Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı

Rusiya Türkiyə

Şəklin mənbəyi, Azərtac

Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk etməsindən sonra Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırdı.

Azərtac xəbər verir ki, Mərkəz cümə günü təntənəli bağlanış mərasimi keçirib.

Aprelin 18-də Rusiya öz sülhməramlılarını Qarabağdan çıxarmağa başladığını bildirmişdi.

Rusiya sülhməramlılarını Qarabağdan çıxarır

rus sülhməramlısı

Şəklin mənbəyi, Alamy

Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı “qərar qəbul edib”.

O, Azərtac-a bildirib ki, artıq “proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Rəsmi Washington sülhməramlıların Qarabağdan çıxmasını şərh edərkən Rusiyanının "etibarlı müttəfiq və ya tərəfdaş olmadığını" deyib.

ABŞ Dövlət Departamentin mətbuat xidmətinin əməkdaşı Vedant Patel ötən həftə keçirdiyi brifinqdə deyib ki, onlar Rusiya ordusunun "daha dinc və sabit bir Cənubi Qafqaz regionu üçün heç bir töfhə verdiyini" görməyiblər.

"Ötən ilin payızında Dağlıq Qarabağda başverən hadisələr də bunun Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının aydın göstəricisidir", -cənab Vedant bildirib.

O əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına yardımını davam etməyə hazırdır.

Yerli media aprelin 16-da yazıb ki, sülhməramlılar Kəlbəcərdəki Xudavəng monastrı ərazisindən çıxıblar və Qarabağı tərk etməyə başlayıblar.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında bu məlumatı təsdiqləyib.

Əliyev üçün simvolik gün

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Təhlil

Famil İsmayılov,

BBC Rusca xidmətinin redaktoru

Rusiya sülhməramlıların Qarabağdan çıxması o deməkdir ki, Azərbaycan üsyankar bölgəni öz suverenliyinə qaytarması prosesində son nöqtəni qoyur.

Onlar Qarabağa 2020-ci il noyabrın 10-da, Əliyev, Paşinyan və Putin hərbi əməliyyatların dayandırılması ilə bağlı sənəd imzalayan kimi gəliblər.

Razılaşma əsasında erməni silahlı qüvvələri saxladıqları rayonları Azərbaycanın nəzarətinə verməyi öhdələrinə götürdülər, Rusiya sülhməramlıları isə tanınmamış Dağlıq Qarabağ Respublikasının erməni əhalisini, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini öz müdafiələri altına aldılar.

Rusiya kontingentinin, demək olar ki, dərhal bölgəyə uçması əvvəlcədən nəzərdə tutulan transferdən xəbər verə bilərdi. Həmin günlərdə Azərbaycanın yüksək rütbəli məmurlarından biri şəxsi söhbətdə demişdi: “Bizə imtina edə bilmədiyimiz təklif etdilər”.

Sülhməramlılar Qarabağa 5 il müddətinə göndərilmişdi və sonradan Azərbaycan onların mandatını uzatmalıydı.

Azərbaycan Qarabağ üzərində tam nəzarəti daha tez əlinə aldı və Rusiya sülhməramlıları bu plana əngəl törətmədilər.

Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu da Azərbaycan və Ermənistan arasındakı Qarabağ uğrunda müharibənin gedişatına təsir göstərmədi: nə 2020-ci ilin 44 günlük müharibəsində, nə də 2023-cü ilin sentyabrında Qarabağa nəzarətlə nəticələnən və 4 rus hərbçinin həlak olduğu əməliyyatda.

1992-ci ildə Azərbaycan rəhbərliyinin Gəncədə yerləşən 104-cü hava desant diviziyasının köməyi ilə Qarabağda ermənilərin müqavimətini yatırmaq üçün sovet hərbçiləri ilə razılaşmaq imkanı var idi, bu danışıqlardan xəbəri olan bir azərbaycanlı məmur mənə demişdi.

Azərbaycanın o vaxtki Prezidenti, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy sovet ordusunun ölkədən çıxarılmasını tələb etdi və danışıqlar baş tutmadı. Bölmələr Azərbaycanı tərk etdi, lakin nəticədə artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmiş erməni silahlıları daha sonra yeddi ətraf rayonu da tutdu. Əbülfəz Elçibəy ona qədər artıq postunu tərk etmək məcburiyyətində qalmışdı. Nəticədə ölkənin hazırkı Prezidentinin atası Heydər Əliyev Azərbaycanın rəhbəri oldu.

Şübhəsiz ki, bu gün İlham Əliyev, eləcə də onun milyonlarla həmvətəni üçün simvolik xarakter daşıyacaq.

2000-ə yaxın Rusiya sülhməramlısı Azərbaycana 10 noyabr üçtərəfli bəyannamə əsasında gələrək Qarabağda yerləşmişdi.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti "5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır."

Rus sülhməramlılarının mandatı sülhün qorunmasını nəzərdə tutsa da, onların fəaliyyəti humanitar problemlərdən tutmuş infrastruktur layihələrədək geniş sahəni əhatə edirdi.

2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı separatçı qurum təslim olub, bölgədəki erməni əhalinin əksəriyyəti Ermənistana köçüb.

Bundan sonra, yerli ictimaiyyətdə Rusiya sülhməramlılarının misisyasının başa çatdığı və bölgəni tərk etməli olduğu kimi fikirlər səslənib.