AİHM "erməni soyqırımını" inkar edən türkün işinə yenidən baxır

Şəklin mənbəyi, AFP
Avropanın əsas məhkəməsi olan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) erməni soyqırımını inkar edən türk siyasətçinin appelyasiyasına baxır.
Türk İşçilər Partiyasının sədri Doğu Perinçek 2005-ci ildə, İsveçrədə, erməni soyqırımını "beynəlxalq yalan" adlandırmışdı.
Türkiyə soyqırımın baş verdiyini və öldürülənlərin sayının 1,5 milyon olduğunu inkar edir, ölümlərin vətəndaş müharibəsi nəticəsində baş verdiyini deyir.
Tanınmış insan haqları müdafiəçisi Amal Clooney məhkəmə prosesində üçüncü tərəf sayılan Ermənistanı təmsil edir.
"Media sirki"
Britaniyanın Telegraph qəzetinin müxbiri Bruno Waterfield məhkəmədə iştirak edib. Məhkəmə zalında çoxsaylı fotoqrafçıların olduğunu şərh edən jurnalist Twitterdə yazıb:
"Söz azadlığı ciddi məsələdir, lakin AİHM media sirki ulduz Amal Clooney üçün buradadır. O, həm də vəkildir".

Şəklin mənbəyi, AFP
Ötən il Hollywood ulduzu George Clooney ilə evlənən Amal Clooney beynəlxalq populyarlıq qazanıb.
Hazırda gedən məhkəmə işi Fransanın Strasbourg şəhərində yerləşən AİHM-də keçirilir.
İrqi diskriminasiya
Doğu Perinçek 2005-ci ildə erməni soyqırımını ictimai şəkildə inkar edəndən sonra "İsveçrə-Ermənistan" assosiasiyası ona qarşı məhkəmə işi qaldırıb. 2007-ci ildə cənab Perinçek irqi diskriminasiyada təqsirli bilib.

Şəklin mənbəyi, AFP
Onun motivləri "irqçi təmayüllü idi və tarixi debata töhvə verməyib", İsveçrə məhkəməsi qərar verib. "Bu məhkəmənin fikrincə, yəhudi soyqırımı kimi, erməni soyqırımı da sübut edilmiş tarixi faktdır".
Cənab Perinçek isə buna cavab olaraq AİHM-ə "ifadə azadlığı" maddəsi ilə şikayət edib və 2013-cü ildə məhkəmədə qalib gəlib.
2014-cü ildə İsveçrə hökuməti məsələni məhkəmənin Böyük Palatasına yönəldib və hazırda bu appelyasiya şikayətinə baxılır.




