ATƏT-in "Dağlıq Qarabağ" təkliflərində nə varmış?

Xankəndi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Arxiv/Foto. Xankəndi

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlk mərhələdə beş rayon Azərbaycana qaytarılır, Dağlıq Qarabağda referendum keçirilir, Kəlbəcər və Laçın ATƏT-in müşahidəsi altında qalır. Bu, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün irəli sürdüyü 2019-cu il təkliflər paketində əks olunub.

Bu sənəd Paşinyan hökumətinin açıqladığı, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə aid 13 sənəddən biridir.

sənıd qarabağ

Şəklin mənbəyi, Ermənistan hökuməti

ATƏT-in Minsk Qrupunun bu təkliflər paketində nəzərdə tutulmuşdu ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin qorunması təmin edilərək yeddi rayon Azərbaycana qaytarılsın.

Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi üçün referendum keçiriləcəkdi və bu, BMT və ya ATƏT-in himayəsi altında olacaqdı.

Sənəddə nəzərdə tutulmuşdu ki, bu referendum Dağlıq Qarabağ əhalisinin azad iradəsini ifadə edəcək və hüquqi cəhətdən məcburi xarakter daşıyacaqdı.

Sənədə görə, birinci mərhələdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən sonra beş rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulurdu.

Kəlbəcər və Laçın isə ATƏT-in müşahidəsi altında qalmalı idi.

Dağlıq Qarabağın yekun statusu müəyyən olunmazdan əvvəl, Minsk Qrupunun həmsədr ölkələrinin dəstəyi ilə Dağlıq Qarabağda həyatın tam təşkili üçün zəruri hüquqlar tanınmalı idi, sənəddə yazılıb.

Ermənistan

Şəklin mənbəyi, Ana Flašker/Alamy

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Sənədlərinin dərc olunması Ermənistanda müzakirələr doğurub.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresin sədr müavini Levon Zurabyan öz Facebook hesabında yazıb ki, dərc olunmuş sənəd qəbul edilsəydi, sülhün, blokadanın aradan qaldırılması və faktiki olara, müstəqil Qarabağın olması demək olardı. O, Paşinyanı bu təkliflərə məhəl qoymayaraq, onun təbirincə, "dağıdıcı müharibəyə" yol açmaqda ittiham edib.

Paşinyan 2019-cu ilin sonunda "masa üzərində müzakirə olunan heç bir sənəd yoxdur" deyib.

O, İkinci Qarabağ müharibəsindən iki il sonra Qarabağı Azərbaycanın tərkibində tanıdığını bəyan edib və bildirib ki, 1994-cü ildən etibarən keçirilən danışıqlar prosesi "Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq" istiqamətində olub.

Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi münaqişənin ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi olub.