Yorğun Ukrayna cəbhəyə göndərməyə adam tapmaqda çətinlik çəkir

- Müəllif, Sarah Rainsford
- Vəzifə, Şərqi Avropa üzrə müxbir
- Məkan, Çerkassy
Pavlo Zhilin və onun patrulu Çerkassy küçələrində göründükdə kişilər çox vaxt onlardan yayınmaq üçün yollarını dəyişirlər.
Pavlo Ukrayna ordusu üçün əsgər axtaran hərbi xidmətə çağırış üzrə zabitdir.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan, demək olar ki, iki il sonra daha cəbhə xəttinə könüllü axını yoxdur.
Döyüşmək arzusunda olanlar ya ölüb, ya yaralanıb, ya da ki cəbhədə ilişib qalıb və yeni gələnlərin hesabına bir qədər dincəlməyi gözləyir.
İlk entuziazmin həyacanı azalandan sonra, hər yerdə olduğu kimi indi Çerkassy-nin mərkəzi küçələrində də onları tapmaq asan deyil.
Ukrayna tükənib.
Pavlonun hekayəsi
Anlamıram. İnsanlar elə davranır, sanki müharibə hardasa uzaqdadır. Ancaq bu, geniş, tammiqyaslı işğaldır və görünən odur ki, bu, insanların vecinə deyil", - Pavlo deyir.
O gördüyü laqeydlikdən məyusdur: "İlk gündə olduğu kimi indi də hamının bir olmağına ehtiyacımız var. O zaman hər kəs qardaş kimi birləşmişdi".
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Əvəzində Çerkassy-nin təhlükəsizlik xidməti səfərbərlik komandası şəhərə çıxanda insanları xəbərdar edən yerli sosial media kanallarını bağlayır.
24 yaşında Pavlo öz ölkəsi üçün çox şey fəda edib.
O, əsgər olmaq arzusu ilə böyüyüb. Bu haqda xatırlayanda onun gözləri parıldayır. 2022-ci ilin fevralında, Rusiya qüvvələri sərhədboyuna toplaşanda Pavlo orduda xidmət edirdi.
O, Kiyev yaxınlığında döyüşüb, daha sonra amansız döyüşlərin getdiyi Şərqi Donbasda - Soledarda. Həmin ilin yayında o, Bahmuta köçürülüb.
"Biz gülləbarana düşdük. Mərmi yanıma düşdü. Mən qolumu tamamilə itirdim. Yerində heç nə qalmadı", - o, ağır yaralandığı hücumu təsvir edir.
O, kolların dibi ilə sürünərək dua etməyə başlayıb.
Əsgər etiraf edir ki, hospitala çatmaq elə bil üstündən yük götürülməsi idi: sadəcə, xilas olduğu üçün yox, həm də o, nəhayət ki, cəbhə xəttindən uzaqlaşmışdı. "Orada çox çətin idi. Mən hətta sözlə ifadə edə bilmirəm".
O, yerə baxır və susur.
Pavlonun yaraları ağır olub. Onun sağ qolu çiynindən aşağı amputasiya olunub. O, hələ də qolunun olmadığı yerdə ağrı hiss edir. Ayağında qəlpə var. Onun adi protezi məhdud hərəkət imkanı verir.
Lakin o, xidmət etmək istəyirdi və beləcə, səfərbərlik üzrə zabit oldu.
Bütün bu yaşadıqlarından sonra, görəsən, o, digər kişilərin səfərbərlikdən nə üçün yayındığını anlayırmı?

"Bir gün uşaqları onlardan müharibə dövründə, kişilər döyüşərkən onların nə ilə məşğul olduqlarını soruşacaqlar. Onlar cavab verəcək ki, "gizlənirdim" və o zaman uşaqlarının gözündən düşəcəklər", - Pavlo qətiyyətlə deyir.
Hələlik Ukraynanın özünümüdafiə üçün ödədiyi dəyər çox böyükdür.
Pavlodan müharibədə dost itirib-itirmədiyini soruşanda, o deyir ki, "kruqundan", demək olar ki, heç kim qalmayıb".
"Qalanlar mənim kimidirlər [yaralanıblar]. Digərləri ölüb".
Serhiyin hekayəsi
Şərq cəbhəsindən uzaqda dağıntılar arasında bərpa əlamətləri var.
Kiyev yaxınlığında yerləşən İrpin şəhəri Rusiya qüvvələri tərəfindən müharibənin lap əvvəllərində işğal olunmuşdu. Orda mərmilərin dağıtdığı binalar hər yerdədir, eləcə də tikinti işlərinin səsi eşidilir.
Hər şeyini itirənlər üçün indi orda hamamı da olan iki otaqlı prefabrik evlərdən ibarət kiçik "şəhərcik"lər var. Orda yaşayanların yarısı İrpinin öz əhalisidir. Digərləri cəbhəyə yaxın ərazilərdən köçüb.
Lilia Saviuk və əri şərqdə yerləşən, hələ də rus qüvvələrinin işğalında olan Kaxovkadan bura yenicə köçüblər.
Müharibənin əvvəlində onların oğlu Serhiy İrpində ələ keçirilərək zirzəmidə saxlanılıb. Lilia deyir ki, o, Ukrayna lehinə şüarlar qışqırdığı üçün işgəncəyə məruz qalıb.
Serhiy azad ediləndə bölgəni tərk edib və dərhal Ukrayna üçün döyüşmək üçün orduya yazılıb.

Lilia mənə fotolar göstərmək üçün telefonuna baxanda dəhşətli yaraların olduğu şəkillər çıxır.
Oğlunun bir ayağı parça-parça olub, hissələri kənara tökülüb.
Serhiy ötən payız şiddətli döyüşlərin getdiyi və hətta Ukrayna rəsmilərinin də ordunun silahsız və əsgər çatışmazlığının olduğunu etiraf etdiyi Avdeeyevkada yaralanıb.
Bir mənbə ordakı güc nisbətini 8-1 Rusiyanın xeyrinə hesab edir.
Lilia və onun əri Kaxovkanı Serhiylə birgə tərk edə bilməyib, çünki onların yaşlı valideynləri getməkdən imtina ediblər. Ona görə də onlar işğal altında qalıblar və qorxu içində yaşayıblar ki, birdən ruslar onların övladlarının əsgər olmasından xəbər tutarlar.
Onlar, nəhayət Serhiy yaralandıqda onunla hospitalda qalmaq üçün ərazini tərk ediblər, lakin Lilia ağlayır ki, o, valideynlərini orda qoyub gəldiyi üçün utanır.

"Biz zəng vurub onlardan soruşuruq ki, sakitlikdirmi?", - o, atəş açılıb-açılmamasını nəzərdə tutduğunu deyir.
"Orda hamı azad olunmağı gözləyir. Və bunun səs-küylü olmasını. Lakin orda yalnız sakitlikdir.
İnsanlar aylardır ağlayır, lakin heç bir şey yaxşılığa doğru dəyişmir".
Ancaq Lilianın göz yaşlarına başqa bir qorxu da hakimdi.
O mənə videolar göstərir: burda o, oğlunun əlil arabasını itələyir. Ətrafı örtmüş qarda ikisi də gülüşürlər.
Oğlunun dərisindəki yara izləri çəkilmiş şəkillər də var. Liliana deyir ki, həkimlər "möcüzə yaradıblar".
Ancaq Serhiy anasına deyib ki, tamamilə sağaldıqdan sonra cəbhəyə qayıdacaq. O deyib ki, orda əsgər çatışmır. Dostlarının ona ehtiyacı var.
Beləcə, Lilia ilk əvvəl müharibənin bitməsi üçün dua edir.
"Düşünürəm ki, o, artıq öz vəzifəsini yerinə yetirib", - deyn Liliananın gözü yaşla dolur.
"Ana kimi bunu demək günahdır, ancaq o, xəstəxanada olduğu müddətdə mən rahat yata bilirəm. O, ön cəbhədə olanda mən yata bilmirəm".
"Beləcə, şadam ki, oğlum indi xəstəxanadadır, baxmayaraq ki, mən bunu deməməliyəm. Mən şadam ki, o, ön cəbhədə deyil".
Vladislavın hekayəsi

Çerkassy-nin kənarında uzun bir cərgədə yeni qəbirlərin olduğu qəbiristanlıq var.
Bu qəbirlər bu şəhərdən olan, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum əmrindən sonra başlayan döyüşdə ölmüş müxtəlif yaşlı kişilərindir.
Ukrayna mərhumlara qəhrəman kimi münasibət göstərir, lakin onlara yas saxlamaq ailələrinin ixtiyarına buraxılıb.
Hər bir məzardan dövlət bayrağı asılıb və onlar çələng və güllərlə bəzədilib. Hərbi formada olan əsgər və zabitlərin şəkilləri ya xaçlara bərkidilib, ya da mərmər başdaşlarına həkk olunub.
Irina hələ oğlunun şəklini onun qəbrinə qoya bilmir. Oğlunun yas mərasimində istifadə etdiyi şəkil hələ də onun evindədir. O buna hazır deyil.
Vladislav Baykanov 2023-cü ilin iyununda Baxmut yaxınlığında mina partlayışında həlak olub. 23 yaşı hələ tamam olmamış gənc artıq komandir köməkçisi imiş.
"Mən inanıram ki, oğlum doğru hərəkəti edərkən öldü", - İrina qətiyyətlə deyir. Onun qızı isə yanında dayanıb səssizcə ağlayır.
Görəsən, o, döyüşə yazılmaqdan yayınanlar haqqında nə düşünür?
"Mən müəlliməm və hər zaman şagirdlərimə bunu deyirəm: biz haqlıyıq, biz öz ölkəmizi və öz uşaqlarımızı qoruyuruq. Mənim oğlum bizi qoruyurdu. O buna inanırdı. Mən də inanıram", - İrina deyir.
"Ancaq bəlkə Rusiya tərəfindən qul edilmək daha qorxuncdur? Biz indi ölümü görürük. Bu, çox çətindir. Çox çətin. Ancaq geriyə yol yoxdur. Biz təslim ola bilmərik", - o əlavə edir.
Bu yazının hazırlanmasında Anastasiya Levçenko və Paul Pradier iştirak edib.







