Marqarita Simonyan - ABŞ-ın sanksiya qoyduğu Kreml təbliğatçısı kimdir?

Margarita Simonyan kimdir?

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Simonyan (Sağda) keçmiş həmkarlarını və müharibənin əleyhinə olan hər kəsi “əslində rus olmamaqda” ittiham edib
    • Müəllif, Kateryna Khinkulova
    • Vəzifə, BBC Dünya Xidməti

Rusiyanın dövlət mediası RT-nin baş redaktoru Marqarita Simonyan ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı media təmsilçilərindən biridir. ABŞ onu və digərlərini noyabrda keçiriləcək prezident seçkisinə müdaxilədə ittiham edir.

44 yaşlı Simonyan Kremlin baş təbliğatçısı və ideoloqu, az qala Putinin özündən çox “Putinçi” sayılır.

ABŞ-ın Ədliyyə, Dövlət və Xəzinədarlıq departamentləri çərşənbə günü verdiyi bəyanatda prezident seçkisində iddia edilən müdaxilə ilə "aqressiv mübarizə" üçün koordinasiyalı tədbirlər görəcəklərini açıqlayıb.

Marqarita Simonyan adının ABŞ-ın sanksiyalar siyahısında olmasına X hesabından "Ah, onlar oyandılar", - deyə cavab verib.

Simonyan siyahıdakı digər RT-nin əməkdaşlarına xitabən, "Afərin, komanda" yazıb.

Russia Today nədə ittiham olunur?

ABŞ Rusiya

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü John Kirby Russia Today -in “artıq sadəcə təbliğat qolu olmadığını deyir"

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü John Kirby ittihamla bağlı detallı açıqlama verib. “RT artıq Kremlin təbliğat qolu deyil. O, həm də Rusiyanın gizli təsir fəaliyyətlərini davam etdirmək üçün istifadə olunur", o bildirib.

RT-dən BBC-yə ittihamları rədd ediblər.

"Həyatda üç şey qətidir: vergilər, ölüm və RT-nin ABŞ seçkilərinə müdaxiləsi", - deyə RT-dən bildiriblər.

Simonyan necə yüksəldi?

Marqarita Simonyan Rusiyanın Krasnodar vilayətində erməni ailəsində doğulub. Akademik nailiyyətləri ona ABŞ-da nüfuzlu mübadilə proqramında yer tutmağa kömək edib və 1995-ci ildə o, New Hampshire-ə gedib.

Sonra isə Rusiyaya qayıdıb, TV jurnalist olub.

O, 2004-cü ildə çeçen silahlılarının Beslan məktəbini mühasirəyə alması barədə xəbər verərkən məşhurlaşıb. Bu hadisə üç gün sonra 186 uşaq da daxil olmaqla, yüzlərlə insanın ölümünə səbəb olan qanlı dövlət müdaxiləsi ilə başa çatdı.

Marqarita Simonyan üçün bu, sürətli yüksəlişə səbəb oldu. Tezliklə - 25 yaşında o, sonradan RT olaraq adlandırılan Russia Today beynəlxalq şəbəkəsini yaratmaq və idarə etmək üçün seçildi.

Baş ideoloq

O vaxtdan 20 ildir ki, o, Qərbin açıq tənqidçisinə və cənab Putinin sadiq tərəfdarına çevrilib.

İlk gündən etibarən, o, ABŞ-ın “Kremlin əsas beynəlxalq təbliğat vasitəsi” adlandırdığı və prezident seçkilərini pozmağa cəhdlə bağlı iddiaların mərkəzində yer alan şəbəkəyə rəhbərlik edir.

İllər keçdikcə həm Simonyanın, həm də kanalın ritorikası sərtləşdi.

Rusiya və Qərb arasında pozulan münasibətlər

Margarita Simonyan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Margarita Simonyan

2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində Rusiyanın Qərblə münasibətləri korlanmağa başlayanda media şəbəkəsi Kreml yönümlü təbliğat apardığına dair ittihamlarla üzləşməyə başladı.

2014-cü ildə Rusiya Krımı ilhaq və Ukraynanın şərqinin bəzi hissələrini işğal etdikdən sonra RT açıq şəkildə həm Ukraynaya, həm də Qərbə qarşı düşmənçilik nümayiş etdirdi.

Bundan başqa, Ukraynada demokratik yolla seçilmiş hökuməti “Kiyev rejimi” adlandırmağa başladı və Qərb dövlətlərini ölkədə 2014-cü il inqilabını təhrik etməkdə, Rusiyanı sarsıtmağa və hətta məhv etməyə cəhddə ittiham etdi.

Marqarita Simonyan təkcə Rusiyanın xarici təbliğat əməliyyatının başında deyil, o, həm də daxili məsələlərdə fəaldır və mütəmadi olaraq, Rusiyanın siyasi televiziya tok-şoularında çıxış edir.

Ukraynada müharibə və sərtləşən diskurs

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Daha sonra 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başladı. Nəhayət, illərlə çəkən təhdidlərdən sonra Böyük Britaniya onun kanalını qadağan etdi. Rusiyada bir çox yüksək səviyyəli jurnalist və redaktorlar istefa verdilər ki, bu da müharibəyə qarşı kütləvi köç kimi göründü.

Simonyan isə keçmiş həmkarlarını və müharibənin əleyhinə olan hər kəsi “əslində rus olmamaqda” ittiham etdi.

O, Almaniya Hərbi Hava Qüvvələri zabitlərinin Ukraynaya verilə biləcək uzaqmənzilli silahları və onlardan istifadənin müzakirəsi ilə bağlı sızdırılmış səs yazısını dərc etdi. Bununla da Ukrayna müharibəsinin ən böyük casusluq hekayələrindən birində əsas rol oynadı.

İndi Simonyanın ictimai fikirləri Kremlin siyasətindən fərqlənmir və müntəzəm olaraq, Rusiyanın düşmənlərinə qarşı zorakılığa çağırışa qədər irəliləyir.

Simonyan Kremlin “Rusiya tərəfindən işğal olunmuş Ukrayna bölgələrində referendum keçirilməsi, insanların kimlə istəsələr, onla qalmasına icazə verilməsi və bunun ədalətli olması ilə bağlı” fikirlərini gücləndirdi.

Qərbə münasibəti: "Sizi sevmirik!

Simonyanın Qərbə qarşı mövqeyini bəlkə də ən yaxşı şəkildə mart ayında BBC-yə verdiyi son müsahibəsində, cənab Putin rəqabətsiz seçkilərdə beşinci müddətə prezident seçilməyə hazırlaşarkən verdiyi şərhlərlə ümumiləşdirmək olar.

Seçkilərdə ciddi rəqibin olub-olmaması ilə bağlı suala o, belə cavab vermişdi.

"Ciddi rəqibə ehtiyac varmı? Niyə? Biz sizin kimi deyilik”.

"Və həqiqətən sizi elə də çox sevmirik".