Autizmli uşağın bir aylıq xərci nə qədərdir?

Azərbaycanda autizmli uşaqların aylıq xərci 800 manatdan 1500 manata qədər dəyişir

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Azərbaycanda autizmli uşaqların aylıq xərci 800 manatdan 1500 manata qədər dəyişir

Autizmli uşaqlara əlilliyə görə verilən aylıq pensiya müavinətləri onların real xərclərindən minimum 7 dəfə azdır, valideynlər deyir.

Autizmli övladı olan anaların hesablamalarına görə onların reabilitasiya və xüsusi qidası üçün ödədikləri aylıq pul 800 manatdan başlayaraq 1500 manata qədər dəyişir.

Autizm sindromunu xəstəlik kimi qəbul edən millət vəkilləri bu ailələrə maddi dəstəyin həllini tibbi sığortanın işə düşməsində görürlər.

Autizm sindromu adətən uşağın ilk 1-3 yaş dövründə özünü büruzə verir. Bu, uşaqlarda beyinin inkişafına maneə törədən bir xəstəlikdir.

Bu sindromun vaxtında aşkar olunması və mütəxəssis müdaxiləsinin daha erkən və mütəmadi həyata keçirilməsi uşaqların sosial və nitq bacarıqlarının, intellekt səviyyəsinin nəzərəçarpacaq dərəcədə inkişafına kömək edir.

Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmaya görə Azərbaycanda autizmli uşaqların sayı artıb və hazırda bu rəqəm 5 mini keçib.

"Bahalı sindrom"

Hazırda 10 yaşı olan övladına bir neçə ay əvvəl pensiya almağa başlayan valideyn qeyd edir ki, 74 manat müavinət uşağının 'heç bir həftəlik xərcinə catmır.'

Valideyn deyir ki, autizmli uşaqların orqanizmindəki ferment çatışmazlıqlarına görə övladına lazım olan xüsusi pəhriz qida və qatqısız dərmanları ABŞ-dan sifarişlə gətizdirirmiş. “Kişinin bir aylıq maaşı ona gedirdi” deyən ana bu xərcin də 500 manatdan başladığını vurğulayır.

"Çörəyi dayandırmışdım, şirniyyat vermirdim. Ancaq düyü, ət və kartof verirdim. Bunları da hesablayanda görün hara vurub çıxır", ana daha sifarişlə qida gətirtməyi də dayandırdığını deyir.

Autizmi "bahalı sindrom" adlandıran valideyn, Ülviyyə Muradova indiki dövrdə "autizmli uşağın varsa, gərək pullu olasan" deyir.

Autizmli uşaqların orqanizmindəki ferment çatışmazlıqlarına görə onlara verilən xüsusi qidaların aylıq büdcəsi 500 manatdan başlayır, validey deyir.

Şəklin mənbəyi, Anna Cook

Şəklin alt yazısı, Autizmli uşaqlara verilən xüsusi qidaların aylıq büdcəsi 500 manatdan başlayır, valideyn deyir

Onun sözlərinə görə, oğluna 3 yaşında autizm sindromu diaqnozu qoyulan andan hər gün özəl müəssislərdə reabilitasiya təlimlərinə aparıb. Iki il bundan öncəyə qədər getdiyi mütəxəssislərin sayından asılı olaraq aylıq reabilitasiyaya ən azı 300 manat xərcləyirmiş. Amma oğlu 9 yaşına çatanda təlimləri dayandırıb.

Xanım Muradova deyir ki, bir-iki il əvvələ kimi təlimlərin 45 dəqiqəsinə 10-15 manat verirdisə, indi bu məbləğ 30 manata qədər yüksəlib.

"Pul qoymasan bu uşaqdan nəticə əldə edə bilməzsən. Daha pulum qurtarıb ona görə də, uşağı sadəcə yardımçı məktəbə aparıram. Orda pis-yaxşı məşğul olsalar da pulsuzdur", deyə ana bu qərarının övladını "geri saldığını" təəssüflə etiraf edir.

Autizmli uşaqların reabilitasiyasını da nəzərdə tutan dövlət sifarişli sosial layihələrdə təlimlərin 12 aylıq xərci 300 manata başa gəlir, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndəsi Ülviyyə Mirzəyeva qeyd edir.

"Bu məbləğə daxildir həm o uşaqların təlimi üçün lazım olan avadanlıqların alınması, həm işçilərin aylıq əmək haqqı, həm də gündəlik lazım olan vəsaitlərin təmini", təşkilat nümayəndəsi hər hansı biznes maraqları olmadığına görə məbləğin bu qədər aşağı olduğunu və bunun kifayət etdiyini vurğulayır.

Maddi dəstək

Autizmli uşaqları olan ailələrin əksəriyyəti imkansızdır və buna görə də mütəmadi reabilitasiyaya qatıla bilmirlər, uzun illərdir autizmli uşaqlarla çalışan "Autizm- defektoloji və Psixoloji Yardım Mərkəzi" İctimai Birliyinin sədri Çiçək Məmmədli bildirir.

Dövlət sifarişli layihələrlə autizmli uşaqların reabilitasiyasını həyata keçirən xanım Məmmədli düşünür ki, dövlətin ailələrə maddi dəstək olması labüddür və bu məsələdə Türkiyə modeli valideynlərə praktik kömək edə bilər.

"Türkiyədə olduğu kimi dövlət bu uşaqların hamısının həftədə 2 günlük təliminin pulunu ödəsə, valideynlərə ağırlıq düşməz. Ümumiyyətlə, dövlətin bu uşaqların xərclərini qarşılayacaq minimal paket hazırlaması yaxşı olardı", o əlavə edir.

Millət vəkili Məlahət İbrahimqızı bu istiqamətdə görülməli işlərin "asan olmadığını" düşünür. Autizm sindromunun sağlamlığın pozulmasının bir forması kimi qəbul edildiyini deyən millət vəkili maddi dəstəyin tibbi sığorta çərçivəsində həll olunacağını bildirir.

"Bu yaxınlarda tibbi sığorta sistemi işlənib hazırlanacaq. O sistem tətbiq olunanda autizmli uşaqların da maddi dəstək məsələsi təmin olunacaq", millət vəkili qeyd edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən autizmli uşaqları olan ailələrə hər hansı sosial yardımın göstərilməsi ilə bağlı mövqe almaq mümkün olmayıb.

Yerli qeyri-hökumət təşkilatlarının autizm sindromu ilə bağlı apardığı təbliğat işlərinə parlament nümayəndələrinin qatılmasından sonra 2015-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi autizm sindromunu diaqnoz olaraq əlilliyin təsnifatı siyahısına daxil edib.