Putin özünü I Pyotrla müqayisə edib və ərazilərin qaytarılmasını öz vəzifəsi adlandırıb

Şəklin mənbəyi, TASS
Fevral ayında Ukraynaya silahlı müdaxiləyə əmr verən Rusiya Prezidenti ilk dəfə olaraq ölkəsinin indiki hədəfinin əraziləri “qaytarmaq” olduğunu deyib.
Vladimir Putin hazırkı hadisələri 350 illik ildönümü qeyd olunan I Pyotrun dövrü ilə müqayisə edib.
"Bir növ özümüzü müdafiə etməli olduğumuz, bunun üçün mübarizə aparmalı olduğumuz aydın bir şeydir. İndi biz I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. Qəribədir! Necəsə belə bir anlayışa gəlirsən. I Pyotr Şimal müharibəsində 21 il vuruşdu. Elə gələ bilər ki, İsveçlə müharibə aparırdı, nəyisə ayırırdı. ... Heç nəyi ayırmırdı! O, qaytarırdı! Bəli, elə də var! Sankt-Peterburqun qurulduğu yerdə - o, yeni paytaxtın təməlini qoydu. Avropa ölkələrinin heç biri bu ərazini Rusiya kimi tanımadı, hamı onu İsveç kimi tanıyırdı. Və orada əsirlər boyu fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdı və ərazi Rusiya dövlətinin nəzarəti altında idi. Qərb istiqamətində də eynisi olub. Bu, Narvaya aiddir - onun ilk yürüşləri. Niyə oraya soxuldu axı? Qaytarırdı. Və gücləndirirdi. Bax bunları edirdi. Belə görünür ki, qaytarmaq və gücləndirmək bizim də payımıza düşdü", - Vladimir Putin deyib.
Rusiya Prezidenti Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) gənc sahibkarlarla görüşüb. O, həmçinin orada I Pyotra həsr olunmuş sərgiyə də baş çəkib.
Putin bu kontekstdə Ukraynaya qarşı müharibəni qeyd etməyib.
Fevralın 24-də müdaxilənin başlandığını elan edən (Putin bunu “xüsusi hərbi əməliyyat” adlandırır) Rusiya Prezidenti deyib ki, onun məqsədi “denasifikasiya” və “silahsızlaşdırmadır”.
“Bizim planlarımıza Ukrayna ərazilərinin işğalı daxil deyil”.
Putin və Pyotr
Kreml müdaxilənin məqsədinin Ukrayna ərazisinin işğalı və rejimin dəyişdirilməsi olacaqmı sualına mənfi cavab verib. Onun nümayəndəsi Dmitri Peskov deyib ki, Moskva əvvəlki kimi Vladimir Zelenskini ölkənin prezidenti hesab edir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Eyni zamanda Ukraynanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən təyin olunmuş administrasiyalar Rusiyaya birləşmək sualı ilə referendum keçirmək planlarını açıqlayırlar. Bu bölgələrə Kreml administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko baş çəkir. Bu səfərlərin şahidləri ona istinad edərək deyirlər ki, guya Kiriyenko referendumların keçirilməsini dəstəkləyir. Rəsmən isə Kreml bəyan edir ki, birləşmək haqqında məsələni Ukrayna regionlarının sakinləri həll etməlidir.
Zelenski bildirir ki, Ukrayna qələbə əldə olunanadək döyüşəcək, Putinlə sülh danışıqlarını isə Rusiya qoşunlarının fevralın 24-də olan mövqelərinə qayıdacağı şərti ilə aparmağa razıdır. Kreml bu cür yanaşmanı rədd edir. Ukraynada müharibə artıq 106 gündür davam edir.
I Pyotrun 350 illik yubileyindən sərkərdə Putinin obrazını yaratmaq üçün istifadə olunduğu barədə "Agentstvo. Novosti" nəşri yazıb.
Cümə axşamı günü Putin "I Pyotr. İmperiyanın doğulması" multimedia sərgisinə baş çəkib.
Nəşr bu ziyarətin təsadüfi olmadığını qeyd edib, çünki Rusiyanın yüksək rütbəli rəsmiləri son zamanlar öz bəyanatlarında dəfələrlə birbaşa və ya dolayısı ilə Putinin atdığı addımları Pyotrun siyasəti ilə müqayisə ediblər.
Sərgini ziyarət etməzdən əvvəl Putin Moskvada elə həmin VDNX-da keçirilən "Gələcək üçün tarix. Pyotrun obrazı" beynəlxalq forumunun açılışı münasibətilə təbrikini göndərib.
Təbrikində Putin Rusiya imperatorunu “bütövlükdə özünü Vətənə xidmətə həsr etmiş” və Rusiyanın “qüdrətli, suveren dövlət” kimi beynəlxalq nüfuzunu gücləndirə bilmiş “vətənpərvər” adlandırıb.
I Pyotrun dövrünü Ukrayna müharibəsi ilə hələ aprel ayında Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin müqayisə edib.
"Ən qudrətli hərbi qələbələrindən birini I Pyotr Poltava döyüşündə qazanıb. Düşünürəm ki, o, şanlı zaporojyelilərin xələflərinin son otuz ildə bu torpaqları nə hala saldıqlarını bilsəydi, qəbirində çevriləridi," - Narışkin “I Pyotr və onun dövrü” sərgisinin açılışında deyib.




