Hansı qidalar və içkilər dərmanlara mənfi təsir edir?

Antibiotik qəbulu zamanı spirtli içki içməyin təhlükəli olub-olmaması tez-tez verilən suallardandır. Amma diqqət etməli olduğumuz bir çox başqa içki və qidalar da var.

Yediyimiz və içdiyimiz şeylər dərmanlara ciddi dərəcədə təsir edə bilir. Ona görə də dərmanların qəbuluna aid təlimatları oxumaq vacibdir.

Qidalar kimi, dərmanlar da bağırsaqlarda, sonra isə qaraciyərdə parçalanır və bir-birinə kompleks şəkildə təsir edə bilir. Bəzi qidalar dərmanın təsirini artıra, bəziləri isə azalda bilər. Bunların hər ikisi təhlükəlidir.

Alkoqol

Bəzi dərmanlar, məsələn, antihistaminiklər və antidepressantlar yuxu gətirir və spirt bu təsiri artıra bilər.

Bəzi istisnalar xaric, hazırda əksər antibiotiklərin qəbulu zamanı spirtdən imtina tələb olunmur.

Bununla belə, dərmanların spirtlə eyni vaxtda qəbul edilməsi "alkoqol səpgisi" və ya "disulfirama bənzər reaksiya" kimi nəticələrə səbəb olur.

Alkoqol orqanizmdə parçalanan zaman asetaldehid adlı zəhərli maddə əmələ gəlir və orqanizm bu maddəni xaric edir. Ancaq bəzi dərmanlar onun ifrazını çətinləşdirə, bədəndə yığılmasına gətirib çıxara bilir; qızartı, yüksək qan təzyiqi, ürək döyüntüsü və qusma kimi simptomlara səbəb olur.

Qreypfrut

Qreypfrutun 100-dən çox dərmanla, bəzi dərmanlarlasa hətta təhlükəli dərəcədə reaksiyaya girdiyi aşkar edilib. Məsələn, qan təzyiqinə qarşı dərmanların təsirini bir neçə dəfə artırdığı məlumdur.

Bu, qreypfrutun tərkibindəki furanokumarin adlı maddədən qaynaqlanır.

Bir qreypfrut və ya bir stəkan qreypfrut suyu xolesterola qarşı bəzi dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu isə həm də yan təsirlərin artması deməkdir.

Qreypfrutla reaksiyaya girən dərmanlar aşağıdakılardır:

• xolesterolu azaldan bəzi statinlər (xüsusilə simvastatin tərkibli);

• aritmiyaya (ürək ritminin pozulması) qarşı dərmanlar;

• bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunan) dərmanlar;

• orqan transplantasiyasından sonra immun sistemini yavaşlatmaq üçün istifadə olunan bəzi dərmanlar;

• erektil disfunksiya (cinsi orqanda sərtləşmə pozuqluğu) qarşı bəzi dərmanlar.

Sevilya portağalı və pomelo meyvəsində də furanokumarin var. Adi portağalda bu maddə yoxdur, amma bəzən o da dərmanlara təsir edə bilir.

Yaşıl yarpaqlı tərəvəzlər və gavalılar

Kələm, brokoli, ispanaq, pazı, kələm kimi yaşıl yarpaqlı tərəvəzlərdə, quru alçada və bəzi bitki yağlarında yüksək miqdarda K vitamini var. Bu vitamin qanın laxtalanmasına kömək edir.

Ancaq ürəyiniz üçün antikoaqulyant və “Varfarin” (“Coumadin”) kimi qan durulaşdırıcı dərmanlar qəbul edirsinizsə, nəzərə almalısınız ki, bu qidalar dərmanın təsirini azaldacaq.

Hədsiz miqdarda yaşıl çay içən bir posientdə də eyni hal müşahidə olunub.

Hərçənd həkimlər yaşıl tərəvəzlərdən tamamilə imtina etməyi tövsiyə etmirlər. Sadəcə gündəlik miqdarın həddindən çox olmamasına diqqət etmək lazımdır ki, K vitamini qəfil artmasın.

Biyan kökü

Qara biyan kökündə qlisirrizin adlı çox şirin kimyəvi maddə var. Bu maddə kalium səviyyəsinin aşağı düşməsinə, qan təzyiqinin artmasına və hətta sağlam insanlarda da ürək ritminin pozulmasına səbəb ola bilir.

Əgər yüksək təzyiqiniz və ya ürək xəsətliyiniz varsa, biyan kökündən uzaq durmalısız.

Maya ekstraktı, duzlu-fermentlənmiş qidalar, köhnə pendirlər

Tiramin qan təzyiqini tənzimləməyə kömək edən amin turşusudur və normal şərtlərdə yaxşı həzm olunur.

Ancaq MAOİ (monoamin oksidaz inhibitorları) adlanan bəzi antidepressantlar bədəndə tiramin səviyyəsinin, qan təzyiqinin, ürək döyüntülərinin artmasına, baş ağrılarına və hətta iflicə də səbəb ola bilər.

Bu, həkimlərin ən çox qorxduğu reaksiyalardan biridir.

Tiramin, marmit kimi maya ekstraktları balıq, ət, kiflənmiş pendir, bəzi spirtli içkilər; qurudulmuş, hisə verilmiş və ya fermentlənmiş qidalar da daxil, bir çox əraq məhsullarında var.

Tərkibində müəyyən qədər tiramin olan şokoladın da dərmanlara təsir etdiyi bildirilsə də, bununla bağlı kifayət qədər dəlil yoxdur.

Çay və qəhvə

Dəmir çatışmazlığından qaynaqlanan anemiyanın müalicəsi üçün dəmir sulfat həbləri qəbul etməzdən iki saat əvvəl və sonra çay, qəhvə, yumurta, süd və süd məhsullarından istifadə etmək olmaz. Bunlar bağırsaqlarda dəmirin sorulmasını azaldır.

Bu dərmanları acqarına, portağal suyu və ya C vitamini əlavələriylə birlikdə qəbul etmək məsləhət görülür.

Məqalə BBC-nin “Trust Me I'm a Doctor” ( “Mənə güvən, mən həkiməm”) layihəsindən götürülüb.