Pandemiya iki ildən az müddətə “sona çata bilər”

Tedros Adhanom Ghebreyesus (file photo)

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Dr Tedros deyib ki, qloballaşma pandemiyanın daha tez yayılmasına zəmin yaradıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri koronavirus pandemiyasının iki ildən az müddətə sona çatacağına ümid etdiyini söyləyib.

Tedros Adhanom Ghebreyesus bu bəyanatla Cenevrədə keçirilən brifinqdə çıxış edib. O, 1918-ci ildə "İspan qripinin" iki il tüğyan etdiyini qeyd edib.

ÜST nümayəndəsinin sözlərinə əsasən, qloballaşma pandemiyanın daha sürətlə yayılmasına zəmin yaratsa da, hazırkı texnologiyalar virusu "daha qısa müddətdə" dayandırmağa imkan verə bilər.

O, pandemiyanı məğlub etməkdə "milli birlik, qlobal həmrəyliyin" əhəmiyyətini vurğulayıb.

1918-ci ildə yayılan "İspan qripi" ən az 50 milyon insanın ölümünə səbəb oldu.

Koronavirus pandemiyası bu günə qədər dünya boyunca təxminən 800 min insanın həyatına son qoyub, Azərbaycanda ölənlərin sayı 500-ü keçib.