ABŞ Rusiyaya sanksiyalar siyahısını artırıb

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən Boris Rotenberqin oğlu, Rusiya və Finlandiya vətəndaşı Roman Rotenberqə sanksiya tətbiq ediləcək

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən Boris Rotenberqin oğlu, Rusiya və Finlandiya vətəndaşı Roman Rotenberqə sanksiya tətbiq ediləcək

ABŞ sanksiya tətbiq edilmiş rusiyalı rəsmilər və məmurların sayını artırıb.

Yeni siyahıda sabiq Ukrayna prezidenti Viktor Yanukoviçlə əlaqəli olan, Krım və Rusiyada sənaye və kommersiya fəaliyyəti göstərən şəxslərin adları da var, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən Boris Rotenberqin oğlu, Rusiya və Finlandiya vətəndaşı Roman Rotenberq, "Yanukoviç ailəsinin bankiri" kimi tanınan Sergey Kurçenko, sabiq Ukrayna prezidentinin böyük oğlu Aleksandr Yanukoviç, Ukraynanın sabiq vitse-baş naziri və administrasiya rəhbəri Andrey Klyuev, Kalaşnikov konserninin yüksək vəzifəli rəsmisi Andrey Byulyutinin adları siyahıda yer alıb.

Bundan əlavə, kommersiya və sanaye təşkilatlarından İjevski mexanika zavodu, İjmaş konserni, həmçinin Krımda, Yevpatoriya, Feodosiya, Kerç, Sevastopol və Yaltada yerləşən limanlara sanksiya tətbiq olunub.

Şimali Qafqazın inkişafı Korporasiyası, Uzaq Şərq və Baykal regionunun inkişafı Fondu və bir neçə neft hasilatıyla məşğul olan zavod və banklar da sanksiyalar siyahısındadır. Bunlardan bəziləri, Yuqanskneftqaz və Rosneft və Vneşekonombanka bağlı maliyyə qurumlarıdır.