Türkiyə Rusiya jurnalistlərinə viza tətbiq edəcək

Şəklin mənbəyi, AFP
Türkiyə Rusiya jurnalistləri üçün viza rejiminin tətbiq edilməsilə bağlı qərar qəbul edib.
Yeni qaydalar fevralın 15-dən qüvvəyə minəcək, BBC Rus Xidmətinə Türkiyənin Moskvadakı səfirliyindən bildiriblər.
Söhbət jurnalistlərə aid xüsusi vizalardan gedir. Eyni vizalar Rusiyada işləyən türkiyəli junalistlərə verilir, səfirlik nümayəndəsi dəqiqləşdirib.
Viza üçün qısamüddətli (6 aydan az müddətinə) səfərlə Türkiyəyə gedən rusiyalı jurnalistlər də müraciət etməli olacaqlar.
Rusiya yanvarın 1-dən Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib. Bu qərar ötən ilin noyabr ayında Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra qəbul olunub.
Türkiyə Rusiya təyyarəsinin onun hava məkanına daxil olduğunu bildirir. Moskva təyyarənin Suriya üzərində vurulduğunu deyir.
Hadisəyə görə Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar elan edib.
