Bəşər Əsəd Moskvadadır, Rusiya dövlət mediası yazıb. Suriyada nə baş verdi? 7 suala cavabda

Suriyanın keçmiş Prezidenti bir həftə əvvəl Dəməşqdə İranın xarici işlər naziri ilə görüşündən sonra media qarşısında görünməyib.

Şəklin mənbəyi, Reuters

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd və ailəsi Moskvaya gediblər, Rusiyanın dövlət xəbər agentlikləri məlumat yayıb.

Xəbərlərdə Əsəd və ailəsinə Rusiya tərəfindən sığınacaq veriləcəyi də bildirilir.

BBC müstəqil şəkildə məlumatı yoxlaya bilməyib.

Suriyanın keçmiş Prezidenti bir həftə əvvəl Dəməşqdə İranın xarici işlər naziri ilə görüşündən sonra media qarşısında görünməyib.

Həmin gün o, Suriyada artıq sürətlə əraziləri ələ keçirən üsyançıları "əzəcəyinə" söz vermişdi.

O, üsyançı qrup HTS bu həftəsonu paytaxta girən zaman qaçıb.

Bazar günü üsyançıların lideri Əbu Məhəmməd əl-Cövlani Dəməşq məscidində izdiham qarşısında çıxış edib.

Bəşər Əsəd qaçıb suriyalılar qələbəni qeyd edir

Üsyançıların qələbələrini televiziya vasitəsiylə elan etdiyi və siyasi məhbusları azad etdiyi bildirilir.

Suriyanın Baş naziri hakimiyyətin daha rahat ötürülməsini təmin etmək üçün ölkə vətəndaşlarının seçdiyi istənilən rəhbərliklə "əməkdaşlığa" hazır olduğunu bildirib.

Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali "Al-Arabiya" telekanalına müsahibəsində ölkədə azad seçkilərin keçirilməli olduğunu deyib.

Bəşər əl-Əsəd 25 il Suriyanı idarə edib.

Üsyançıların paytaxtı ələ keçirməsi xəbərindən sonra bəzi suriyalılar Dəməşqdə və digər böyük şəhərlərdə bayram keçiriblər.

Sosial mediada etirazçıların Suriya Prezidentinin Dəməşq yaxınlığında heykəlini yıxdığını göstərən görüntülər yayılıb. Reuters xəbər agentliyi şahidlərdən birinə istinadla yazır ki, Əsədin atasının Dəməşqdən təxminən 10 kilometr uzaqda yerləşən Cermana şəhəri yaxınlığında qoyulmuş heykəlini də yıxıblar.

Bəşər Əsəd Suriya

Şəklin mənbəyi, Anadolu

1. Suriyada indi nə baş verir?

Bəşər Əsəd suriya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Üsyançılar bu həftə Hama şəhərini ələ keçiriblər
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ötən həftə Suriya Prezidenti Bəşər Əsədə qarşı olan üsyançılar Hələbi ələ keçirdiklərini bildirdilər.

2016-ci ildən bəri, hökumət ordusu onları şəhərdən çıxmağa məcbur edəndən sonra ilk dəfə idi ki, üsyançılar Hələbə girirdi. Bu, həm də son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır.

2011-ci ildə başlayan və on il gah alovlanan, gah da səngiyən vətəndaş müharibəsi zamanı Suriya Prezidenti Bəşər Əsəd atasından miras qalmış hakimiyyətini qoruya bildi, amma ölkə də parçalandı.

BBC-nin Yaxın Şərq müxbiri Hugo Bachega üsyançıların hərəkət sürətindən heyrətə gəldiyini bildirib.

Bir ABŞ rəsmisi CBS NEWS-a Dəməşqin ətraf qəsəbələrinin üsyançıların əlinə keçdiyini açıqlayıb.

Adı açıqlanmayan ABŞ rəsmisi BBC-nin Amerikadakı tərəfdaşı CBS NEWS-a deyib ki, Suriya paytaxtına gedən yolla irəlilədikcə, Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançıların Dəməşq ətrafını necə ələ keçirdiklərini görmək olur.

Lakin Suriya hökuməti üsyançıların paytaxtı ələ keçirməsini inkar edir və Prezident Bəşər Əsədin şəhəri tərk etmədiyini bildirir.

Üsyançılar paytaxta yaxınlaşarkən, etirazçılar Bəşər Əsədin nəzarətində olan paytaxt ətrafında küçələrə axışır.

Əllərində hücum sialhları tutuan üç gənc yük maşınının arxasında barmaqlarını qaldıraraq salam verir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əli silahlı üç gənc yük maşınının arxasında barmaqlarını qaldıraraq, salam verir

2. Bəs, bütün bunlar niyə indi baş verir?

Üsyançılar silahlı hücumlara Suriyanın şimalından noyabrın 27-də başladılar. Bu hücumlar qonşu Livanda İsrail və Hizbullah qruplaşması arasında atəşkəsin qüvvəyə mindiyi günə təsadüf etdi.

Rusiyanın hava hücumlarıdan dəstək alan Suriya Prezidenti Bəşər Əsədin qüvvələri üsyançılara qarşı səmərəli müqavimət göstərə bilmir və bu amil Dəməşq hökumətinin mübarizə aparma gücü ilə bağlı suallar yaradır.

Əsəd hökumətinin əsas dəstəkçiləri olan İrana bağlı Hizbullah qruplaşması və Rusiya hazırda özlərinin birbaşa iştirak etdiyi münaqişə bataqlığındadırlar. Bu il İsrailin quru və hava hücumlarından sonra Hizbullahın zəifləməsi Heyat Təhrir Əl-Şam qruplaşmasını cəsarətləndirmiş ola bilər.

İllər ərzində cəbhə arxasında unudulmuş Suriya üsyançıları indi daha çox təchizatlı və təşkilatlı görünürlər. Buna görədir ki, onlar çox tez zamanda hökumətdən strateji qəsəbə və şəhərləri almağı bacardılar. Cümə axşamı Həma yaşayış məntəqəsini ələ keçirən üsyançılar indi Suriyanın qərbində yerləşən və Livanla həmsərhəd olan Homs şəhərinin girişindədirlər.

Heyat Təhrir Əl-Şam qruplaşmasının lideri Abu Məhəmməd Əl-Colani bildirib ki, hücumların məqsədi Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaqdır.

3. Hələbi ələ keçirən üsyançılar kimdir?

Suriyada üsyançıların irəliləməsi
Şəklin alt yazısı, Suriyada üsyançıların irəliləməsi

Suriyanın şimalından, Türkiyə ilə sərhəd bölgəsindən ölkənin mərkəzinə doğru irəliləyən dəstəyə uzun müddətdir münaqişədə iştirak edən islamçı silahlı qrup "Heyət Təhrir əl-Şam" (HTŞ) rəhbərlik edir.

HTŞ 2011-ci ildə Əl-Qaidənin birbaşa qolu kimi, "Cəbhət ən-Nusra" adı ilə yaradılıb.

Onun yaradılmasında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.

O, Prezident Bəşər Əsədə qarşı çıxan qrupların ən radikallarından və nüfuzlu olanlarından biri sayılırdı.

Lakin qrupun cihadçı ideologiyası onun təşkilatlanmasında və böyüməsində əsas amil olub və o, "Azad Suriya" bayrağı altında əsas üsyançı koalisiya ilə ziddiyyət təşkil edib.

2016-cı ildə qrupun lideri Əbu Məhəmməd əl-Cövlani ictimai şəkildə Əl-Qaidə ilə bağlarını qırdı, "Cəbhət ən-Nusra"nı ləğv etdi və bir neçə digər oxşar qruplarla birləşərək bir il sonra "​Heyət Təhrir əl-Şam" adı verilən yeni bir təşkilat yaratdı.

4. Tərəfləri kimlər dəstəkləyir?

Suriya xəritəsi
Şəklin alt yazısı, Suriyanın şimal-şərq hissəsində Hələbin yerini göstərən xəritə. Ölkənin ikinci şəhəri Türkiyə ilə sərhədə yaxındır

Suriyada on illərdir davam edən müharibədə çoxlu silahlı qruplar və onları dəstəkləyən bölgə və regiondan uzaq ölkələr var.

İddialar var ki, HTŞ Türkiyə tərəfindən dəstəklənib, buna qarşı Rusiya və İran Bəşər Əsəd hakimiyyət qüvvələrini dəstəkləyib.

Amma Türkiyə Hələbə girən üsyançıların hücumuna dəstək vermədiyini deyir.

Ankaranı narahat edən əsas məsələlər Suriyadakı etnik kürdlərin yaratdığı Xalq Müdafiə Birlikləri (YPG) Suriya hökumətinin buraxdığı strateji nöqtələrə girməsi və müharibənin alovlanmasından Türkiyə sərhədlərinə doğru yeni bir kütləvi köçün başlaması ehtimalıdır.

Bazar ertəsi günü iranlı həmkarı Abbas Araqçı ilə Ankarada görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan "İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq düzgün olmaz" deyib.

“Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik” deyən Hakan Fidan əlavə edib ki, vətəndaş müharibəsinin böyüməsini və qaçqın axını istəmirlər.

Türkiyə YPG-ni “terror təşkilatı” olaraq görür.

5. "Heyət Təhrir əl-Şam" indiyə kimi harda idi?

Hələb

Şəklin mənbəyi, Getty Images

Artıq bir müddətdir ki, "Heyət Təhrir əl-Şam" qrupu İdlibdə faktiki yerli administrasiya qurub. Amma silahlı qrup insan haqları pozuntuları tənqidləri ilə üzləşib.

Qrupun məqsədi Suriyada fundamentalist İslam hakimiyyətini qurmaqdır.

Bir neçə ildir ki, Suriya hökumət qüvvələri İdlibdə nəzarəti bərpa etməyə çalışır.

Lakin 2020-ci ildə Əsədin əsas müttəfiqi olan Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına əməl olunurdu.

İdlibdə təxminən dörd milyon insan yaşayır - onların əksəriyyəti Əsəd qüvvələrinin amansız müharibəsində üsyançılardan geri aldığı qəsəbə və şəhərlərdən didərgin düşüb.

6. Suriyada nəzarət kimdədir?

Suriyadakı müharibə son dörd ildə sanki bitmişdi.

Prezident Bəşər Əsədin hakimiyyəti ölkənin böyük şəhərlərində idarəetməni saxlayıb, amma ölkənin bəzi hissələri onun birbaşa nəzarətindən kənarda qalır.

Bunlara şərqdəki kürdlərin çoxluq təşkil etdiyi və münaqişənin ilk illərindən Suriya dövlətinin nəzarətindən az-çox kənar qalan ərazilər daxildir.

Silahlı toqquşmalar 2011-ci ildə Əsəd hakimiyyətinə qarşı inqilabın başladığı cənubda nisbətən sakitləşsə də, bəzən iğtişaşlar davam edib.

Ucsuz-bucaqsız Suriya səhrasında, özlərini "İslam Dövləti" adlandıran qruplaşmalar hələ də təhlükəsizliklə bağlı təhdid yaradır.

Şimal-qərbdə isə İdlib əyaləti müharibənin qızğın vaxtında oraya sıxışdırılımış silahlı qrupların nəzarətindədir.

Hələbə qəfil hücum edən İdlibdə dominant qüvvə olan "Heyət Təhrir əl-Şam"-dır.

7. Bu, Bəşər Əsədin sonudurmu?

Rusiya dövlət mediası Əsədin Dəməşqdən qaçdıqdan sonra Moskvada olduğunu və oradan sığınacaq alacağını bildirir.

O, üsyançı qrup HTS bu həftə sonu paytaxta soxulan zaman qaçıb

Suriya müharibəsi başlayanda məqsəd azad seçkilər və yeni konstitusiya ilə formalaşan gələcək idi. Ancaq bu, Əsəd və ailəsinin illərlə şəxsi rifahı kimi baxdıqları ölkədən imtina etməsi deməkdir.

Münaqişədə yarım milyondan çox insanın həlak olması onların buna imkan verməmək əzmini kimi görünürdü.

"O, dəstəyinin əsl özəyi var. Bəzi suriyalılara görə, üsyana rəhbərlik etmək üçün ortaya çıxan cihadçılara baxanda, bu, pislərdən ən yaxşısıdı. Ancaq sayı heç də az olmayan digər Əsəd əleyhdarı olan qruplar ayağa qalxarsa, onun rejimi yenidən ölümcül təhlükə ilə üz-üzə qalacaq", -Jeremy Bowen yazır.

"Homs şəhərinin Suriya müxaliflərinin əlinə keçməsi Prezident Bəşər Əsəd rejiminin sonu ola bilər", London İqtisadiyyat Məktəbinin beynəlxalq münasibətlər üzrə professoru Fawaz Gerges BBC-yə bildirib.

Onun sözlərinə görə, Homs şəhəri Əsəd hökumətinin "sinir mərkəzidir" və bu şəhərin itirilməsi paytaxt Dəməşqi "asan hədəfə" çevirə bilər.

Gerges bildirib ki, şəhərdə binaların divarlarında artıq "dövlətin müdafiə imkanları xeyli aşağı düşüb" yazılarını görmək mümkündür.

"Əgər Əsəd qüvvələri müxaliflərin Homs şəhərinə hücumunu dəf edə bilməsə, hesab edirəm, növbəti bir neçə həftə və ya bir neçə ay ərzində Əsəd rejiminin sonunu görə bilərik", professor əlavə edib.