Qorisdə qutab bişirən Yercanik: "Bura Qarabağa yaxındır"

Yercanik

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qorisdə məskunlaşmış qarabağlı qaçqın Yercanik buradan başqa yerə köçmək istəmir.

"Bura Qarabağa yaxındır. Bilmək olmaz, birdən geri dönməyə imkan olar. Buna görə burdan çıxmaq fikrim yoxdur", - o deyir.

"Amma əmin deyiləm. Gah ümidim tamam kəsilir, gah düşünürəm ki, mümkün olar. Nə bilim e...".

O, Qarabağdan 2020-ci ildə, ikinci Qarabağ müharibəsindən sonra çıxıb. Qorisdə əri ilə yaşayır.

Şəhərin mərkəzi meydanı yaxınlığında jəngəlov hats bişirib satır. Bu, Qarabağda çox yayılmış göy-göyərti ilə bişirilən qutabdır. Erməni dilinin Qarabağ dialektində "jəngəlov hats" - "səbzili çörək" deməkdir.

İndiyə kimi iki mehmanxana otağı dəyişiblər. Hazırda ayrıca mənzil kirayə götürüblər.

Qorisdə Qarabağdan gələnlərin vəziyyəti barədə belə deyir: "Necə olacaq e, ağrın alım? Özgənin evində, özgənin çölündə, özgə torpaqda... Necə ola bilər?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Çox çətindir. Təsəvvür edə bilməzsən – nə qədər çətindir".

Deyir ki, heç bir yardım və ya müavinət almır, qutabdan qazandığı pula ev kirəsini ödəyirlər.

İki-üç ay əvvəl dövlət tərəfindən hər qaçqına 50 min dram yardım nəzərdə tutan proqram ləğv edilib. İndi yalnız təqaüdçülər və uşaqlara 30 min dram aylıq yardım verilir.

"Yerli əhali bizi çox yaxşı qarşılayıb. Minnətdarıq... İndi də pis deyillər... Doğrusu, daha çox işdə oluruq, qonşuluq etməyə vaxt olmur. Elə burada da, ətrafımızda olanlarla yaxşı münasibətlərimiz var", - Yercanik deyir.

Ona "Gələcəyiniz barədə nə planlarınız var?" sualını verirəm.

Deyir: "Burda qalasıyıq. Başqa niyyətimiz yoxdur. Burdan getmək planımız yoxdur. Taleyimiz belədir. Nə olur, olsun. Buranın camaatı necə - biz də elə".

Deyir ki, imkan olsa, Qarabağa qayıtmaq istərdilər, lakin hələ qorxulu hesab edir.

"Elə bir qarabağlı olmaz ki, qayıtmaq istəməsin... Nə qədər də desək ki, bura yaxşıdır, birdi – bura bizim üçün qürbətdir. Özgənin həyətində, özgənin evində...", - o deyir.

Azərbaycan Qarabağ ermənilərinin geri qayıtmasının əleyhinə olmadığını bildirir, lakin bunun üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.