Heydər Əliyev 100 - BBC Azərbaycancanın filmi

Heydər Əliyev İlham Əliyev

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Uzun müddət SSRİ dövründə, eləcə də müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevi hərə bir cür xatırlayır.

Bu il keçmiş Prezident Heydər Əliyevin 100 illiyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb və 2023-cü il Azərbaycanda rəsmi olaraq "Heydər Əliyev ili" elan olunub.

Bəs, öz dövrünün şərtlərinə görə Heydər Əliyev kim idi? - BBC News Azərbaycancanın filmini izləyin.

Videonu Youtube kanalımızdan izləyin.

"Kommunist", "KQB" zabiti, "dövlət təfəkkürlü şəxs"...

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "Demokratik deyildi Heydər bəy. Milliyyətçi də deyildi və kommunizmi heç cür tərk edə bilmədi və Rusiyaya çox bağlı idi. Moskvaya qarşı onun zaafları vardı və Rusiyadan təmsilçilər gələndə çox qəribə formada xoşbəxt görünürdü".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "O, bir "KQB" zabiti idi və siyasi gedişləri və hesablamanı yaxşı bilirdi. Bu isə ona imkan verirdi ki, rəqiblərinin səhvlərindən öz xeyrinə istifadə edə bilsin".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Mən hesab edirəm ki, o, ilk növbədə dövlət təfəkkürlü insan olub. Bizim kimi ölkələr üçün bu çox vacibdir. Məhz dövlətçilik təfəkkürü. Siyasi xadimlərdən fərqli olaraq, məsuliyyətli dövlət vəzifəsinə iddia edən siyasətçi dövlətçilik təfəkkürünə malik olmalıdır. Bu, başqa düşünmə səviyyəsidir".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Xəstəliyə baxmayaraq, yaşına, yorğun olmasına baxmayaraq, o, hər zaman hər bir işi axıracan aparmağı vəzifə bilirdi özünə".

"...erməni dilində danışması erməniləri təəccübləndirmişdi"

Karyerasına 1941-ci ildə doğulduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Komissarlığında məxfi hissənin müdiri kimi başlayan Heydər Əliyev növbəti illərdə o vaxt "KQB" kimi tanınan Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif vəzifələr tutdu və general-mayor rütbəsinədək yüksəldi.

1969-cu ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. SSRİ-də birinci katib olan digər azərbaycanlılardan fərqli olaraq, Heydər Əliyev daha yüksək vəzifələrə təyin olundu. Bəs din və milli kimlik kimi məsələlərə həssas yanaşılan SSRİ-də Heydər Əliyevin karyera pilləkənlərində bu qədər irəliləməsi nədən irəli gəlirdi?

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "O, Sovet sistemində necə hərəkət etməli olduğunu yaxşı bilirdi. Misal üçün, Heydər Əliyev ermənilərin düşməni hesab edilsə də, o həm də ermənilərlə yaxşı münasibət qurmağı bacarırdı. 1970-ci illərdə Yerevana səfər etdiyi zaman onlarla erməni dilində danışması erməniləri təəccübləndirmişdi.

Əlbəttə, onun rəsmi bioqrafiyasında Naxçıvanda doğulduğu yazılır, lakin bilirik ki, o, sərhəd kəndi olan və hazırda Ermənistanın Sisiyan ərazi vahidinə daxil olan Comərdli kəndində doğulub, erməni dilini yaxşı bilməsi də buradan qaynaqlanır. Bu barədə onun qardaşı mənə danışıb. Azərbaycan dili ilə yanaşı, erməni və rus dilini də bilməsi ona asanlıqla hər kəs ilə dost olma imkanı yaradırdı".

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "Heydər Əliyevin türk və islam dünyasına aid olması politbüroya güc qatırdı. Kommunizmin quruluşunda belə bir məsələ var idi, misal üçün Sultan Ganiyev kimi insanlar SSRİ-nin ilk illərində politbüroda önəmli fiqurlar idi, çünki onlar türk millətlərini orada təmsil edirdilər.

Bu ənənəni Heydər Əliyevlə davam etdirdilər. Məcbur idi bunu etməyə, çünki SSRİ-nin hakimiyyəti altında bir çox türk xalqları yaşayırdı. Heydər bəyi də onlar seçdilər".

"Qorbaçov Heydər Əliyevi heç vaxt sevməmişdi"

Lakin Heydər Əliyev siyasi karyerasının zirvəsinə doğru irəlilədiyi halda o, 1987-ci ildə SSRİ-də tutduğu bütün vəzifələrdən getdi.

Müasir Azərbaycanın rəsmi mənbələrində onun istefa verdiyi qeyd olunsa da, bəziləri SSRİ rəhbərliyinin Heydər Əliyevi məqsədli şəkildə tutduğu postlardan uzaqlaşdırdığını deyirlər.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "Qorbaçov Heydər Əliyevi heç vaxt sevməmişdi və kommunizmin bir parçası deyildi. Kommunizm də artıq dağılırdı. SSRİ-də idarəçilər artıq güclərini itirirdi və Moskvada siyasi qalmaqallar başlamışdı. Heydər Əliyev ağıllı bir insan idi və həmin vaxt istefa etdi".

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "Bu böyük azərbaycanlı siyasətçinin 1987-ci ildə vəzifədən getməsi erməniləri cəsarətləndirmişdi və onlarda ümid yaratmışdı. Çünki o vaxt kimsə hər hansı addım atmamışdan əvvəl Moskvanın cavabını gözləyirdi.

Heydər Əliyev isə o vaxt Moskvada ən yüksək siyasi vəzifələrdən birini tutan yeganə azərbaycanlı idi. Lakin 1988-ci ildə ermənilərin Qarabağla bağlı başlatdıqları hərəkat və kampaniyaların səbəbi təkcə bu deyildi, başqa mühüm faktorlar da var idi, çünki 1920, 1940 və 1960-cı illərdə də ermənilərin Qarabağda müəyyən kampaniyalar apardığını görmək mümkün idi".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Qarabağ məsələsi çox mürəkkəb məsələdir və tarixdə dərin kökləri var. Ancaq 1988-ci il canlanmasının başlanğıcı Əliyevin vəzifədən getməsi və ya getməməsi ilə deyil, daha çox Qorbaçovun islahatları ilə bağlıdır.

 Hər halda, mən bununla Heydər Əliyevin Moskvanı tərk etməsi arasında heç bir əlaqə görmürəm. Hər halda, erməni tərəfindən ümumi və sosial-iqtisadi xarakterli məsələlərlə bağlı olduqca ciddi narazılıqlar mövcud idi. Və bu narazılıqlar əvvəllər də - 50-ci, 60-cı, 70-ci illərdə - ifadə edilmişdir. Qorbaçov Stalin dövründən əsası qoyulmuş quruluşu dəyişməyə çalışaraq islahatlara başlayanda Qarabağ erməniləri düşündülər ki, erkən Sovet dövründə Qarabağın statusuna dair qərarların da yenidən nəzərdən keçirilməsinin vaxtı gəlib.

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov: "Heydər Əliyev 1987-ci ildə vəzifədən gedəndən sonra Moskvada elə bir insan yox idi ki, ermənilərin orada başlatdıqları proseslərin qarşısını ala bilsin".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Təbii ki, əgər Heydər Əliyev öz vəzifəsində qalsa idi, bu münaqişə bəlkə də bu cür çətin olmayacaqdı və bəlkə də heç olmayacaqdı".

"Vaxt onun lehinə işləyirdi"

Lakin Qarabağda baş verənlər tədricən daha da şiddətləndi. SSRİ dağıldıqdan sonra isə Azərbaycan və Ermənistan bu ərazi uğrunda müharibəyə başladılar. 1987-ci ildə siyasətdən uzaqlaşan Heydər Əliyevin 1990-cı ildə yenidən siyasətə qayıtması da həmin dövrlərə təsadüf etdi və o, üç il sonra prezidentlik postuna yüksələ bildi.

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov:"Azərbaycanda 1988-ci ildən sonra demək olar ki, hakimiyyət böhranı başlamışdı. Hakimiyyətdə olanlar hakimiyyətin iplərini əllərində saxlaya bilmirdilər. Həmin dövrdən də Azərbaycan xalqının içərisində onların fəaliyyətsizliklərindən narazılıqlar var idi. Müstəqil olduqdan sonra hakimiyyətdə olan Ayaz Mütəllibov da ciddi heç nə edə bilmədi və əhali ondan, əsasən də Qarabağın həllini tələb edirdi".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "Mütəllibovda liderlik keyfiyyətləri aşağı olduğu üçün siyasətdə uğursuz oldu. Elçibəy isə Qarabağ müharibəsindən qaynaqlanan xaosa görə davam gətirə bilmədi. Növbədə isə Heydər Əliyev idi və həmin vaxt artıq onunla rəqabət apara biləcək kimsə yox idi və insanlar da artıq ölkəyə rəhbərlik məsələsində proseslərin sürətlənməsini istəyirdilər. Ona görə də, Heydər Əliyevi dəstəkləməyənlər də həmin vaxt onun hakimiyyətə gəlməsinə qarşı çıxmadılar. Vaxt onun lehinə işləyirdi".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Bu, bir siyasi proses idi və o zaman Gürcüstan da bu prosesdən keçdi. Bu proses Sovet tərkibində özlərini sıxılmış hiss edən və qurtulmaq istəyən xüsusən millətçi qüvvələrdə təzahürünü tapdı. Nəticədə həm Gürcüstanda, həm də Azərbaycanda milli hərəkat dalğası qalxdı və hakimiyyətə Elçibəy, Qamsaxurdiya gəldilər. Bu, çoxlu narahatlıqlar doğurdu".

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "Elçibəyin hakimiyyətə gəlməsi Moskvanı dəli etmişdi artıq və Azərbaycanı blokadaya aldılar. Bu müddət ərzində Heydər Əliyev öz imkanlarını genişləndirdi və təşkilatlandı. Bunlardan əlavə Rusiyanın Azərbaycanda öz adamı var idi və o, AXCP dövründə komandir olan Sürət Hüseynov idi və ondan istifadə etməyə başladılar".

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifələrdən azad edilsə də, onun Azərbaycanda dəstəkləyən şəbəkəsi var idi. Ona görə də, 1990-cı illərdə siyasətə gəlmə imkanı olsa da, Vəzirov, Ayaz Mütəllibov və digərlərinin büdrəməsini və doğru zamanı gözlədi, çünki o həm də strategiyanı yaxşı bilən oyunçu idi. Heydər Əliyevin siyasi səhnəyə yenidən qayıdışı 1990-cı ildə yanvar hadisələrindən sonra Bakıdan bir qrup şəxsin onu ziyarət üçün Moskvaya getməsi ilə başladı.

O, daha sonra Naxçıvana getdi. Azərbaycanda o hər kəsi yaxşı tanıyırdı, ona görə də yenidən populyarlıq qazanması elə də çətin olmadı".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "O zaman mən Ermənistanda prezidentin müşaviri idim, bu məsələlərlə olduqca yaxından tanış olmuşam. Biz də görürdük ki, misal üçün, Elçibəy məsələləri həll etməyə qadir deyil. Və təxminən 93-cü ilin oktyabrında hiss olunurdu ki, ölkə daxilində qarmaqarışıqlıqdır, Elçibəy problemləri həll edə bilmir.

Və Əliyev ehtiyacı, Əliyev zərurəti yarandı. Bizim üçün Azərbaycanda radikal millətçi rəhbərliklə müqayisədə Əliyev daha üstün idi. Və hesab edirdik ki, Əliyevlə münaqişəni sülh yolu ilə həll etmək daha asan olar".

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "1992-ci ildə o vaxt Türkiyə kəşfiyyatına rəhbərlik edən general Teoman Koman Paşa mənimlə söhbətlərinin birində dedi ki, Türkiyə Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtmasına böyük köməklik göstərdi.

Onun sözlərinə görə, burada məqsəd o idi ki, böyük siyasi təcrübəsi olan Heydər Əliyev Əbülfəz Elçibəy kimi milliyyətçi və mübariz adama yardım etsin. Amma Heydər Əliyev gəldi, Elçibəyin yaxın adamlarını öz yanına aldı və Surət Hüseynovun dəstəyi ilə Elçibəyi iqtidardan uzaqlaşdırdı. Bu xəyanət deyildi, bəs nə idi?"

"Məni bura dəvət ediblər"

Azərbaycanda bu suala cavab birmənalı deyil, çünki Heydər Əliyev çıxışlarında Bakıya məhz o vaxt Xalq Cəbhəsinə rəhbərlik edən Əbülfəz Elçibəyin dəvəti ilə gəldiyini deyirdi.

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev: "Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Mənə dəfələrlə, İsa Qəmbərov, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz elçibəy xahiş ediblər ki, gəlim, burada vəzifə tutum və məsələlərin həll edilməsində iştirak edim".

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov: "Əbülfəz bəy də dəfələrlə deyirdi ki, onu mən dəvət eləmişəm. Dəvət elədilər, sonra da onu hakimiyyətə gətirdilər".

Lakin müasir Azərbaycan tarixində həmin dövr xüsusilə də Surət Hüseynovun rəhbərliyi ilə 4 iyun tarixində baş verən Gəncə hadisələri və ondan sonrakı proses fərqli cür izah edilir. Hazırki iqtidar nümayəndələri 30 il əvvəl baş verənləri Elçibəy hökumətinin daxilindəki siyasi böhran kimi qiymətləndirirlər. Xalq Cəbhəsinin üzvləri isə bunu dövlət çevrilişi adlandırırlar.

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov: "4 iyun hadisələrinə ilk mərhələdə çevriliş demək olmaz. O, sadəcə bir hərbi hissədə tabesizlik idi. Gəncədə xalq onların tərəfini tutdu və üsyançılara qoşuldu, ancaq ikinci mərhələdə həmin üsyançlar Gəncədən çıxıb hakimiyyət iddiası ilə Bakıya doğru yürüş edəndə bu, artıq dövlət çevrilişi idi və sonra bundan istifadə edənlər də oldu.

BBC: Kim istifadə elədi?

- Hamı, kimin marağı var idisə...

BBC: Heydər Əliyev də istifadə elədimi?

- O da istifadə elədi.

BBC: Onun səbəbinəmi gəldi hakimiyyətə?

- Yox, bunlar özləri dəvət etmişdi Heydər Əliyevi.

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "Azərbaycanda böyük daxili siyasi gərginlik var idi və Qarabağdakı müharibə də ölkədəki narahatlığı artırırdı. Təbii ki, Heydər Əliyev yaxşı başa düşürdü ki, belə bir vaxtda siyasətə qayıtsa insanlar arasında qısa müddətdə və asanlıqla populyarlıq qazana bilər və belə də etdi.

Bu işdə həm də ona yaxşı tanıdığı və ona loyallığı ilə seçilən şəbəkə kömək etdi. Napoleon Elba adasında öz qayıdışı üçün doğru zamanı gözlədiyi kimi, Heydər Əliyev də ziddiyyətlərin çoxaldığı anı gözlədi".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Və bu xalqlar bu prosesdən keçməliydilər ki, Azərbaycanda Heydər Əliyevi, Gürcüstanda isə Şevardnadzeni təmkinli, ağır, sabitlik yaratmağa qadir olan insan kimi dəyərləndirsinlər".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "Heydər Əliyev öz mövqeyini daha da möhkəmlətmək üçün Qarabağ müharibəsindən də istifadə etdi. Hakimiyyətinin ilk vaxtlarında o da münaqişənin həllini müharibənin davam etməsində görsə də, sələflərindən fərqli olaraq, qısa müddətdə anladı ki, bu nə onun, nə də Azərbaycanın xeyrinə deyil, çünki Azərbaycanın təhlükəsizliyi təmin etmək üçün ciddi maliyyə resursları yox idi. Ona görə də, qısa müddətdə atəşkəsə getdi".

"...Bununla da Azərbaycanın beli qırıldı"

Heydər Əliyevin hakimiyyətinin ilk ilində əldə edilən və tarixə Bişkek protokolu kimi düşən həmin çağırış bir çoxları tərəfindən Heydər Əliyevin diplomatik uğursuzluğu kimi qiymətləndirildi. Lakin bu məsələdə də yanaşmalar fərqlidir.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "10 Mayda Bişkekdə toplantı keçirildi və Azərbaycandan Heydər Əliyev ora keçmiş spiker sonra öldürülən Afiyəddin Cəlilovu göndərdi. Afiyəddin baxdı ki, görüşdə iki erməni təmsilçi var. Biri Ermənistanın təmsilçiləri, digəri Qarabağ ermənilərinin təmsilçiləri. Afiyəddin dedi ki, mən bu sənədə imza atmaram və qayıdı gəldi. Sonra Heydər ora Rəsul. Quliyevi göndərdi və o imza atdı sənədə. Bununla da Azərbaycanın beli qırıldı".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Siz hər hansı sənəd tapa bilməzsiniz ki, orada Azərbaycan, Ermənistan və Qarabağ ermənilərinin birgə imzaları var. O vaxt Rusiya çox istəyirdi ki, Qarabağ ermənilərini tərəf kimi göstərsin. Yoxdu belə saziş. Ona görə də, Bişkek razılaşması deyə bir nağıl yaradıblar. Lakin hüquqi baxımdan bir sənədin saziş adlanması üçün orada tərəflərin imzası olmalıdır. Yoxdu belə bir sənəd. Ona görə də biz Qarabağı tərəf kimi tanımadıq və bu əslində Heydər Əliyevin diplomatiyasının uğuru idi".

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov: "Bura sərmayə qoymaq istəyən hər kəs ilk növbədə sabitlik tələb edirdilər. Onlar qoyduqları investisiyanın batmaması üçün həmin dövrdə Əbülfəz Elçibəydən də istədikləri o idi ki, müharibəni dayandırın, sonra müqavilə imzalayaq. Siz gördünüz ki, Heydər Əliyevin dövründə də, Bişkek protokolu imzalandıqdan sonra kontrakt məsələsinə baxıldı".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Azərbaycanın xəzinəsində cəmi 4 milyon dollar pul var idi. İndi siz dövlətin vəziyyətini təsəvvür edin. Və geopolitik vəziyyəti dəyişmək, eləcə də ölkənin iqtisadi bünövrəsini qoymaq üçün bu müqavilələrə ehtiyac var idi. Məhz bundan sonra Azərbaycan neft ixrac etməyə başladı. 2008-ci ildə gündəlik gəlir 70 milyon dollar idi. Ordu da bu pulla qurulurdu. Pulsuz siz heç nə edə bilməzsiniz".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "Qərb şirkətləri, Birləşmiş Ştatlar şirkətləri, xüsusilə də Böyük Britaniyanın enerji nəhəngləri güzəştlər əldə etmək üçün Elçibəy hökuməti ilə də danışıqlar aparırdı. Amako, Chevron və ya BP olsun bunların hər biri Xəzərdəki offşorlarla maraqlanırdılar və tez-tez Bakıya gəlirdilər.

Digərləri ilə Heydər Əliyevin dövrü arasındakı fərq o idi ki, Heydər Əliyev daha çox qərb dövlətlərini ölkəyə cəlb etmək istəyirdi. Bundan əlavə, Heydər Əliyevin vaxtında Azərbaycan həmin şirkətlərlə ayrı-ayrılıqda danışıqlar aparmaq əvəzinə ümumi konsorsium yaratmağa qərar verdi və bu reallaşdı. Hesab edirəm, həmin dövr üçün bu çox müdrik qərar idi, çünki bu konsorsium imkan verdi ki, Azərbaycan qərb şirkətlərinə etdiyi təklifi vahid sistemə sala bilsin və bu, həm də Qərb şirkətlərinə imkan verdi ki, öz aralarında rəqabəti bir kənara qoyub, real işə başlasınlar".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Hətta ən ağıllı, ən müdrik siyasi rəhbərlər də səhvə yol verə bilərlər. Neft diplomatiyası Heydər Əliyevin səhvi idi. Heydər Əliyev düşündü ki, neft diplomatiyası sayəsində əlavə üstünlüklərə nail ola bilər.

Çünki Qərb ölkələri neft kəmərindən faydalanarlar və Qərb gələcəkdə ona əlavə üstünlüklərə nail olmağa imkan verər. Və Lissabon sənədi meydana gəldi. Və bu Lissabon sənədi danışıqlara xitam verdi. Çünki biz daha davam edə bilməzdik. Əliyev düşündü ki, üstünlüyə nail olar, Qərb Ermənistana təzyiq göstərər... Lakin əbəs yerə. Çünki biz onsuz da güzəştli həllə hazır idik".

"Petrosyana başlatdığı işi yekunlaşdırmağa imkan vermədilər"

Azərbaycan tərəfi isə hesab edirdi ki, Qarabağla bağlı sülh danışıqlarına ən böyük təsir xarici faktorlardan qaynaqlanırdı və həm Bakıya, həm də Yerevana təzyiqlər vardı.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Bizim Ermənistanla danışıqlarımız əsas əhəmiyyət kəsb etmirdi, çünki Ermənistan həmişə xaricdən idarə olunurdu. Ona görə mən deməzdim ki, hansısa dövrdə biz sülhə çox yaxın idik. Belə görüntülər olmuşdu, amma prosesin içində olanlar bilirdilər ki, bu, mümkün deyil.

Misal üçün Levon Ter-Petrosyan hansısa kompromis fikirlər səsləndirən kimi, onu Koçaryan əvəz elədi. Koçaryan Qərbə yaxınlaşan addımlar atan kimi parlamentdə ona yaxın olanları güllələdilər. İstisna eləmirəm ki, Azərbaycanda da belə hallar mümkün idi. Parlamentdə güllələnmə mümkün idi.

BBC: Sizcə, Afiyəddin Cəlilovun Bişkek protokolulunu imzalamaqdan imtina etdikdən sonra güllənlənməsi ondan irəli gəlirdimi?

- Bəli, vaxt var idi ki, Azərbaycana təzyiqlər göstərmək üçün terror aktları da baş verirdi.

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "1990-cı illərin sonlarında Azərbaycanda Heydər Əliyev və Ermənistanda Levon Ter-Petrosyan hakimiyyətdə olduğu zaman Qarabağ münaqişəsinin həlli üçün çox münbit şərait var idi. Lakin Petrosyana başlatdığı işi yekunlaşdırmağa imkan vermədilər. Lakin ondan sonra hakimiyyətə gələn Robert Koçaryan bu münaqişənin yeganə qalibi olmaq istəyirdi".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "Prezident Levon Ter-Petrosyanla Heydər Əliyevin çox isti münasibətləri var idi. Bundan əlavə onların müşavirləri olan Vəfa Quluzadə və Jirard Libaridyan arasında da həm rəsmi, həm də qeyri-rəsmi formada səmimi münasibətlər mövcud idi. Hazırki vəziyyətdən fərqli olaraq, o vaxt liderlər arasında olan mehriban münasibətlər həm münaqişəni həll etməyə, həm də xalqları yaxınlaşdırmaq baxımından böyük imkan yaradırdı".

Keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri Jirayr Libaridyan: "Heydər Əliyev və Levon Ter-Petrosyan arasında münasibətlər ehtiram və qarşılıqlı etimada əsaslanırdı. Etimad çox vacib amildir. Xüsusilə belə bir mürəkkəb məsələ ilə bağlı danışıqlarda müsbət irəliləyiş belə minimal etimad əsasında mümkündür.

Və bu, var idi. Və hər ikisi də tam səmimiyyətlə münaqişənin dinc yolla həllinə inanırdı və müxtəlif yollarla buna nail olmağa çalışırdılar. Və biz Heydər Əliyevin zamanında məsələnin həllinə çox yaxınlaşmışdıq. O illər, daha doğrusu, bütün illər ərzində iki dəfə sülhə yaxın olmuşuq... Lakin əldən buraxdıq".

"Heydər Əliyev Azərbaycana sabitliklə yanaşı, avtoritarlığı gətirən "güclü əl" idi.

Heydər Əliyevin ən çox tənqid olunduğu məsələlər isə Azərbaycanda demokratik ənənələri qorumaması və korrupsiyaya göz yumması iddialarıdır.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Er: "1990-cı illərin sonrlarına yaxın Heydər Əliyev vəziyyətini bilirdi, xəstə olduğunu bilirdi və demokratik seçkilərə gedə bilərdi. Amma etmədi. Oğlu İlhamı baş nazirliyə gətirdi və beləliklə də tayfa hakimiyyəti başladı".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlaric: "Onun hakimiyyətinin son illərinə yaxın Azərbaycanda korrupsiya halları da olduqca artdı və Heydər Əliyev bunun qarşısını almağa həvəs göstərmirdi, çünki neft şirkətlərindən gələn gəlirləri hakim təbəqə və nazirlər arasında paylaşdıraraq, onların hakimiyyətə sadiqliyini qarantiya altına almağa çalışırdı".

"Azərbaycan Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov: "Korrupsiya Mütəllibov vaxtında da var idi, Elçibəyin vaxtında da var idi. Sadəcə, Heydər Əliyevin korrupsiyadan istifadə edərək, hakimiyyətini daha da möhkəmlətdi. Çünki korrupsionerlər qorxaq olurlar, gözü qıpıq olurlar və istənilən əmri yerinə yetirməyə məcbur olurlar".

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "Heydər Əliyev Azərbaycana sabitliklə yanaşı, avtoritarlığı gətirən "güclü əl" idi. Jurnalist Arkadiy Vaksberg 1991-ci ildə çap etdirdiyi "Sovet mafiyası" kitabında yazırdı ki, SSRİ-də ən çox korrupsiyaya məruz qalan və mafiyanın olduğu iki ölkə var idi.

Onlardan biri Özbəkistan, digəri isə Azərbaycan idi. Əlbəttə, Azərbaycanda korrupsiya 1970 və 1980-ci illərdə gücləndi və həmin vaxt Heydər Əliyev Sovet sisteminin mərkəzində yer alırdı. Heydər Əliyevin "NKVD" kimi tanınan Daxili İşlər Komissarlığındakı iş təcrübəsini də nəzərə alsaq, onun amansız olduğunu, qəddar olduğunu da bura əlavə edə bilərik. Ona görə də, müstəqil Azərbaycanın Heydər Əliyev erasında hökumətin feodal formada qurulduğunu, monarxın ən yuxarıda, xalqın isə ən aşağıda olduğunu görürük".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "Onun hakimiyyətdən getməsi ilə həm iqtidar daxilində, həm də müxalifət daxilində parçalanma və qarşıdurma olacaqdı. Yəni yenidən 1990-cı illərə qayıdacaqdıq. Bu isə o deməkdir ki, imzalanan müqavilələr, bütün əldə edilən uğurlar və sabitlik puç olacaqdı.

Seçkilər vaxtı biz Böyük Britaniya səfirliyinə çağrıldıq, bir qonaqlıq var idi və seçkiləri müzakirə edəcəkdik. Orada səfir bizə dedi ki, həqiqətən də İlham Əliyev 70 faizdən çox səs toplayıb. Yəni, onun hakimiyyəti legitimdir. Bu baxımdan, varislik həm də ideyaları ötürmək baxımından bir məqsəd idi. Kimsə deyə bilər ki, burada ailə varisliyi var, bu itthamları deyə bilərlər, amma məqsəd baxımından, yəni 90-cı illərdə qoyulan hədəflərə çatmaq üçün bu qoyulub ki, Azərbaycan bunlara nail olsun.

"Aşot Manuçaryanın anasından icazə almışıq"

Heydər Əliyev siyasi fəaliyyətindən əlavə, yüksək natiqlik, ünsiyyət, intellekt və etdiyi zarafatlarla da xatırlanır.

"Qara Bağ" kitabının müəllifi, siyasi tədqiqatçı Thomas De Waal: "Naxçıvan Ali Sovetinin sədri olduğu müddətdə Heydər Əliyevin Ermənistanın o vaxt Təhlükəsizlik Şurasının katibi olan Aşot Manuçaryanla çox yaxşı əlaqələri var idi.

Heydər Əliyev o vaxt Ermənistanın hava ərazisindən keçməklə tez-tez Naxçıvandan Bakıya uçurdu və hər dəfə də təhlükəsizlik baxımından Aşot Manuçaryana uçuşu ilə bağlı məlumat verirdi. Bir dəfə də zəng edəndə Manuçaryanın özü yox, anası götürüb telefonu və Heydər Əliyev özünü təqdim edib Aşotu soruşanda, anası deyib ki, oğlum yoxdu, amma mən icazə verirəm. Erməni tərəfi pilotdan soruşanda ki, kimdən icazə alıbsınız, o da cavab verib ki, Aşot Manuçaryanın anasından. Yəni, Heydər Əliyevin çox yüksək və özünəməxsus ünsiyyət qurma bacarığı var idi".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich: "Əsrin Müqaviləsinin imzalanmasından təxminən bir həftə falan keçmişdi. Heydər Əliyevdən mənə zəng gəldi və dedi ki, səninlə danışmaq istəyirəm, çünki bu müqavilədən sonra İrandan mənə təzyiqlər artıb və onlar konsorsiuma qoşulmaq istəyirlər. Həmin vaxt Heydər Əliyev Socar-ın konsorsiumda olan müəyyən hissəsini Lukoil-a vermişdi, yəni tək Qərb ölkələri yox, Rusiya da konsorsiumda yer aldı. Və Heydər Əliyev mənə dedi ki, İran da eyni payı almaq istəyir.

Mən isə cavabında ona dedim ki, əgər İranı qatsanız, siz konsorsiumda ABŞ-ı itirəcəksiniz. Çünki ABŞ-ın İrana qarşı bugünə kimi qüvvədə olan sanksiyalarına görə, İran şirkətlərinin olduğu müqavilələrdə ABŞ iştirak etmir və İranı da öz müqavilələrinə qatmır. Məndə belə təəssürat oyandı ki, Heydər Əliyev elə bu cavabı məndən istəyirdi.

Çünki o müdrik insan idi və bilirdi ki, İranın təzyiqini yalnız ABŞ-ın müdaxiləsi ilə aradan qaldırmaq mümkündür. O, mənimlə danışıb İran tərəfinə demək istəyirdi ki, baxın ABŞ-ın bununla bağlı kəskin qərarı var, lakin siz alternativ müqavilədə iştirak edə bilərsiniz. Və belə də oldu, sonradan iranlılar ABŞ şirkətlərinin yer almadığı Şah-Dəniz Qaz konsorsiumuna dəvət edildi".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "NATO-nun 50 illiyi idi və Vaşinqtonda tədbir təşkil etmişdilər, Heydər Əliyev də dəvətli idi. Orada dəniz qoşunlarının akademiyasında olmalı, orada çıxış etməli və kursantlarla yemək yeməli idi. Bu akademiya ABŞ-ın ən elitar müəssisəsi hesab edilirdi və onlarda bir adət var idi, hər dəfə sağlıq deyəndə, axırda "beat army" sözünü, yəni "ordunu döy" sözünü deməli idin. İndi bilmirik orada dəniz və quru qoşunları bir araya gələndə dalaşırlar, ya nəsə, belə bir adət var idi.

Heydər Əliyev dedi, bu nədi, mən bunu necə deyim, sabah quru qoşunları ilə görüşsək, orda nə deəyəcəm? Çox tərəddüd var idi, yenidən səfir Hafiz Paşayevlə danışdı. Mən də səbirsizliklə gözləyirəm, görüm, bu tədbirin axırında bu sözü deyəcək, ya yox. Nə isə, bu sağlığın sonunda o sözü dedi və orada olan bütün kursantlar, zabitlər ayağa qalxıb bunu alqışladılar, şüarlar-filan səsləndirdilər. Yəni Heydər Əliyev əfsanəvi şəxsiyyət idi, mən o vaxt gənc idim və mənim üçün çox böyük məktəb oldu, onunla üzbəüz ünsiyyətdə olmaq. Allah rəhmət eləsin".