göstərən müəssisələrə 3 gün ərzində Yeni il bəzəklərini yığışdırmaları üçün bildiriş göndərmişdi. Bələdiyyə bildirmişdi ki, bəzəklər götürülməsə, cəza tədbirləri görüləcək. Sosial şəbəkələrdən gələn reaksiyalardan sonra bələdiyyə geri addım atıb və iş yeri sahiblərinə göndərilən bildirişlər geri toplanıb, Cumhuriyyət saytı yazıb.

Dekabrın 18-də İstanbul universitetinin bir qrup tələbəsi ali məktəbin bağçasındakı bir şam ağacını bəzəmək istəyərkən mühafizəçilər buna icazə verməyib və tələbələrlə mühafizəçilər arasında dava düşüb.

Universitetin təhlükəsizlik xidməti başçısı bunun “icazəsiz fəaliyyət” olduğunu söyləyərək bəzəklərin götürülməsini əmr edib. Bununla bağlı Youtube, X, Facebook kimi sosial şəbəkələrdə və yerli mediada video görüntülər yayılıb.

Bənzər hadisə dekabrın 4-də Yıldız Texniki Universitetinin korpusunda baş verib. Evrensel adlı bir saytın yazdığına görə, tələbələr bildiriblər ki, bəzədikləri şam ağacını universitet rəhbərliyi “ənənəmizə uyğun deyil” deyərək bəzəklərini sökdürüb. Bundan sonra tələbələr şam ağacını yenidən bəzəyərək ətrafında gözətçiliyə başlayıblar.

X sosial şəbəkə istifadəçiləri “YıldızlıAğaç” haştaqı ilə tələbələrə dəstək veriblər.

Universitetlər arasından isə onlara ilk dəstək İstanbul Texniki Universitetinin (İTU) tələbələrindən gəlib. İTU-nun bir qrup tələbəsi dekabrın 7-də universitetin həyətində yolka bəzəsə də, onların bəzəkləri dekabrın 10-da yığışdırılıb, ari24 saytı xəbər verir.

2022-ci ilin dekabr ayında isə Türkiyənin Dəyanət İşləri İdarəsi Yeni il öncəsi cümə xütbəsində Yeni il şənliklərini “mədəni fəsad” adlandırmışdı. Cumhuriyet.com yazmışdı ki, idarədən verilən xütbədə “əyləncələr və bu əyləncələrdəki simvolik fiqurların mədəniyyətimizə heç bir aidiyyatı yoxdur” kimi sözlərə yer verilib.

“İstərdim ki, bəzi meydanlarda Yeni il yarmarkaları qurulsun"

Yeni il şənliklərinin təşkilinə qarşı belə davranışlar bəzi Türkiyə vətəndaşlarında onların düşüncələrinə, inanclarına və həyat tərzlərinə müdaxilənin artacağı narahatlığını yaradıb.

BBC News Azərbaycancaya danışan İstanbul sakini Simge Durqut bu hadisələrin insanların seçiminə və həyat tərzinə müdaxilə sayır və bunun Türkiyədəki siyasi proseslərlə bağlı olduğunu söyləyir:

''Türkiyənin son 20 ildə yaşadığı siyasi vəziyyət, əslində ölkədə çox şeyin dəyişməsinə səbəb olub.

İlk olaraq, indi Türkiyədə mühafizəkarlar özlərinə və ya maraqlarına uyğun gəlmirsə, sekulyarların istədiyi bir çox şeyə qarşı çıxırlar və bu gücü siyasi hakimiyyətdən alırlar. Yeni il şənlikləri də onlardan biridir.

Türkiyədə bəzi insanlar Yeni il və Milad fərqini heç vaxt ayıra bilməyib, amma bu qrup indi daha aqressivdir və evimizdəki ağacdan və küçəmizin bəzəyindən narahatdır.

Türkiyədə bir qrup, sadəcə, öz həyatlarını sırımaq, əyləncə mədəniyyətini məhv etmək istəyir. Ağac bəzəmisən? Bundan xoşbəxtsən? Olma! Onların fikrincə, bu, dini baxımdan düzgün deyil”, - Simge Durqut deyir.

O, dünyanın bir çox şəhərində olduğu kimi İstanbulda da Yeni il yarmarkalarının yaradılmasını istəyir:

“Əlbəttə, Türkiyədə xaricdəki kimi Milad yarmarkaları olmaya bilər, amma mən istərdim ki, bəzi meydanlarda Yeni il yarmarkaları qurulsun. Hətta işdən sonra getmək də böyük zövq olardı.

Ancaq müxalifət bələdiyyələri gələcək reaksiyalardan və seçkilərdə səs itkisindən ciddi şəkildə qorxduqları üçün belə şeyləri öhdəsinə götürə bilmir”.

“Mən dini baxımdan spirtli içkilərdən istifadə etmirəm. Yeni ili ailəmlə birlikdə müxtəlif yeməklərdən ibarət gözəl süfrə hazırlayaraq qarşılamağa üstünlük verirəm. Hesab edirəm ki, şəxsi seçimlərə müdaxilə etmək düzgün deyil”, - başqa bir İstanbul sakini Zehra Gündoğdu bizimlə söhbətdə vurğulayır.

“Yeni ili qeyd etmək dinimizə uyğun deyil”

Uzun illərdir İstanbulda ərzaq mağazası işlədən Halil bəy deyir ki, Yeni il gecəsini xüsusi olaraq qeyd etmir:

“Yeni il gecəsini qeyd etmək bizim üçün dini cəhətdən uyğun deyil. Yeni ili iki rükət namaz qılmaqla qarşılayır və gələn ilin ölkəmizə, xalqımıza xeyirli olmasını arzulayıram”.

Amma Halil bəy də hesab edir ki, Yeni ili qeyd edən insanların həyat tərzinə qarışmaq da düzgün deyil.

“İnsanların nə etdiyi bizim işimiz olmadığı üçün heç kimə qarışmağa haqqımız yoxdur. Biz məhəlləmizdə müxtəlif fikirlərdə olan insanlarla birlikdə yaşayırıq. Hər kəs [Yeni ili] gördüyü və yaşadığı kimi qeyd edir”, - Halil bəy deyir.

Osmanlı dövündən başlayan tarix

Türkiyənin tarixi şəhəri İstanbul Osmanlı dövründən bəri Yeni il şənliklərinə ev sahibliyi edir.

Osmanlı imperiyası dövründə Yeni ili, əsasən, bu imperiyanın sərhədləri daxilində yaşayan xristianlar və əcnəbilər qeyd ediblər. Osmanlı imperiyasında ilk rəsmi Yeni il şənliyi 1829-cu ildə Britaniya səfirinin İstanbulda təşkil etdiyi şənliyə Osmanlı dövlət adamlarının qatılması ilə baş verib.

Osmanlı sultanı Sultan Əbdülməcidin 1856-cı ildə Fransa səfirinin təşkil etdiyi şənlikdə iştirak etdiyi məlumdur. Yeni il şənliklərində dövlət xadimlərinin iştirakı ictimaiyyət arasında şənliklərin artmasına səbəb olub. O zaman yerli və xarici xristianların yaşadığı Beyoğlunda (İstanbulun Avropa hissəsindəki rayonlarından biri) keçirilən Yeni il şənliklərində Qərbə meyilli müsəlmanlar da iştirak edirdilər.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, 1926-1934-cü illər arasında Yeni il şənlikləri yanvarın 1-dən sonrakı ilk həftəsonu keçirilirdi. 1935-ci ildə isə 1 yanvar Türkiyədə rəsmi qeyri-iş günü elan edildi.

Yeni il axşamı Türkiyə Prezidenti Recep Tayyip Erdoğan video mesaj ilə həm Türkiyə vətəndaşlarının Yeni ilini təbrik edir, həm də yola salınan ildə hökümətin atdığı addımlarla bağlı hesabat verir.

Eyni zamanda Türkiyə Prezidenti müxtəlif ölkələrin liderlərinə də təbrik mesajları göndərir.