Bakıda, məktəbdə silahlı hadisə: müəllim xəsarət alıb

İdrak liseyi

Şəklin mənbəyi, İctimai TV

Oxuma vaxtı: 1 dəq

Fevralın 6-da Bakıda yerləşən İdrak liseyində şagird tərəfindən odlu silahdan açılan atəş nəticəsində müəllim yaralanıb.

Müəllim xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən fevralın 7-də BBC News Azərbaycancaya bildirilib ki, müəllimin vəziyyəti hazırda "stabildir və reanimasiya şöbəsindən neyrocərrahiyyə şöbəsinə köçürülüb".

"Hazırda müalicəsi palata şəraitində davam etdirilir", qurum bildirib.

Daxili İşlər Nazirliyi bildirib ki, hadisəni 10-cu sinif şagirdi törədib.

Şagirdin atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən müəllimə xəsarət yetirdiyi deyilir.

Şagird saxlanıb. Ondan ov silahı götürülüb. - DİN-in yaydığı məlumatda deyilir.

Hadisənin səbəbləri hələ ki, məlum deyil.

Binəqədi rayon prokurorluğunda cinayət işi qaldırılıb.

Prokurorluq bildirib ki, hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Videonun alt yazısı, Bakıda, liseydə silahlı hadisə: müəllim yaralanıb