Dindar yəhudi homoseksual qadının sirləri

Şəklin mənbəyi, Alamy
Çaya onun əsl adı deyil. O, qatı dindar yəhudi qadındır, lakin homoseksuallığını gizlətməyə məcburdur.
BBC ilə söhbətində o deyib ki, əgər sirrini açıb desə və Haredi icmasını tərk eləməli olsa, onda işini də, evini də və hətta uşaqlarını da itirə bilər.
“Biz çox sıx yaşayan icmayıq və çox az adam mənim kimilərin bütün dünyada nə dərəcədə təcrid olunduğundan xəbərdardır. Bizlərdə gey olmaq pis insan olmağa bərabərdir. Buna qeyri-təbii bir şey, şərin təzahürü kimi baxırlar” – deyir Çaya.
O düşünür ki, bəziləri hətta onun sirrini bilirlər də. Lakin bu adamlar özlərini elə aparırlar ki, sanki homoseksuallıq deyilən bir şey yoxdur. “Mən ravvinə ilk dəfə gey olduğumu etiraf etmək istəyəndə, onun reaksiyası çox təmkinli oldu: "Bu bir ömür mərhələsidir. Bu çox qızların başına gəlir".

Şəklin mənbəyi, Alamy
Çaya deyir ki, ortodoks yəhudilərdə eynicinslilər arasında münasibətlərin hələ erkən yaşlarda baş verməsinin nadir hadisə olmadığı barədə fikirlərlə razılaşır.
“Bizdə oğlanların və qızların məktəbləri bir-birindən tamamilə ayrıdır. Artıq üç yaşından qızlar və oğlanlar bir-birinə qaynayıb-qarışmırlar. Daha sərt intizamlı ailələrdə hətta bacı və qardaşların birlikdə oynamasına yaxşı baxmırlar” – deyir Çaya.
O deyir ki, təcrübə etmək uşaqların təbiətindədir. O özü də 12 yaşından belə bir təcrübə edib və düşünüb ki, vaxtı gələndə, ravvin deyən kimi, bütün bunlar ötüb-keçəcək.
“Amma mən fərqli idim. Mən yaşa dolduqca sinif yoldaşlarım mənə “lesbian” deyirdilər, halbuki mən daha belə şeylər etmirdim – deyir Çaya, - Lakin bunu görməməzliyə vurmaq da mümkün deyildi və mən 16 yaşımda olanda dərdimi anama izah etməyə çalışdım”. Anası bu mövzunu dərhal qapadıb.
“Tezliklə, valideynlərim məni ərə verməyə çalışırdılar. Mənim kimi problemli qız olanda, adətən araçılardan istifadə edirlər. Uğurlu nişanlanma belə araçılara 15 min funt sterlinqədək mükafat qazandırır. Amma mənim valideynlərim qərara gəlmişdilər ki, mənim üçün əri özləri tapacaqlar. Bu işlə məndən başqa hamı məşğul idi – deyir gənc qadın, - Sonra oğlanın namizədliyi təsdiq edildi. Mənim ailəm və onun ailəsi qonaq otağında masanın arxasında bir neçə dəqiqə çətinliklə kəlmə kəsdilər. Sonra hamı bizi tək qoyub getdi ki, biz ikimiz təklikdə çətinliklə söhbət edək”.
Lakin Çaya nişanlanmasına hətta sevinib də. O düşünüb ki, nəhayət birisi ilə münasibətlərin məsuliyyəti onun həyatını yoluna qoyacaq. Lakin iş elə gətirib ki, Çaya artıq toydan əvvəl bir qızla görüşməyə başlayıb. Bunu toya qədər sirr kimi saxlayıb, lakin nəhayət sirrini açması heç nəyi dəyişməyib.

Toy günü yaxınlaşdıqca narahatlığım artırdı. Mən bilirdim ki, biz birinci gecədə ər-arvadlığı icra etməliyik. Hərçənd bu, bəzən ertəsi günədək baş vermir, çünki toy, səhər 4-5-dək davam edir.
Nə ərim, nə də mən nə etdiymizi bilmirdik. O da kobud idi və elə hey bu işi davam etdirirdi” – deyə Çaya xatırlayır.
“Bizlərdə böyük ailələr təqdir olunur və mən də tezliklə hamilə oldum. Əgər toydan sonra hamiləliyin qarşısını alan həb qəbul etmək istəsəydim ravvindən icazə almalıydım. Amma bilirdim ki, azı iki uşaq doğmayınca belə bir icazəni ala bilməyəcəyəm, – deyir çoxuşaqlı qadın, - Elə ki, hamilə oldun, uşaq sənin, sən də uşağın girovuna çevrilirsən. Bizlərdə gərək 8-9 uşaq olsun, odur ki, mən də elə hey uşağa qalırdım”.
Çaya deyir ki, beynindəki hay-küy bir gün onu küçədə getdiyi yerdə “mən geyəm, mən geyəm” deyə çığırmağa məcbur edib.
Sonradan sirrini ərinə açıb. Düşünür ki, o bunu onsuz da hiss edirmiş, amma bu fikirdə imiş ki, bu Çayanın mənliyinin bir hissəsi yox, gizli və ötəri bir istəkdir. Çaya deyir ki, ər-arvad nə edəcəklərini bilmirlər. Uşaqları var, ailələri normal görünür. Amma ayrılsalar bunun hamısını itirəcəklər. Hamı nəyisə itirəcək. Odur ki, evliliyə davam edirlər.
___________________________________________________________________
Haredi icması

Şəklin mənbəyi, Alamy
- Haredi icmasının müxtəlif ənənələri var
- Haredi yəhudilərinin əksəriyyəti Londonda yaşayır. Şəhərin Hackney rayonunda 30 min icma üzvü var
- Son 20 il ərzində qatı ortodoks sinaqoqlarının üzvləri kəskin artıb
- Institute for Jewish Policy Research mərkəzinin məlumatına görə 5 yaşınadək yəhudi uşaqlarından üçdə birinin valideynləri Haredidir
- Proqnozlara görə bu əsrin sonunadək Britaniya yəhudilərinin əksəriyyətini ultraortodoks yəhudilər təşkil edəcəklər.
___________________________________________________________________
Çaya bəzən düşünür ki, eyni vaxtda həm ortodoks yəhudi, həm də homoseksual olmaq Allahın icazəsi ilə olmasaydı, o da olmazdı.
“Mənim belə doğulmağımda bir plan olmalıdır, hərçənd bu planın nədən ibarət olduğunu bilmirəm. Dinim mənə böyük təsəlli olub, amma buna necə nail olduğumu bilmirəm. Mənim dinimə öz mənası olan ayinlər, ibadət və duaetmələr daxildir və mən bunlardan nəyə görəsə əl çəkmli olduğumu düşünmürəm" – deyir qadın.
Çaya düşünür ki, insan kimliyinin bir aspektinə üstünlük verib, o biri aspekti qurban vermək düzgün deyilirdir.
“Söhbət təkcə mənim seksuallığımdan getmir. Burada məsələ icma içində fərd olmaqla yanaşı, həm də şəxsi mənliyə malik olmaqdır” - deyir Çaya.
“Qadın evin kraliçası olmalıdır, - deyir gənc qadın, - Ola bilsin ki, evliliklərinin ilk illərində onun əri hələ bütün gün ərzində Tövratı öyrənməkdə olsun. Bu müddətdə evə qazancın böyük hissəsini qadın gətirməlidir. Qadın evdən kənarda işləyə bilər, lakin bu, tam bir paklıq şəraitində olmalııdır”.

Şəklin mənbəyi, Alamy
Çaya danışır ki, onun icmasından olan qadınlar icmanın özəl məktəblərində müəllim və ya hardasa katibə kimi işləyirlər. Bu zaman elə görünmək lazımdır ki, ərin üçün cazibədar olsan da, başqalarını cəlb etməməlisən.
Sərt geyim qaydaları da bura daxildir. Qol-qıç görünməməlidir. Ətək o qədər uzun olmalıdır ki, oturanda dizlərin açılmasın. Başın həmişə örtülü olmalıdır. Diqqəti çəkməməlisən.
“Bizim icmanın qadınları adətən böyük dəstək şəbəkəsinə malikdirlər. Bizim böyük ailələrimiz o deməkdir ki, burada çoxlu bacılar, əmiqızı-dayıqızları var. Onlar biş-düş, uşaqlara baxmaq işində bir-birlərinə kömək edə bilirlər. Lakin sən özünü onlardan biri kimi aparmırsansa, bu dəstəkdən məhrum olursan, – deyir Çaya, - Bəzi adamlar məni başabəla adlandırırlar, deyirlər ki, başıma gələnlər qudurğanlığımdandır. Onlar deyirlər kİ, ətəyim çox gödəkdir və ya corabların kifayət qədər qalın deyil. Hətta saçım da dedi-qodu mövzusu olur”.
“Mənim mədəniyyətimdən olan insanlar, başlarını həmişə necəsə örtürlər. Əgər işləyirəmsə, adətən parik taxıram, başqa vaxtlarda isə papaqdan və ya başlıqdan da istifadə edə bilərəm. Saçların qırxılması itaətlilik rəmzidir. Bir çox qızların başlarını elə toy gününün səhəri onların qayınanaları qırxırlar. Amma mənim saçım fərqlidir. Öz saç düzümüm var”.
“Düşünürəm ki, saçları müdafiə edə bilmişəm, amma hələ dinimi də müdafiə etmək üçün çox iş görməliyəm. Ətrafda bu dini təhrif edən çoxlu adamlar var. Amma din təkcə onların deyil ki, təhrif etsinlər. Bu ruhanilik baxımından onların mülkiyyəti deyil, – deyir yəhudi qadın, - Mən öz dinimə sadiqəm. Mən həmişə yəhudi olaraq qalacağam. Bu mənim kimliyimin bir parçasıdır. Mən hətta bu dinə ad da vermişəm. Bir var ifrat ortodoksallıq, bir də var müasir ortodoksallıq. Mən öz dinimə səmimi ortodoksallıq deyirəm. Bilmirəm, bəlkə bir 40 ilə bu din hərəkata çevriləcək”.





